“Minsk Qrupundan bundan artıq bir şey gözləməyə dəyməz” - Etibar Məmmədov

29 Sentyabr 2018 12:59 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə dair bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatçılıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir.

Qeyd olunub ki, həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar.

Bəyanatda Qarabağ münaqişəsinin həllini zəruriliyinə toxunan həmsədrlər, bunun üçün “hər iki tərəfin” güzəştlərə hazır olmasının vacib olduğunu qeyd edib.Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Minsk Qrupunun həmsədlərinə kəskin etiraz edib:“Həmsədrlər izahatı tərəflərin hər ikisindən yox, Ermənistandan tələb etməlidirlər. Vəziyyəti gərginləşdirən, hər gün təmas xəttində atəşkəsi pozan Ermənistandır. Həmsədrlər sanki kordurlar bunu görmürlər. Görürlərsə nədən hər şeyi öz adı ilə çağırmırlar. Azərbaycanın izahat verməli hansısa yanlış addımı, hərəkəti yoxdur. İkincisi də artıq ATƏT-in Minsk Qrupu həmsdərləri Azərbaycan cəmiyyətinin etimadını tamamilə itiriblər, onlara heç bir inam qalmayıb.

Ä°lgili resim

Onların heç bir haqqı yoxdur Azərbaycanla Ermənistanı eyni tərəziyə qoyub bizdən izahat tələb etməyə. İkincisi, həmsədrlər bizdən güzəşt gözləməklə də böyük səhvə yol verirlər. Azərbaycanın sülh danışıqlarına razı olması, torpaqlarının azadlığı üçün hələlik hərbi əməliyyatlara başlamaması ən böyük güzəştdir. Torpaqları işğal altında olan ölkədən güzəştə getmək gözləməlidirlər. Həmsədrlər işğalçı tərəfi güzəştə getməyə məcbur etməlidirlər. Ümumiyyətlə, mən hesab edirəm ki, artıq yetər, Azərbaycan Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir”.

Konfliktoloq Əvəz Həsənov ile ilgili görsel sonucu

Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, Ermənistanın baş naziri BMT Baş Assambleyasının iclasında çıxışı zamanı etdiyi bütün hədə-qorxular ilə yanaşı öz çıxışını “hər iki tərəf kompromisə getməklə bu münaqişəni həll etməlidir” fikiri ilə yekunlaşdırdı. Bunun ardınca Minsk qrupu həmsədrləri bəyanat verdi. Bu təsadüfi sayılmamalıdır: “İndiki halda Paşinyandan tələb olunan danışıqlar prosesində iştirakını bərpa etməkdir. O özü qəsdən danışıqlar prosesini pozub ki, heç bir məsuliyyət daşımaqdan yaxa qurtarsın. Ancaq görünür ki, onun bu şıltaqlığı uzun çəkməyəcək. Qərb danışıqlar prosesində fasilə yarandıqca Rusiyanın münaqişə tərəflərinə müdaxiləsinin artacağından ehtiyat edir, ona görə də danışıqların bərpasına çox maraqlıdır. Danışıqlardan qaçmaq anti-qərb siyasət kimi də başa düşülür”.

Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov isə Minsk qrupunda təmsil olunan dövlətlərin belə bir tələblə çıxış etməsindən təəccüblənmədiyini vurğulayıb: “Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, burada təmsil olunan dövlətlər ermənilərin tarixi müttəfiqləridirlər. Rusiya və Fransa vaxtiylə öhdəlik götürüb ki, erməni dövləti yaradıb onu müdafiə edəcəyik. Bu iki dövlət tarixən ermənilərin müttəfiqi olub. Son dövrlər isə erməni lobbisinin təsiri altında Amerika da Ermənistanın müttəfiqi kimi çıxış edir. Ona görə də Minsk qrupundan bundan artıq bir şey gözləməyə dəyməz. Bu, artıq vaxt itkisindən başqa bir şey deyil”. (Musavat.com)