"Bu gün Azərbaycan dünyaya özünün inkişaf modelini təklif edir" - Elmar Məmmədyarov

29 Sentyabr 2018 15:06 (UTC+04:00)

Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının “Birləşmiş Millətlər Təşkilatının bütün insanlara uyğunlaşdırılması: Qlobal liderlik və dinc, ədalətli və dayanıqlı cəmiyyətlər üçün birgə məsuliyyət” mövzusunda ümumi müzakirəsində çıxış edərək deyib.

“Builki ümumi müzakirələrin mövzusu vaxtında və hamımız üçün çox əhəmiyyətli olan məsələləri təcəssüm etdirir. Biz fərqli milli cəmiyyətləri təmsil edən insanlar arasındakı qarşılıqlı əlaqələrin yalnız daha güclü və daha geniş olmasına səbəb olan qloballaşan bir dünyada yaşayırıq.

Azərbaycan Baş katibin müharibələrin qarşısını almaq və sülhün qorunmasına, eləcə də münaqişələrə və böhranlara erkən və səmərəli cavab vermək, üzv dövlətlərə sülhün bərqərar olması, möhkəm və firavan cəmiyyətlərin qurulması işində yardım etməsini və Birləşmiş Millətlər Təşkilatının daha ardıcıl, bütöv, təsirli və səmərəli olmasını təmin etməsi üçün göstərdiyi əzmi tam dəstəkləyir.

Biz 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyini həyata keçirmək yoluna qədəm qoyaraq, öhdəliklərimizi nə dərəcədə yerinə yetirdiyimizi müəyyən etmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən dövlətlər arasında əlaqələndirilmiş səylər və ortaq məsuliyyətlər dayanıqlı gələcəyi və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir”, - deyə Elmar Məmmədyarov əlavə edib.

Nazir bildirib ki, Azərbaycan dövləti vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması yolunda qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün səylərini ardıcıl şəkildə davam etdirir. Ölkədə yoxsulluq səviyyəsi 5,4 faiz, işsizlik səviyyəsi isə 5 faizdir. Davos Dünya İqtisadi Forumu üzrə rəqabət qabiliyyətinə görə Azərbaycan 35-ci yeri tutur. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan inklüziv inkişaf indeksinə görə sayca üçüncü yerdədir.

“Azərbaycan uzlaşmanın təşviqi vasitəsilə regional inkişaf səylərinə öz töhfəsini verir. Bu, qitələri bir araya gətirmək, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platforma yaratmaqda mühüm rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizi 2017-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bu, Asiya-Avropa və əksinə istiqamətdə malların daşınması üçün ən azı iki həftə vaxta qənaət etməyə imkan verən nəqliyyat dəhlizidir. Digər mühüm layihələr bizim səylərimiz nəticəsində qonşu ölkələrlə birgə gerçəkləşən Cənub-Şimal və Cənub-Qərb dəhlizləridir. Azərbaycan əsasən bu dəhlizlərə sərmayə qoyur və hər iki təşəbbüsün fəal iştirakçısıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin tikintisinin birinci mərhələsi 2018-ci ilin may ayında istifadəyə verilib. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona çatacaq və bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb.

Azərbaycan, həmçinin Frankfurt şəhərindən Honq-Konq şəhərinə istiqamətlənən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təşəbbüsünü irəli sürüb. Bu fiber-optik xətt, hər saniyənin vacib olduğu rəqabət dövründə Şərq və Qərbi birləşdirən ən qısa xətt olacaqdır.

Bu gün Azərbaycan dünyaya özünün müstəqil, davamlı və dinamik iqtisadiyyatda birgə yaşayan müxtəlif xalqlar və dinlər arasında sülh və tolerantlıq mühiti, daxili sabitlik, vətəndaş birliyi və cəmiyyətdə həmrəyliyə əsaslanan inkişaf modelini təklif edir”, - deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov bildirib ki, iqtisadi inkişafından, müvəffəqiyyətli sosial siyasətindən, zəngin insan kapitalı və multikulturalizmin ənənəvi dəyərləri ilə əldə olunmuş nailiyyətlərindən ilhamlanaraq Azərbaycan paytaxtı Bakı şəhərində “Ekspo 2025”-in keçirilməsini təklif etmək qərarına gəldi. Bizim mövzumuz – “İnsan kapitalının inkişafı, daha yaxşı bir gələcək qurmaq”dır - bu universal narahatlıq doğuran bir məsələdir və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu, həm də beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinə tam uyğun gəlir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Şərqi Avropa, Qafqaz və Xəzərin bütün regionunun heç vaxt Dünya Ekspo sərgisinə ev sahibliyi etmədiyini bildirərək deyib: “Bu baxımdan, “EXPO 2025 Bakı” öz ənənəvi coğrafiyasını genişləndirmək baxımından həqiqətən universal olacaq və tarix baxımından qısa müddəti əhatə edən 27 illik müstəqilliyi dövründə Azərbaycan kimi ölkələrin Ümumdünya Ekspo kimi böyük tədbirlərə müraciət etməklə əlamətdar nəticə əldə edə bilməsinə canlı nümunə olacaq. Fürsətdən istifadə edərək, bu ilin noyabr ayında Parisdə keçiriləcək seçkilərdə Beynəlxalq Sərgilər Bürosunun üzv dövlətlərinə Bakıya səs vermələrini xahiş edirəm.

Dayanıqlı iqtisadi artım Azərbaycana yalnız milli inkişaf strategiyasına diqqət yetirməyə deyil, həm də beynəlxalq inkişaf səylərini fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişafa yardım göstərib. Xüsusilə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, eləcə də təbii fəlakətdən xilas olanların ehtiyaclarının ödənilməsinə xüsusi diqqət ayrılıb.

Bu il BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 70 illiyini qeyd etməyimiz münasibətilə, Azərbaycan Respublikasının prioritet istiqamətləri kimi demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması ilə bağlı öhdəliyimizi bir daha bəyan edirik. Hökumətimiz bütün Azərbaycan vətəndaşları üçün insan hüquqları və əsas azadlıqlardan tam istifadə etmək üçün lazımı şərait yaratmaq məqsədilə geniş miqyaslı proqramlar həyata keçirir”.

Nazir qeyd edib ki, təhsil Azərbaycanın daxili siyasətinin prioritet istiqamətlərindəndir, çünki yaxşı təhsilli bir cəmiyyət uğurlu və davamlı inkişafın təminatlarından biridir. Ölkədə sağlamlıq hüququ tam təmin edilir. Hər il 5 milyondan çox insanın - ölkə əhalisinin yarısının tibbi müayinələri tamamilə dövlət büdcəsindən maliyyələşdirilir. Azərbaycan müsəlman dünyasında qadınlara 1918-ci ildə səsvermə hüququ verən ilk ölkə olmuşdur. Azərbaycan gender bərabərliyinin təmin edilməsinə və ictimai və sosial həyatda qadınların gücləndirilməsinə çalışır. Rəqəmsal dövrdə yaşadığımız üçün qeyd etmək lazımdır ki, hazırda Azərbaycan əhalisinin təxminən 80 faizi informasiya, media ünsiyyəti və fikir və düşüncələrin azad axını üçün ən əlverişli və praktik vasitə olan internetə maneəsiz giriş imkanı var.

Korrupsiyaya qarşı mübarizə Azərbaycanda Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinin əsasını təşkil edir. Yenilikçi yanaşmaların və texnoloji yeniliklərin tətbiqi Azərbaycana ictimai sektorda korrupsiyanın qarşısını almaq üçün əhəmiyyətli irəliləyişlər əldə etməyə imkan verdi. Bu ilin əvvəlində BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən “ASAN xidmət” konsepsiyasının təşviqini nəzərdə tutan “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və DİM-lərin təşviqi” adlı qətnaməni yekdilliklə qəbul etdi. May ayında Universal Dövri İcmal üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Azərbaycan dövri məruzəsini uğurla təqdim edib. Biz qarşılıqlı hörmət və anlaşma əsasında BMT-nin insan hüquqları mexanizmləri ilə dialoq və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə sadiq qalırıq.

“Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. Biz mədəniyyətlərarası dialoqun möhkəmlənməsi məqsədilə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olaraq Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası və Avropa arasında dialoq, tərəfdaşlıq və əməkdaşlığın möhkəmlənməsi olan “Bakı Prosesi”nin əsasını qoyub.

Azərbaycan rəhbərliyinin himayəsi altında icra olunan Bakı Prosesi dinlərarası və mədəniyyətlərarası dialoq üzrə bilik mübadiləsi üçün geniş miqyaslı platformanı təmin edir. Sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı ən son hesabatında baş katib mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində “Bakı Prosesi”nin vacib rolunu xatırladıb. Bu il “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd olunur və bu münasibətlə 2018-ci il oktyabrın 25-26-da Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum da daxil olmaqla silsilə tədbirlər təşkil olunacaq.

Bu podiumdan məmnunluqla elan edirəm ki, gələn il Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcək. Tarixi boyunca Qoşulmama Hərəkatı Bandunq Prinsiplərinə sadiqliyi təşviq etməklə beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində fundamental rol oynayıb.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi 2020-ci ildə qeyd olunacaq 65-ci ildönümündə Hərəkatın təməl prinsiplərinin təşviqinə təkan verəcək”, - deyə Elmar Məmmədyarov əlavə edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq və regional sülh və təhlükəsizlik üçün hələ də əsas təhdid olaraq qaldığını deyib. Bildirib ki, münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələnib və Azərbaycanda təqribən hər doqquz adamdan birini məcburi köçkün və ya qaçqın edib. Münaqişə ilk günündən bəri mülki insanlara və infrastruktura təsir etməklə ancaq Azərbaycan ərazisində, demək olar ki, ölkənin ortasında aparılıb: “BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı hərbi gücdən istifadə olunması; belə fəaliyyətlərin qeyri-qanuni və BMT Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyətli olduğu; bunun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün aydın pozulmasını təşkil etməsi faktını müəyyən edib. Digər səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər eyni xətti təşkil edir. Lakin ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması da daxil olmaqla, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, Ermənistanın siyasəti və təcrübəsi onun hərbi güc vasitəsilə zəbt etdiyi və geniş miqyasda etnik təmizləmə həyata keçirdiyi Azərbaycan torpaqlarının anneksiyasını təmin etmək niyyətini aydın şəkildə təsdiqləyir”.

Elmar Məmmədyarov deyib ki, Ermənistan davamlı olaraq münaqişənin həlli prosesinə maneə törədir və bununla yanaşı, vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır, yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasının qarşısını alır. Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozaraq Suriyadan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, onların iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlət qurmaqla bağlı erməni xalqına vədi sülh, mehriban qonşuluq münasibətlərinin qurulması, qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil. Ermənistan ərazi iddialarını nə qədər tez bir kənara qoysa və qoşunlarını Azərbaycanın ərazilərindən çıxarsa, regionumuzda sülh bir o qədər tez bərqərar ola bilər və Ermənistanın inkişaf perspektivləri yaranar.

“Azərbaycan səmimi qəlbdən inanır ki, sülhün, sabitliyin və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur, münaqişənin qısa vaxtda siyasi həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa uyğun olmayan münaqişənin həllinə nail olmaq mümkün deyil. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”, - deyə nazir Elmar Məmmədyarov vurğulayıb. (AZƏRTAC)

AzNews.az