Paşinyanın əvvəlki yanaşması heç bir yerdə qəbul edilmir - Elman Nəsirov

29 Sentyabr 2018 16:44 (UTC+04:00)

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

Elman Nəsirov deyib: “Dövlətimizin başçısı bildirib ki, münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir, heç bir halda qondarma rejim danışıqlar prosesinə qoşula bilməz. Paşinyan isə bu günlərdə BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı qeyd etmişdi ki, guya Azərbaycanın Dağlıq Qarabağa iddiası var, belə olan halda Azərbaycan tərəfi danışıqları ərazisini iddia etdiyi tərəflə, yəni qondarma rejimlə aparmalıdır. O, eyni zamanda, Dağlıq Qarabağın heç bir halda Azərbaycana verilməyəcəyi ilə bağlı fikirlər də səsləndirmişdi. Düşənbə söhbətindən sonra isə Paşinyanın mövqeyində kifayət qədər ciddi və müsbət dəyişikliyin olduğu diqqəti cəlb edir. Yəqin, bu, onunla bağlıdır ki, Paşinyanın münaqişənin tənzimlənməsi ilə bağlı əvvəlki mövqeyi, ilk növbədə, daxili auditoriyaya ünvanlanmışdı. Yəni, bununla da Paşinyan özünün münaqişənin tənzimlənməsi prosesində tam təhlükəsiz, güzəştsiz, qətiyyətli siyasətçi obrazını yaratmaq istəyirdi və bu, onun üçün, ilk növbədə, keçirməyə çalışdığı parlament seçkilərində qalib gəlməsi üçün lazım idi. Görünür, Paşinyan getdikcə hakimiyyətin o ağır yükünü çiyinlərində daha yaxşı çəkməyə başladı. Onun bu qeyri-konstruktiv mövqeyi münaqişənin tənzimlənməsi ilə bağlı heç bir beynəlxalq dəstək qazana bilmədi. Nə ATƏT-in çərçivəsində, nə digər beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, ilk dəfə çıxış etdiyi BMT çərçivəsində də heç bir dəstək almadı. İstisna deyil ki, onun ilk dəfə iştirak etdiyi MDB Dövlət Başçılarının Sammitində də keçirdiyi görüşlər zamanı belə bir dəstək almayıb. Yəqin, Düşənbədə dövlət başçıları ilə apardığı danışıqların gedişində də dərk edib ki, MDB dövləti olaraq Ermənistanın digər MDB dövlətinin ərazisinə iddialı olması, həmçinin münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyi qəbuledilməzdir. Paşinyan onu da anlayıb ki, əgər öz mövqeyində dəyişiklik etməsə, belə olan vəziyyətdə danışıqlar baş tutmayacaq. Danışıqlar baş tutmayacağı təqdirdə isə hadisələrin artıq müəyyən istiqamətdə inkişafı labüdləşir. Bir az da açıq desək, danışıqlar olmayacağı təqdirdə artıq müharibə olur. Təbii ki, müharibəni ATƏT-in həmsədr dövlətləri istəmir, ümumiyyətlə, müharibənin alovlanması regional təhlükəsizlik üçün çox ciddi bir təhlükə olacaq. Eyni zamanda, həmin müharibənin məğlubiyyəti məsələləri labüd olur. Bütün bunları təhlil etdikdən və Azərbaycan Prezidenti ilə söhbətdən sonra o, başa düşüb ki, beynəlxalq aləmdə heç bir dəstək qazanmayan iddiasından imtina etməyin vaxtı gəlib çatıb. Söhbət zamanı tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması ilə bağlı razılaşma əldə olunub. Ermənistanın baş naziri bununla bağlı hətta ölkəsinin müdafiə nazirinə, həm də qondarma rejimin “rəhbəri”nə müəyyən göstərişlər də verdiyini bildirib. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, artıq Paşinyan beynəlxalq proseslərə qatıldıqca, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdikcə, bir daha əmin olub ki, onun əvvəlki yanaşması heç bir yerdə qəbul edilmir. Belə olan vəziyyətdə yeganə çıxış yolu odur ki, konstruktiv sülh danışıqlarına getmək lazımdır. Hesab edirəm ki, oktyabr ayında həmsədrlərin regiona səfəri zamanı müzakirə olunacaq əsas məsələ, ilk növbədə, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların təşkili ola bilər”. (AZƏRTAC)

AzNews.az