"Azərbaycan pivə sənayesi də bizim üçün xeyli maraq kəsb edir" - Danimarka səfiri

1 Oktyabr 2018 10:19 (UTC+04:00)

- Danimarka ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Bu əməkdaşlığın əsas istiqamətləri sahələri hansılardır?

- Azərbaycanla Danimarka bir sıra sahələrdə əməkdaşlıq edir, ölkələrimiz arasında yaxşı münasibətlər bərqərar olub. İqtisadi sahədə müəyyən irəliləyiş nəzərə çarpsa da, ticarət və investisiyaların genişlənməsi üçün hələ potensial qalır. Avropa İttifaqının üzvü olan Danimarka üçün Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyətinə dair dialoq da öncül məsələlərdən biridir. Hesab edirəm ki, dialoq bir neçə səviyyədə aparılmalıdır. Məsələn, vətəndaş cəmiyyətində mədəniyyət mübadiləsi olmalıdır. Danimarkalılarla azərbaycanlıların turist, tələbə, yaxud həmkar qismində bir-birinin ölkələrinə gedib-gəlməsi, görüşmələri müsbət haldır. Ölkələmiz arasında turizm əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvaram. Həm də getdikcə daha çox danimarkalı Azərbaycan mədəniyyətinə, bu ölkənin qonaqlara yarada biləcəyi gözəl imkanlara maraq göstərir.

- Əməkdaşlığın hansı sahələri daha çox maraq kəsb edir?

- Ticarət və investisiyanın daha da inkişaf etdirmək imkanının olmasını vurğulamaq istərdim. Azərbaycanda investisiya imkanları Danimarka şirkətlərinin böyük marağına səbəb olur. Buna gözəl misal kimi, pivə istehsalını deyə bilərəm. "Carlsberg" şirkəti xeyli müddətdir Azərbaycanda çalışır. Hər iki ölkənin ATƏT və Avropa Şurasının üzvü olması da əməkdaşlıq üçün geniş imkanlar açır.

- Hazırda iki ölkə arasında ticarət dövriyyəsi nə qədərdir? Danimarkadan Azərbaycana ixracat və idxalat daha çox hansı mallardan ibarətdir?

- 2017-ci ildə ticarət dövriyyəmiz 115 milyon Danimarka kronu təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 40 faiz azdır. Sözsüz ki, bu rəqəblərin başqa cür olmasını istərdim, çünki ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün hər cür imkanın olduğu qənaətindəyəm. Danimarkadan Azərbaycana daha çox əczaçılıq məhsulları ixrac olunur. Həmçinin Azərbaycan pivə sənayesi də bizim üçün xeyli maraq kəsb edir. 2008-cü ildə Danimarkanın "Carlsberg" şirkəti Azərbaycanda ən böyük olan Xırdalandakı pivə müəssisəsini satın almışdı, bu gün isə "Carsberg Azerbaijan" müəssisəsi Azərbaycan bazarının 60 faizinə nəzarət edir. Müəssisədə 250-ə yaxın əməkdaş var, daha 400 nəfər də distribütor, agent, iş icraçısı vs. qismində əməkdaşlıq edir. Digər tərəfdən, Azərbaycandan Danimarkaya ixracat çox cüzidir. Bunun yaxın ilərdə artacağına ümid edirik.

- Bəs, Azərbaycanla enerji sahəsində əməkdaşlığın gələcəyinə necə baxırsınız?

- Enerji sahəsində hər iki ölkə qabaqcıl mövqedədir, odur ki, belə əməkdaşlıq böyük əhəmiyyət kəsb edər. Bizim "Maersk Driling" şirkətimiz Azrbaycanda xeyli iş təcrübəsinə malikdir. Daha kiçik şirkətlərimiz də Azərbaycanın enerji sektorunda müxtəlif layihələr həyata keçirir. Bununla yanaşı, “yaşıl enerji”, bərpa olunan enerji mənbələrini gələcək əməkdaşlığımızın çox mühüm sahəsi hesab edirəm. Bu sahələrdə dünya lideri olan Danimarka ən dayanıqlı enerji sistemlərinin birinə malikdir. Əlbəttə, bu məsələdə təcrübəmizi başqa ölkələrdə, o cümlədən Azərbaycanda yaymaq arzusundayıq.

AzNews.az