Paşinyanın konstruktivlik resursları

2 Oktyabr 2018 09:59 (UTC+04:00)

Əslində bu söhbətdən yalnız hər iki ölkə liderlərinin danışıqlara hazır olması haqqında qənaət əldə etmək olardı, amma istər Ermənistan, istərsə də Azərbaycan tərəfi bu çərçivədən daha geniş yozuma iddialıdır –erməni baş naziri azərbaycanlı həmkarı ilə çox mühüm razılıq əldə etdiyini iddia edir və nə qədər qəribə olsa da, Azərbaycan tərəfi də bunu inkar etmir.

Bizim də Azərbaycan-Ermənistan müstəvisində yenidən yaranmış optimist notları təkzib etmək üçün hər hansı dəlillərimiz, xüsusən də istəyimiz yoxdur – kim istəməz ki, iki ölkə arasında ümidverici danışıqlar üçün yeni bir zəmin yaransın və bu, üçüncü onilliyə adlayan münaqişəyə bir son verilsin?..

Əlbəttə ki, hamımız bunu istəyirik. Elə azərbaycanlı diplomatlar da şərhlərində bu detala diqqət çəkirlər: deyəsən, Paşinyan bir xeyli “dağdan – dərədən” danışandan sonra axırda razılaşdı ki, məsələ yalnız Bakı və İrəvan arasında, özü də hərb- müharibə yolu ilə yox, danışıqlarla həll olunmalıdır.

İndi günün sualı bir başqadır: bəs görən, Paşinyanın konstruktivlik resursları nə qədərdir? Azərbaycanla Ermənistan arasında həqiqətən də ciddi və səmərəli prosesin başlanacağına ümid etmək olarmı?

Bu konteksdə Azərbaycanla bağlı problem yoxdur - Bakı konstruktiv danışıqlar üçün həmişə hazırdır. O ki qaldı Ermənistana, bunun da açarı bu ölkənin siyasət adamlarının, ilk növbədə də Paşinyanın əlindədir. Son seçkiləri – İrəvanda mer seçkilərini Ayk Marutyan, yəni Nikol müəllimin tərəfdaşı uddu, bu isə o deməkdir ki, inqilabi hökumət bir az da güclənə bildi.

Əslində, mer seçkiləri bir siyasi test idi, baxmayaraq, əski hakimiyyət partiyası əvvəldən bu seçkilərə qatılmamışdı, amma başqa iddiaçılar vardı. İndi bu mərhələ artıq arxadadır. Əvvəldən yazmışdıq ki, növbəti seçki – parlament seçkiləri haqqında qərar İrəvandakı mer seçkilərinin nəticəsindən asılı olacaq.

Təsadüfi deyildir ki, seçkilərin nəticəsi bəlli olan kimi Paşinyan parlament seçkilərinin də artıq bu ilin payızında olacağı ilə bağlı bəyanatlar verməyə başladı. Hazırda siyasi müşahidəçilərin gözlənti və gümanları bununla bağlıdır – Paşinyan hakimiyyətdə möhkəmlənməyənə, legitim baş nazir olmayanadək kiminlə və ya hansı mövzuda danışması məlum olmayacaq.

Bu, Azərbaycandakı gözləntilərlə də bağlıldır. Biz də Ermənistandakı seçkiləri və onların nəticələrini gözləməyə məcburuq, - əlbəttə ki, məsələni danışıqlar, sülh yolu ilə həll etməyi düşünürüksə. Hazırda iddia olunur ki, Düşənbədə iki ölkə lideri arasında əldə olunmuş razılığın bir detalı da onlar arasında işgüzar rabitənin qurulmasıdır. Əlbəttə ki, bu, çox yaxşı olardı – bütün hallarda, danışıqlar prosesi ərəfəsində tərəflərin biri-birnə etimadını artırardı.

O ki qaldı digər detallara, əvvəllər də yazmışıq ki, Paşinyan bir neçə səbəbdən bizim üçün daha sərfəli fiqurdur. Birincisi, o, Koçaryandan və Sarqsyandan fərqli olaraq Kremlin adamı deyil və yalnız onların direktiv və göstərişlərilə oturub-durmayacaq. İkincisi, Paşinyan cinayətkar hərbi klanın üzvü deyil və onun bioqrafiyasında müharibə epizodları yoxdur. Üçüncüsü, o, necə deyərlər, “müharibə köpəyi” deyildir, mülki adamdır və çox böyük ehtimalla ölkənin də demilitarizasiya olunması, normal mülki həyata qayıtması üçün nəsə etməyə çalışacaqdır. Dördüncüsü, Paşinyan bir ara L.Ter-Petrosyanla soyuq münasibətlərə start versə də, onların bu gün də müəyyən münasibətləri var, çünki Paşinyanı anlayacaq bir neçə siyasi vektordan biri də heç şübhəsiz ki, L.Ter-Petrosyandır. Onlar artıq bir dəfə məsləhətləşmə aparıblar, istisana deyil ki, bu dialoq davamlı və məzmunlu olacaq, hərçənd, bir daha deyirik ki, bir vaxt Paşinyan onu da Qarabağ məsələsində S.Sarqsyan və R.Koçaryanla iş birliyinə getməkdə suçlayaraq başqa siyasi iqstiqamət götürmüşdü...

Bütün hallarda, əsas bilirsinizmi nədir? Bəziləri deyir ki, ermənilər bir cəmiyyət olaraq həmişə kollektiv patologiyalar yaşayıb, digərləri iddia edir ki, yox, məsələ heç də belə deyil, erməniləri bu hala gətirən onların başabəla liderləridir. İndi bizim məsələnin nə yerdə olduğunu bilmək və həqiqətən də erməni cəmiyyətinin sözü ilə oturub-duracaq bir adamla da danışmaq və nəsə həll etmək şansımız yaranıbdır. Ona görə də bir baxaq, görək, bu ssenaridən nə alınır...

Hüseynbala SƏLİMOV
AzNews.az