Minaya düşən həmyerlimizin sağ qalma ehtimalı azdır

2 Aprel 2013 15:21 (UTC+04:00)


Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna Kirəc-Muğanlı kənd sakini, Qaçağan kənd icra nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov verib.

Onun sözlərinə görə, mina hadisəsi martın 31-də axşam saat 18.00 radələrində baş verib: "Sərxan Musayev dostunun mal-qarasını Azərbaycan sərhəd xəttinə yaxın olan Kirəc-Muğanlı kəndinin kənarından qaytararkən partlayış baş verib. Partlayan köhnədən qalma minadır. Sərxan Musayev Qaçağan kəndindəndir, 25 yaşı var, evli deyil. Bədənində sağ yeri qalmayıb, deşik-deşikdir. Güclü partlayış bədəninin yarısını parça-parça edib. Hazırda Rustavidəki xəstəxananın reanimasiya şöbəsində saxlanır. Həkimlərin səyinə baxmayaraq, o, hələ də ayılmayıb. Sağalmağına ümid yoxdur".

Arif Məmmədov minaya düşmüş şəxsin kasıb ailədən olduğunu deyib: "Sərxan Musayev Sınıq Körpü sərhəd məntəqəsində sərhədi keçənlərin yükünü daşımaqla məşğul olur, gündəlik çörək pulu qazanırdı".

Məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az