Hadi Rəcəblidən “facebook“ məsləhəti

2 Aprel 2013 15:25 (UTC+04:00)
"Bəzən Facebook-a elə eybəcər, əcaib-qəraib məsələlər yerləşdirilir ki, saf, təmiz gənclərimiz, uşaqlarımız özləri də bilmədən onların həqiqiliyinə inanırlar. Bunun müqabilində də ölkədə görülən ölçüyəgəlməz gözəl işlər, xalqın birbaşa rifahına təsir göstərən qanunlar kölgədə qalır".

Bunu aprelin 2-də parlamentin Sosial siyasət komitəsinin növbəti iclasında çıxışı zamanı adıçəkilən komitənin sədri Hadi Rəcəbli deyib. Komitə sədrinin sözlərinə görə, əslində Facebook-da və digər sosial şəbəkələrdə xalqın, dövlətin, insanların maraqlarına müsbət təsir göstərən məqamlar, qanunlar daxil edilməli, paylaşılmalıdır:

"Bu gün biz, məsələn, valideynlərini itirmiş uşaqların sosial müdafiəsi ilə bağlı qanunvericiliyə növbəti dəyişiklikləri müzakirə və onları parlamentin plenar iclasına tövsiyə etdik. Burada dövlətimiz, dövlət başçımız tərəfindən növbəti dəfə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı, diqqət imtiyazları nəzərdə tutulur. Onların özəl, ali və orta ixtisas müəssisələrində pulsuz oxuması qanuniləşdirilir. Yaxşı olardı ki, Facebook və digər sosial şəbəkələrdə bu kimi məsələlərdən söhbət açılsın.
İnsanlara qanunlarımızın əsl mahiyyəti açılsın. Yoxsa, eybəcər şeylər yerləşdirməklə insanları, xüsusilə, uşaqları düz yoldan yayındırmaq heç bir halda düzgün və məqsədəuyğun deyil".

AzNews.az