Mədət Quliyev kadr islahatına başladı

2 Aprel 2013 16:28 (UTC+04:00)


Son vaxtlar haqqında cürbəcür ittihamlar səslənən Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, nazirliyin Penitensiar Xidmətinin rəisi, polis general-mayoru Mədət Quliyev yeni sərəncam imzalayıb.

AzNews.az-a daxil olan məlumata görə, Xidmətin rəisi bu sərəncamla özünə yeni müavin təyin edib. Bu posta isə olduqca maraqlı bir şəxs layiq bilinib. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində rəis müavini vəzifəsində çalışan polis polkovniki Bəylər Abbasov bundan sonra fəaliyyətini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində davam etdirəcək.

O, rəis müavini olmaqla yanaşı, həm də əməliyyat şöbəsinin rəisi vəzifəsini icra edəcək.
Məlumat üçün bildirək ki, Bəylər Abbasov DİN Baş İctimai Təhlükəsizlik İdarəsindəki vəzifəsinə 2012-ci ilə təyin olunmuşdu. Bundan öncə isə o Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Qusar və Qax rayonlarında polis rəisi vəzifəsində işləyib.

Onu da bildirək ki, B. Abbasov daxili işlər orqanlarında bacarıqlı əməliyyatçılardan biri hesab olunur.


Azər
AzNews.az