Gömrük şöbəsinin rəisi qaçaqmalçılığa görə saxlanıldı

3 Aprel 2013 07:30 (UTC+04:00)
Ermənistanın İstintaq Xidməti aprelin 2-də Yerevanın "Zvartnots" aeroportunun sərnişinlərin gömrük nəzarəti şöbəsinin rəisi Arsen Papazyanı böyük həcmdə brilyant qaçaqmalçılığına görə saxlayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Papazyanla birlikdə cinayətdə şübhəli bilinən Yerevan sakini Aşot Qasparyan da saxlanılıb.

"İlkin araşdırmalara görə, Birləşmiş Ərəb Əmirliklərində əldə olunmuş 2702,58 karat həcmində brilyantlar (0,5 kiloqramdan çox) martın 1-də Papazyanla qabaqcadan bağlanmış sövdələşməyə görə qaçaqmalçılıq yolu ilə Ermənistana gətirilib", deyə Ermənistanın İstintaq Xidmətinin mətbuat katibliyinin məlumatında deyilir.

Fakt üzrə Ermənistanın İstintaq Xidmətində istintaq davam edir.

Təxmini hesablamalara görə, müsadirə edilmiş brilyantların dəyəri 10 milyon dollardan çox təşkil edir.

AzNews.az