Şəhid ailələrinə 750-1800 dollar təqaüd verilir

3 Aprel 2013 07:46 (UTC+04:00)
Türkiyədə hər bir şəhid ailəsinə 1350-3200 türk lirəsi, yəni 650-1500 manat təqaüd verilir. Müavinətin həcmi şəhidin evli və ya subay olmasından, onun övladlarının sayından və digər amillərdən asılıdır.

Qanunvericilikdə şəhidin valideynlərinə, həyat yoldaşına və övladlarına təqaüdün hansı hissəsinin verilməli olduğu dəqiq göstərilir. Eyni zamanda, şəhid ailələrinə Dövlət bayrağı, şəhidlik statusu fəxri medalı verilir. Bundan əlavə, onun yaxın qohumlarından bir neçəsi mütləq qaydada dövlət qulluqçusu statusu verən işlə təmin olunur.

Şəhidin bir qardaşı əsgəri xidmətdən azad oluna və ya öz istəyi ilə yaşadığı şəhərdə xidmət edə bilər. Türkiyədə qanunvericiliyə əsasən şəhid ailəsinin bütün üzvləri xəstəxanalardan və apteklərdən pulsuz istifadə edə bilər. Bundan əlavə, şəhidin yaxın qohumları dəmiryol, dəniz və ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququna malikdir. Şəhidin bütün övladlarına məktəb və universitetlərdə pulsuz təhsil hüququ verilir.

Qeyd edək ki, Türkiyədə şəhidlər barədə məlumatlar dövlətin yaratdığı xüsusi saytda verilir. Statistikaya görə, Türkiyə 1984-cü ildən bu günə qədər 6934 şəhid verib. (anspress)

AzNews.az