AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Londonda keçirilən Stosbi hərracında baş verib.
1 milyon 250 min dollara satılan “Şar tutan qız” hərracdan bir neçə dəqiqə sonra çərçivəyə gizlicə yerləşdirilmiş kağızdoğrayan cihaz (şreder) vasitəsilə doğranmağa başlayıb.
Banksi “Şar tutan qız” əsərinin doğranması səhnəsini İnstagramda paylaşaraq belə yazıb: “Gedir, gedir, getdi.”
Rəssam daha sonra şrederin çərçivəyə yerləşdirilməsi anını əks etdirən video paylaşaraq yazıb: “Hərraca çıxarılacağı təqdirdə doğransın deyə mən bir neçə il qabaq gizlicə çərçivəyə şreder yerləşdirmişdim.”
Banksi videonun altında bu qeydləri də əlavə edib: “Dağıdıcılığa can atmaq da yaradıcı meyldir.” O, bu sitatın ispan rəssamı Pablo Pikassoya məxsus olduğunu bildirsə də əslində, məşhur rus anarxist Mixail Bakuninindir.
Stosbi hərrac evinin müasir incəsənət üzrə Avropa bölməsinin rəhbəri Aleks Branjik mətbuat konfransında bildirib ki, kolleqaları heç vaxt belə bir halla qarşılaşmayıblar: “Banksi çox güman ki, Britaniyanın dahi küçə rəssamıdır və bu gün axşam biz onun dühasının kiçik bir parçasını gördük.”
Hərrac nümayəndəsinin sözlərinə görə onlar bu hadisədən sonra alıcı ilə telefon əlaqəsi yaradaraq olanlar barədə məlumat veriblər. Qaydalara əsasən alıcı əsəri geri qaytarmaq hüququna malikdir.
Lakin mütəxəssislər əsərin yeni vəziyyətinin bu qədər diqqət çəkməsini əsas gətirərək bununla qiymətinin qalxacağını söyləyirlər.
Hazırda əsər yarısı çərçivədən bayırda sallanmış şəkildə sərgilənir.
Doğranmış əsərin “Şar tutan qız”ın orijinalı olmadığı da deyilir.
Qeyd edək ki, həqiqi kimliyini gizli saxlayan rəssam Banksi müxtəlif ölkələrdə divarlara çəkdiyi müharibə eleyhinə, ətraf mühiti və heyvan haqlarını müdafiə edən, istehlakçı ifratlçılığını tənqid edən qraffitiləri ilə məşhudur.
Banksi əsərlərinin satılmasına qarşıdır. O hesab edir ki, onun yaratdığı küçə rəssamlığı hamıya əlçatan olmalıdır. O, həmçinin əsərlər üçün keçirilən sərgiləri qəbul eləmir.
Mirmehdi
AzNews.az