Peykimizdən xəbər var

3 Aprel 2013 10:19 (UTC+04:00)



Azərbaycanın ilk peyki, "Azerspace-1" telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən 2 aprel 2013-ci il tarixindən etibarən tamamilə "Azərkosmos" ASC-yə təhvil verilib.

"Azərikosmos" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli Modern.az-a açıqlamasında bildirib ki, "Azerspace-1" peykinin idarəetməsinin "Azərkosmos" ASC mütəxəssislərinə təhvil verilməsinə dair əməliyyatlar mart ayının 15-dən başlayıb, 2 aprel tarixində isə tam başa çatıb. Peyk artıq kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdədir. "Hazırda "Azərkosmos" ASC-nin mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peykin idarəetməsi ilə məşğuldurlar və aidiyyəti əməliyyatları aparmaqdadırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir".

N. Mədətli bildirib ki, orbitdə istismar müddəti ən az 16 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.

"Azerspace-1" peykinin təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edəcək, coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda, Qafqaz ölkələri, Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionunda mühüm iqtisadi rol oynayacaq".

Qeyd edək ki, 8 fevral 2013-cü il tarixində orbitə buraxılan "Azerspace-1" peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi 15 fevral tarixində açılıb, 19 fevral tarixində isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb.

AzNews.az