Azərbaycan Memarlıq və İnşaat Universitetində qanunsuzluq

3 Aprel 2013 10:55 (UTC+04:00)
Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasının auditini aparıb.

Modern.az saytının məlumatına görə, yoxlamanının nəticələri Hesablama Palatasının bu günlərdə Milli Məclisə təqdim etdiyi 2012-ci ilə dair hesabatında əks olunub.

Audit tədbiri zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin fəaliyyətində bəzi nöqsanlara yol verildiyi müəyyən edilib.

"Belə ki, auditlə əhatə olunan illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilməmiş, təsdiq olunmuş ilkin xərc smetalarında çoxsaylı, bəzi hallarda isə zərurət olmadığı halda dürüstləşmələr aparılmışdır"-deyə Hesablama Palatası bildirib.

Bundan əlavə, 2008/2009-cu tədris ilində Universitet II kateqoriyalı ali təhsil müəssisəsi olduğu halda, işçilərin əmək haqları I kateqoriyalı ali təhsil müəssisələrinə aid edilərək ödənilib, elmi dərəcələrə və elmi adlara, iş stajına görə əmək haqqına əlavələrin düzgün hesablanmaması nəticəsində bəzi işçilərə artıq, bəzi işçilərə isə az əmək haqqı hesablanıb, Universitetin nəzdində olan qazanxanalar mövsümi işlədiyi halda qazanxana işçilərinə daimi əmək haqqı ödənilib, avtonəqliyyat vasitələrinin sürücüləri məzuniyyətdə olduqları dövrdə onların adına yanacaq silinib, təyinatdan kənar vəsaitlər xərc olunub, Universitetin yubileyinə həsr olunmuş tədbirlə əlaqədar xərclənmiş vəsaitlərə təsdiqedici sənədlər tərtib edilməyib, öhdəlik altında olmayan kreditor borc ödənilib, əvəzsiz qaydada verilmiş əsas vəsait və inventarlar uçota alınmayıb, təhvil verilməyən inventar və avadanlıqlar aşkar olunub.

Həmçinin, Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin pedaqoji işçilərinin əmək haqlarının düzgün hesablanmaması, normativdən artıq ştatların və kafedraların saxlanılması nəticəsində əmək haqqı ödənilib.

Hesablama Palatasının hesabatında daha sonra bildirilib:

"Bəzi hallarda malların (işlərin və xidmətlərin) satın alınması zamanı iddiaçı kimi iştirak etmiş malgöndərənlərin ixtisas göstəriciləri, maliyyə vəziyyətləri, vergi borcları və digər icbari ödənişlərə dair öhdəliklərinin olub-olmaması barədə məlumatların alınması təmin edilməmiş, ehtimal olunan qiymət düzgün müəyyənləşdirilməmiş, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduğu halda satınalmalar açıq tender üsulu ilə aparılmamış, büdcə ili ərzində bir xərc paraqrafı üzrə nəzərdə tutulmuş vəsait hesabına malların satınalınması ayrı-ayrı müqavilələrə bölünərək hər bir müqavilə üzrə müxtəlif satınalma metodundan istifadə olunmuş, tenderdə iştirak haqqından toplanmış vəsaitlər büdcədənkənar hesaba mədaxil edilərək sair xərclərə yönəldilmiş, tender və kotirovkada nəzərdə tutulmayan mallar alınmış, malların müqavilə qiymətindən baha alınması nəticəsində artıq büdcə vəsaiti ödənilmiş, satınalma proseduru olmadan büdcə vəsaiti xərc edilmişdir.

Universitetin müvafiq satınalmalar prosesində iştirak edən bəzi təşkilatlar ƏDV ödəyicisi olduğu halda qeydiyyata düşməmiş və ƏDV-nin depozit hesabına köçürülməsi təmin edilməmiş, banka mədaxil edilmədən kassadan birbaşa ezamiyyə xərclərinin ödənilməsinə vəsait yönəldilmiş, müxtəlif səbəblərdən Universitetdən xaric edilmiş tələbələrin təhsil haqqı üzrə borcu düzgün olmayaraq uçotdan silinmiş, müqavilə şərtlərinə əməl edilməyərək əcnəbi tələbələrə təhsil haqqı geri qaytarılmış, Universitetin nəzdində fəaliyyət göstərən "Fizika-riyaziyyat təmayüllü" ümumtəhsil liseyi üzrə şagirdlərdən yığılan təhsil haqları vaxtında büdcədənkənar hesaba mədaxil edilməmişdir.

Əsaslı təmir işləri üzrə bağlanılmış müqavilənin xüsusi şərtlərinə əməl edilməyərək müqavilədə nəzərdə tutulduğundan artıq avans ödənilmiş, müvəkkil bank tərəfindən avans ödənişinin təminatı tam verilməmiş, kreditor borc mühasibat sənədlərində az göstərilmiş, dövlət əsaslı vəsait qoyuluşundan Universitetin yeni tədris korpusunun tikintisi üzrə təsdiq olunmuş işlərin qəbulu haqqında akt (forma 2) ilə faktiki görülmüş işlər arasında fərq müəyyən olunmuşdur".

Auditin nəticələri Hesablama Palatasının kollegiyasında müzakirə edilib və müvafiq qərar qəbul olunub. Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması hallarının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Təhsil Nazirliyinə və Azərbaycan Memarlıq və İnşaat Universitetinə Hesablama Palatasının Kollegiya Qərarı, Vergilər Nazirliyinə isə məktub göndərilib, Milli Məclisə məlumat verilib.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində dövlət büdcəsinə nağd şəkildə 20963,0 manat, köçürmə yolu ilə 1592,0 manat vəsait bərpa olunub, 12307,0 manat dəyərində əlavə iş və xidmətlər görülüb, 57702,0 manat dəyərində inventar və avadanlıqlar təhvil verilib, 1893246,3 manat dəyərində mal və materiallar uçota götürülüb, normadan artıq saxlanılan 147,0 ştat vahidi ixtisar edilib, vergi orqanları tərəfindən 31306,1 manat əlavə dəyər vergisi hesablanıb, habelə nöqsanlara yol vermiş 7 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən İnşaat Kollecinin direktoru və baş mühasibinə xəbərdarlıq edilib, universitetin baş mühasibi tutduğu vəzifədən azad edilib, Təchizat şöbəsinin müdirinə və 2 mühasibə töhmət, fakültə dekanına xəbərdarlıq edilib.
Universitetin məlumatına əsasən nöqsanların tam aradan qaldırılması üçün müvafiq işlər davam etdirilməkdədir.

AzNews.az