Təbiətşünaslıq tarixi ilə bağlı ilk - Fotolar

9 Oktyabr 2018 16:21 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanasında Elm Tarixi İnstitutu tərəfindən hazırlanan təbiətşünaslığın tarixinə dair oçerklərin təqdimat mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə AMEA Elm Tarixi İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Elm Tarixi İnstitutunun fəaliyyətə başladığı qısa dövr ərzində ərsəyə gətirdiyi oçerklərin Azərbaycanda elm tarixi sahəsinin inkişafı üçün böyük töfhə verdiyini qeyd etdi. Alim təqdim olunan oçerklərin Azərbaycanda təbiətşünaslığın tarixinə dair ilk mühüm tədqiqatlar olduğunu vurğuladı.

Daha sonra çıxış edən Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli oçerklərin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Təbiətşünaslığın tarixinə dair oçerklərin hazırlanması” haqqında 2016-cı il 30 dekabr tarixli sərəncamına əsasən hazırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Məryəm Seyidbəyli oçerklərin hər birinin dörd fəsildən ibarət olduğunu, arxiv materialları və müvafiq institutların alimlərinin təklif və rəyləri əsasında ərsəyə gəldiyini qeyd etdi.

Tədbirdə çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov oçerklərin istər elmin inkişafında, istərsə də elmin populyarlaşdırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd etdilər.

Nəşrlərin elmi rəhbəri akademik Akif Əlizadə, “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli, rəyçiləri Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.

Oçerklərdə təbiətşünaslıq elmlərinin təşəkkülünün tarixi mərhələləri, Azərbaycanda bu sahənin müstəqil elm sahəsi kimi formalaşması tarixi, Azərbaycan SSR-də təbiət elmlərinin inkişaf istiqamətləri, eyni zamanda, müstəqillik illərində AMEA-nın elmi-tədqiqat institutları və respublikanın digər ali təhsil müəssisələrində bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatlar, əldə olunmuş mühüm nailiyyətlər əksini tapıb.

AzNews.az