Neft Şirkəti Qafqaz universitetini alıb?

3 Aprel 2013 11:39 (UTC+04:00)


>Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Çağ öyrətim işlətmələri və Qafqaz Universitetini alması barədə məlumatlar yayılıb. AzNews.az xəbərin doğruluğunu və bu informasiyaların nədən qaynaqlandığını araşdırmağa çalışıb. Çağ Öyrətim İşlətmələri" MMM və Qafqaz Universiteti xəbərin yayılma səbələrini müxtəlif cür izah edib.

"Çağ Öyrətim İşlətmələri" MMM-in elmi məsələlər üzrə müşaviri Ağa Rəsul Məmmədov təmsil etdiyi şirkətin "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təsisçiləri sırasına qoşulması ilə əlaqələndirib:

"Martın 1-də ARDNŞ-nin Baş ofisində tədbir keçirilib. "Çağ Öyrətim İşlətmələri" MMM ARDNŞ-nin təsisçiliyi ilə yaradılan "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təsisçiləri sırasına qoşulub. Bu məqsədlə birgə bəyanat imzalanıb".

Müşavir bu qoşulmanın "Çağ Öyrətim İşlətmələri" MMM-in daxili qaydalarında hər hansı dəyişikliyə səbəb olmayacağını vurğulayıb: "Bu, mənəvi birlikdir. Daxili qaydalarda hər hansı dəyişiklik olmayacaq. Daxili qaydalar üçün bizim Nizamnaməmiz var və həmin sənəd qüvvədədir".

Qafqaz Universitetinin sözçüsü Rəcəb Rzayev isə ortada alqı-satqı mövzusu olmadığını, xəbəri Universitetlə ARDNŞ arasında 1 ay əvvəl bağlanan əməkdaşlıq müqaviləsi ilə əlaqələndirib. Lakin Universitet sözçüsü əvvəllər də ARDNŞ-la əməkdaşlıq edildiyini, bu müqavilədən sonra isə mövcud əlaqələrin genişləndiriləcəyini vurğulayıb:

"İndiyə qədər bir layihə üzrə əməkdaşlıq qurulmuşdu. Bundan sonra isə əməkdaşlığımız genişşaxəli olacaq. Məsələn, BP Universitetdə kimya laboratoriyası tikdi. Tələbələrimizi də yarımştat işə götürür. Bundan sonra Neft Şirkəti ilə də əməkdaşlığımız genişlənəcək".

Ruhiyyə
Aznews.az