“Başından böyük qələt eləmisən, Oqtay Gülalıyev!" - ŞƏRH

10 Oktyabr 2018 14:13 (UTC+04:00)

İfadə Oqtay Gülalıyevin öz düşərgəsinə, öz çevrəsinə, öz simsarlarına aiddir.

Konkret desək, Elşən Həsənova!

Bəli, bu ad sizə xüsusi heç nə deməyəcək. Elşən Həsənov da elə Oqtay Gülalıyev kimi adı hər bir vətəndaşa tanış olan siyasi fəallardan deyil. Sosial şəbəkələrdən çətinliklə tapılan profilindən məlum olur ki, o, keçmiş müsavatçıdır, bir müddət məhbəsdə yatıb, hazırda Ağ Partiyada təmsil olunur, müxalifət düşərgəsinin Cəmil Həsənli, Xədicə İsmayıl sayaq ünlüləri ilə şəkillər çəkdirir və ... “Siyasi Məhbusların Monitorinq Mərkəzi” (SMMM) adlandırılan bir ictimai platformanın üzvüdür. “Amerikanın səsi” radiosunun Azərbaycan versiyasında isə Həsənov həmin qurumun sədri kimi təqdim olunur.

Oqtay Gülalıyev hər fürsətdə özünü SMMM-in koordinatoru olaraq ictimai rəyə sırımağa çalışdığından belə çıxır ki, sədrlə koordinator arasında qarşıdurma ictimai tərbiyənin bütün sərhədlərini aşıb.

Bəli, hansısa maraqlar və gözəgörünməz əllər tərəfindən bir araya gətirilmiş kiçik bir qrup iddia edir ki, Azərbaycanda siyasi məhbuslar var, onların problemlərini diqqətdə saxlamaq lazımdır və bu səbəbdən öz fəaliyyətlərini “hüquq müdafiəçiləri olaraq” əlaqələndirmək məqsədilə ictimai platforma yaradıblar. Təsisçilər söz-sözə, daha doğrusu, rəsmi bəyanata gələndə vurğulayırlar ki, SMMM hər hansı (maddi, siyasi və i.a.) xarakterli maraqlara və qarşıdurmalara xidmət etməyən, kimsədən təmənna güdməyən, sadəcə, “siyasi məhbus” siyahılarının tərtibi və onların hüquqlarının müdafiəsi ilə məşğul olan bir təşkilatdır.

Zira, hər necə təşkilatdırsa, onun bir üzvü- Ieyla Yunus Azərbaycandan kənardadır, neçə vaxtdır məhz Azərbaycandan kənarda ola-ola Bakıda insan hüquqlarının müdafiəsi ilə məşğuldur. Nədənsə, məhz bu ərəfədə digər bir üzvün- Taleh Xasməmmədovun yadına düşüb ki, təşkilatın 12 üzvündən birinin, yəni Leyla Yunusun səsvermə hüququ yoxdur: “Nizamnaməyə görə, qərarların qəbul olunması üçün iclasda üzvlərin yarıdan çoxu (yəni, 12 nəfərin yarısından çoxu) iştirak etməlidir. Qəbul edilən qərarlar iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Səsvermə hüququ 11 nəfərə aiddir, digər üzv Leyla Yunus “Skype” vasitəsilə heç bir halda səs verə bilməz”.

Məsələ sayda, “Skayp” da, nizamnamədə, səsvermədə deyil, əslində. Problem ondadır ki, bir insan Azərbaycanda olmaya-olmaya hansı monitorinq apara, hansı obyektiv mövqe hasil edə bilər ki, onu da birbaşa və dolayı yolla ifadə edə bilsin? Görünür, SMMM-də məhbuslar da, monitorinqlər də, ədalət də heç kimin umurunda deyil. Bunu ən yaxşı görən və bilən də elə özləridir. Üzə çıxan budur ki, bu qurumda birləşənlərin hər birinin çox təhlükəli iç üzü var, bir-birlərinin, necə deyərlər, “dabbaqda gönünə də bələddirlər”, istənilən anda agah olduqları paxırları açıb cəmiyyətin gözü önündə öz müttəfiqlərini rüsvay edə bilərlər. Əlbəttə, belə ictimai təşkilat olmur, belə bir quruma toplaşanların müdafiə etdiyi maraqlar da vətəndaş cəmiyyətinin inkişafına xidmət etmir. Sadəcə, Elşən Həsənov- Oqtay Gülalıyev qarşıdurması deyil bu. Azərbaycan Respublikasını xarici təşkilatlara tənbeh etdirmək istəyənlərin camiəsində ümumi ab-hava çox bərbaddır. Hər halda, AXCP fəalı olan məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədovun öz mərkəzlərindəki “toy generalları”ndan söz açması, Əlövsət Sadıqlının isə “tərbiyəsizlik və qisasçılıq” kimi dəyərləndirmə aparması belə düşünməyə tam əsas verir.

Budur, Elşən Həsənov ədəbi dilin və ədəbin bütün qaydalarını poza-poza Oqtay Gülalıyevi “qanacağa” dəvət edir, ona xəbərdarlıq məqsədi ilə haqqında ifşaedici mesajlar göndərir, özünü və statusunu yığışdrmasını tələb edir, əks halda “sandığı açıb, pampığı tökəcəyi” ilə hədələyir. Təsəvvür edirsiniz, üç cüt, bir tək adamdan ibarət müxalif platformada HƏDƏ, ŞANTAJ VƏ İFŞA küləyi əsir.

Görəsən, Elşən Həsənovun əlində hansı fakt, Oqtay Gülalıyevlə bağlı hansı kompromat ola bilər ki, SMMM-in sədri öz koordinatoruna belə acıqlı ultimatum verir? Təxmin etmək çətin deyil: “siyasi məhbus” problemi yaratmaq və ondan faydalanmaq hazırkı müxalifət düşərgəsində ən gəlirli biznes növüdür və elə tanıyanlar da Oqtay Gülalıyevin məhz bu alverlə məşğul olmasını vurğulayırlar. Məsələn, biri elə “AnTV” adlı internet televiziyasının əməkdaşı Gülnaz Qəmbərli. O, baltanı kökündən vurub: “Bu hesabata siyasətə dəxli olmayan dələduzlar, korrupsionerlerin adları, göstərdikləri maliyyə dəstəyi müqabilində salınıb. Sizi hamı siyasi mühacir alverində qınayır, bəy...”

Tərcüməyə gərək yoxdur: Gülnaz Qəmbərli açıq-aşkar Oqtay Gülalıyevi dələduzluqda, dəllalıqda, rüşvət müqabilində siyasətə dəxli olmayan adamlara siyasi məhbusluq, siyasi mühacirlik üçün sertifakat verməkdə ittiham edir. Oqtay Gülalıyev isə bu barədə ona sual ünvanlananda, yaxud sosial şəbəkələrdə gedən müzakirələrdə ağzı dalana dirənəndə “Sizə nə var” deyərək aradan çıxır. Ancaq görünür, bu dəfə ittihamları və qarşıdurmanı ötüşdürə bilməyib və qəzəblə belə bir sual səsləndirib: “Bir çox mühacir dostların haqlı olaraq soruşduğu kimi, 6 ay öncə hər birinizin emailinə göndərilib qarşınıza qoyulan Hesabatda “qüsurları” o zaman niyə görmədiniz? Niyə bu “qüsurlar” xüsusi xidmət orqanlarına yaxınlığı heç kimdə şübhə doğrumayan kəslər tərəfindən əsassız ittihamlar irəli sürüləndən sonra yada düşdü?”

Bir haşiyə çıxıb bu məqamda qeyd edək ki, söhbət “Avropa işi” adlanan və Oqtay Gülalıyev də daxil olmaqla SMMM tərəfindən hazırlanaraq səfirliklərə və beynəlxalq təşkilatlara təqdim olunmuş siyahıdan gedir. Sosial şəbəkələrdəki müzakirələrdən bəlli olur ki, həmin hesabatla bağlı SMMM üzvləri arasında ciddi fikir ayrılığı var. Bu ziddiyyəti çözmək üçün oktyabrın 6- da SMMM-in 7 üzvü bir daha müzakirə aparmaq üçün toplaşıb, lakin ortaq məxrəcə gələ bilməyib.

Toplantıdan sonra SMMM üzvü olan Eldəniz Quliyev tərəfindən FB üzərindən açıqlama verilib ki, qurum “Avropa işi” adlı hesabat hazırlanarkən yol verilmiş ciddi nöqsanlar ucbatından onun təqdim olunduğu təşkilatlardan geri alınması barədə qərar qəbul edib. Başqa sözlə, bu o deməkdir ki, hesabat təqdim olunan qurumlar tərəfindən nəzərə alınmamalıdır.

Nəticədə Oqtay Gülalıyev pul aldığı müştərilərinin qarşısında hesabat vermək riski ilə rastlaşacağını anlayaraq, hesabatın geri alınmasını zəruri sayanları- əsasən, Eldəniz Quliyevi və Elşən Həsənovu – aşağıdakı statusdan da göründüyü kimi, hakimiyyət ilə işbirliyində ittiham edib...

Gülalıyevin bu ittihamı onsuz da cəmiyyətdə nüfuzu olmayan Milli Şuranın reputasiyasını ciddi zərbə altında qoyur. Qeyd edək ki, həm Eldəniz Quliyev, həm də Oqtay Gülalıyev Milli Şuranın rəhbərliyində təmsil olunurlar, eyni zamanda qurumun Koordinasiya Mərkəzinin üzvləridirlər.

Görəsən, bir-birləri haqqında təhqir və təhdid dolu statuslar yazanlar, bir-birlərini hakimiyyətə işləməkdə ittiham edənlərdən ibarət olan bu “komanda”nın əlinə iqtidar keçsə, Azərbaycanın halı necə olar? Bunlar bir siyahı barədə yekdil rəyə gələ bilmirlər, bəs görəsən, Azərbaycana sağdan-soldan edilən təzyiqlər qarşısında hansı ortaq və prinsipal mövqe bildirə bilərlər? Qeydiyyatdan keçməmiş bir ictimai platformada açılan “qarğa bazarı” dövlət təşkilatına, hakimiyyət ierarxiyasına köçsə...

Yox, elə bir situasiyanı təsəvvür etmək belə Azərbaycana qəsddir!

Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru