İcra Hakimiyyətlərinin “qara siyahısı“

3 Aprel 2013 12:25 (UTC+04:00)


Hesablama Palatası Milli Məclisə təqdim etdiyi illik hesabatında ötən il fəaliyyətində ciddi nöqsanılar aşkarlanmış rayon və şəhər icra hakimiyyətləri barədə məlumat verib. Modern.az saytı Milli Məclisdən əldə etdiyi hesabatda adları qeyd olunan icra hakimiyyətləri ilə bağlı faktları diqqətə çatdırır.

Hesablama Palatası ötən il Lənkəran Şəhər İcra Hakimiyyətinin aparatına, Təhsil, Mədəniyyət və Turizm Şöbələrinə və Mərkəzi Şəhər Xəstəxanasına, Lənkəran şəhəri üzrə Maliyyə İdarəsinə ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasının, Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünün auditini aparıb.

Nəticədə bəzi nöqsanlara da yol verildiyi aşkar edilib. Audit dövründə nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində dövlət büdcəsinə nağd şəkildə 17712,8 manat vəsait bərpa olunub, 34590,4 manat dəyərində əlavə təmir işləri yerinə yetirilib, 4291,6 manat dəyərində inventar və avadanlıq təhvil verilib, normadan artıq saxlanılan 6,0 ştat vahidi və 21 sinif komplekti ixtisar edilib, habelə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının məlumatına əsasən nöqsanlara yol vermiş 26 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən Təhsil Şöbəsinin müdirinə xəbərdarlıq, Təhsil Şöbəsinin baş mühasibinə, 8 məktəb direktoruna və 2 məktəbdənkənar müəssisə rəhbərinə töhmət, 7 məktəb direktoruna xəbərdarlıq, Mərkəzi Şəhər Xəstəxanasının baş həkiminə xəbərdarlıq, baş mühasibinə, Təcili Tibbi Yardım şöbəsinin müdirinə və qaraj müdirinə töhmət, Mədəniyyət və Turizm şöbəsinin müdirinə xəbərdarlıq, baş mühasibinə və H.Rzayeva adına Uşaq Musiqi Məktəbinin direktoruna töhmət verilib. Qərarın icrası ilə əlaqədar tədbirlər davam etdirilir.

Lənkaran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılarkən də bir sıra qanunsuzluq faktları üzə çıxıb. Nəticədə 9322,0 manat məbləğində vəsait nağd qaydada dövlət büdcəsinə ödənilib, 111089,2 manat debitor borcu uçota götürülüb, 2 fəhlə (bağban) ştat vahidi ləğv edilib, xərcləri təsərrüfat fəaliyyəti üzrə gəlirlərdən maliyyələşməli olan 10 ədəd nəqliyyat vasitələrinin saxlanılması və istismarı xərclərinin, o cümlədən 10 sürücü ştat vahidi üzrə əmək haqqı və əmək haqqına üstəlik xərclərinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin dayandırılması təmin edilib, 1 nəfər vəzifəli şəxs (idarə rəisi) tutduğu vəzifədən azad edilib, idarəetmə strukturunun təkmilləşdirilməsi üçün struktur dəyişikləri aparılıb.

Eyni zamanda Cəlilabad rayon İcra Hakimiyyətinin aparatına, Şəhər İnzibati Ərazi Dairəsi nümayəndəliyinə, Təhsil, Mədəniyyət və Turizm şöbələrinə, Mərkəzi Rayon Xəstəxanasına, Cəlilabad rayonu üzrə Maliyyə İdarəsinə ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünə dair auditin nəticələri də açıqlanıb.

Bu rayonda da audit nəticəsində bəzi nöqsan və çatışmazlıqlara yol verildiyi üzə çıxıb. Audit dövründə nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində dövlət büdcəsinə nağd şəkildə 22543,1 manat vəsait bərpa olunub, 42160,0 manat dəyərində əlavə təmir işləri yerinə yetirilib, 135459,8 manat dəyərində inventar və avadanlıq təhvil verilib, 116364,8 manat dəyərində inventar və material qiymətliləri uçota bərpa edilib, normadan artıq saxlanılan 15,5 ştat vahidi və 5 sinif komplekti ixtisar edilib. Həmçinin Cəlilabad rayon İcra Hakimiyyəti başçısının məlumatına əsasən nöqsanlara yol vermiş 5 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən Rayon Təhsil Şöbəsinin müdiri və Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifələrindən azad edilib, Rayon Təhsil Şöbəsinin, Mərkəzi Rayon Xəstəxanasının və Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş mühasibinə töhmət elan edilib.
Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin də auditi aparılıb, ciddi qanunsuzluqlar üzə çıxıb. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və Göytəpə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Mənzil İstismar Sahəsində, Kommunal Müəssisələri Kombinatında yeyintilər, şişirtmələr aşkarlanıb. Nöqsan və çatışmazlıqlara yol vermiş idarələrin 4 əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb, o cümlədən 4 nəfərə (3 idarə rəisi, 1 baş mühasib) töhmət verilib.

Hesabat ilində Xaçmaz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. Yoxlanılan qurumlar tərəfindən bir sıra nöqsan və çatışmazlıqlara, yeyintilərə, mənimsəmələrə yol verildiyi aşkar edilib.

Audit nəticəsində Xaçmaz rayonu üzrə yol verilən bir sıra nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, o cümlədən 4051,05 manat məbləğində vəsait nağd qaydada dövlət büdcəsinə ödənilib, 39896,0 manat məbləğində əlavə iş görülüb.
Vəzifələrinin icrası zamanı nöqsanlara yol vermiş 5 nəfər vəzifəli şəxsə, o cümlədən 2 nəfər rəhbərə, 3 nəfər baş mühasibə xəbərdarlıq edilib.

Ötən il Zərdab rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara da dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. Yoxlamalar Zərdabda da qanunsuzluqlar üzə çıxarıb. Məsələn, Zərdab rayonu üzrə abadlıq və mənzil fondunun istismarı işlərini həyata keçirən təşkilatlar tərəfindən bəzi xərclər artıq proqnozlaşdırılıb, ayrılmış vəsaitin təyinatı bir sıra hallarda dəyişdirilib, mənzil fondunun əsaslı təmiri işləri tender təklifi qiymətindən baha qiymətlərlə yerinə yetirilib, bəzi hallarda podratçılar tərəfindən binaların və yolların əsaslı təmiri işləri keyfiyyətsiz aparılıb, normadan artıq inventar və yanacaq silinib və s.

Audit yoxlamasının nəticəsi olaraq vəzifələrinin icrası zamanı nöqsanlara yol vermiş 7 vəzifəli şəxs barəsində tədbirlər görülüb, o cümlədən, 1 şöbə rəisi işdən azad edilib, 5 nəfərə (2 mühasib, 1 briqadir, 1 mühəndis və 1 anbardar) töhmət verilib, 1 nəfərə (briqadir) xəbərdarlıq edilib.

Hesablama Palatasının 2012-ci il üçün iş planına əsasən, Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. Audit zamanı bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi də aşkar edilib.
Məsələn məlum olub ki, Ağdaş rayon İcra Hakimiyyəti və İcra Hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə bağlanılan müqavilələr üzrə podratçı tərəfindən yerinə yetirilmiş yolların əsaslı təmiri və abadlıq işlərinin dəyəri artırılıb.

Yoxlamanının nəticəsi olaraq Ağdaş rayon İcra Hakimiyyəti yanında Şuranın iclası keçirilib, yol verilən bir sıra nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, o cümlədən 3500,0 manat məbləğində vəsait nağd qaydada dövlət büdcəsinə ödənilib, 46453,65 manat məbləğində əlavə iş görülüb, 89996,2 manat məbləğində debitor borcları uçota götürülüb, 3 ştat vahidi ləğv edilib.

Vəzifələrinin icrası zamanı nöqsanlara yol vermiş 6 vəzifəli şəxs barədə tədbir görülüb, o cümlədən 3 vəzifəli şəxs (2 şöbə müdiri, 1 mühəndis) tutduqları vəzifələrdən azad edilib, 2 vəzifəli şəxsə (2 şöbə rəisi) töhmət elan edilib, 1 vəzifəli şəxsə (1 şöbə rəisi) ciddi xəbərdarlıq edilib.

Qaradağ rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılarkən də qanunsuzluqlar ortaya çıxıb.

Nəticədə 2593 manat məbləğində vəsait nağd qaydada, 15143,6 manat köçürmə yolu ilə dövlət büdcəsinə ödənilib, 51951,2 manat məbləğində əlavə iş görülüb, 311,7 manat məbləğində debitor borcları uçota götürülüb, 8402,7 manat debitor borcu, 2601,3 manat kreditor borcu bağlanıb, 48062,9 manat məbləğində inventar və material qiymətliləri anbara mədaxil edilib, 89345,0 manat məbləğində əsas vəsait uçota alınıb, 5489,4 manat məbləğində əlavə vergi və 2669632,1 manat məbləğində isə gəlir hesablanıb, 32 ştat vahidi ləğv edilib, digər tədbirlər üzrə işlər davam etdirilir.
Qaradağda nöqsan və çatışmazlıqlara yol vermiş təşkilatların 7 əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb, o cümlədən, 4 nəfərə (3 baş mühasib, 1 anbardar) töhmət verilib, 3 nəfərə (3 şöbə müdiri) xəbərdarlıq edilib.

Eyni audit yoxlamaları Şəmkir rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda aparılıb və büdcə vəsaitinin düzgün xərclənmədiyi aşkarlanıb.

Yalnız bundan sonra Şəmkir rayon İcra Hakimiyyətinin geniş şura iclasında müzakirələr keçirilib, 2202,0 manat məbləğində vəsait nağd qaydada büdcəyə ödənilib, 25856,4 manat məbləğində əlavə iş görülüb, 80013,5 manat məbləğində debitor borcu bərpa edilib, 23224,0 manat məbləğində mal-material anbara mədaxil edilib, 7500,0 manat məbləğində əsas vəsait uçota alınıb, 2 ştat vahidi ləğv edilib.

Audit nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqlara yol vermiş idarələrin 4 əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb, o cümlədən, 2 nəfərə (2 mühasib) töhmət verilib, 2 nəfərə (2 baş mühasib) xəbərdarlıq edilib.

Saatlı rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. İdarə və təşkilatlar tərəfindən bəzi nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib.

Nəticədə 4513,4 manat məbləğində vəsait nağd qaydada, 3500,0 manat köçürmə yolu ilə dövlət büdcəsinə ödənilib, 1363,0 manat məbləğində vəsait müəssisənin kassasına bərpa edilib, 22215,7 manat məbləğində əlavə iş görülüb, 1541,3 əlavə vergi hesablanıb, 77607,1 manat məbləğində debitor borcları uçota götürülüb, 1 ştat vahidi ləğv edilib və şəxsi minik avtomobilinə büdcə vəsaiti hesabına verilmiş 1813,5 manat məbləğində yanacağın dəyərinin dövlət büdcəsinə bərpası təmin edilib. Nöqsan və çatışmazlıqlara yol vermiş iarələrin 6 əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb, o cümlədən, 4 nəfərə (2 idarə rəisi, 2 baş mühasib) töhmət verilib, 2 nəfər (2 şöbə rəisi) tutduğu vəzifədən azad edilib, 2 nəfərin (1 şöbə rəisi və 1 baş mühasib) nəzərinə çatdırılıb.

Xəzər rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılandan sonra aşkarlanan nöqsanlara görə 4 nəfər vəzifəli şəxs cəzalandırılıb.

Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda aparılan audit yoxlamalarının nəticəsində büdcə vəsaitinin talandığı, bəzi işlərin keyfiyyətsiz yerinə yetirildiyi, bir mənbədən satınalma metodunun tətbiqi üçün müvafiq qaydada razılıq alınmadan birbaşa müqavilə bağlanılaraq icra edildiyi və s. faktlar aşkarlanıb. Yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün 4555,0 manat məbləğində vəsait nağd qaydada, 16119,7 manat köçürmə yolu ilə dövlət büdcəsinə ödənilib, 28,3 manat məbləğində vəsait müəssisənin kassasına mədaxil edilib, 45738,6 manat məbləğində əlavə iş görülüb, 79,9 manat vergi əlavə hesablanıb və ödənilib, 3993,9 manat məbləğində debitor borcları uçota götürülüb, 48108,0 manat məbləğində inventar və avadanlıqlar anbara mədaxil edilib, 2576,7 manat kreditor borcu ləğv edilib, 38780,0 manat mal-material uçota alınıb, 74295,2 manat məbləğində əsas vəsait uçota alınıb, 118 ştat vahidi ləğv edilib.

Vəzifələrinin icrası zamanı nöqsanlara yol vermiş 8 nəfər vəzifəli şəxsə qarşı intizam tənbehi tədbirləri görülüb, o cümlədən 1 nəfər (rəhbər) işdən azad edilib, 5 nəfərə (1 rəhbər, 4 baş mühasib) töhmət verilmiş, 2 nəfərə (rəhbər) xəbərdarlıq edilib.

Lənkaran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılarkən də bir sıra qanunsuzluq faktları üzə çıxıb. Nəticədə 9322,0 manat məbləğində vəsait nağd qaydada dövlət büdcəsinə ödənilib, 111089,2 manat debitor borcu uçota götürülüb, 2 fəhlə (bağban) ştat vahidi ləğv edilib, xərcləri təsərrüfat fəaliyyəti üzrə gəlirlərdən maliyyələşməli olan 10 ədəd nəqliyyat vasitələrinin saxlanılması və istismarı xərclərinin, o cümlədən 10 sürücü ştat vahidi üzrə əmək haqqı və əmək haqqına üstəlik xərclərinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin dayandırılması təmin edilib, 1 nəfər vəzifəli şəxs (idarə rəisi) tutduğu vəzifədən azad edilib, idarəetmə strukturunun təkmilləşdirilməsi üçün struktur dəyişikləri aparılıb.

Hesablama Palatası Şabran, Siyəzən, İsmayıllı və Neftçala rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsi vəziyyətinə dair auditlər keçirib. Yoxlama nəticəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin müvafiq rəyi alınmadan dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi haqqında sərəncamların verildiyi üzə çıxıb. Eyni zamanda məlum olub ki, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması təmin edilməyib. Rayon icra hakimiyyətləri tərəfindən bağlanılmış torpaq icarəsi müqavilələri və icarəçilər barədə vergi orqanlarına müvafiq məlumatların verilməsi ilə yanaşı, icarə haqlarının müvafiq qaydada hesablanması və ödənilməsi barədə müntəzəm olaraq qarşılıqlı məlumat mübadiləsi aparılmadığından dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə qalıq borcları yaranıb. İcarəyə verilmiş dövlət torpaqları üzrə torpaq qanunvericiliyinin tələblərinin pozulması, ayrılmış torpaq sahələrindən təyinatı üzrə düzgün istifadə edilməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallara, habelə icarə müqavilələrinin digər şərtlərinə dair yerli icra hakimiyyəti orqanları tərəfindən keçirilmiş monitorinq, baxış və digər daxili nəzarət tədbirləri icarəçilər, habelə nəzarət növləri üzrə tam olaraq əhatəli aparılmayıb.

Audit tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilərək müvafiq Qərar qəbul olunub. Nəticədə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə yaranmış qalıq borclardan audit tədbirlərinin keçirildiyi müddət ərzində Şabran Rayon İcra Hakimiyyəti tərəfindən 1020,0 manat, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən 4369,8 manat, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 4222,0 manat, Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 3258,0 manat icarə haqqının ödənilməsi təmin edilib.

Eyni zamanda qeyd etmək olar ki, keçirilən auditlər başa çatdıqdan sonra dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə yaranmış qalıq borclardan Şabran Rayon İcra Hakimiyyəti tərəfindən daha 200,0 manat, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 6191,0 manat icarə haqqının ödənilməsi təmin edilib.

Hesablama Palatası Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan və əsaslı vəsait qoyuluşundan Qusar Rayon İcra Hakimiyyətinə avtomobil yollarının tikintisinə (təmirinə) ayrılan vəsaitlərin istifadəsinin auditini də aparıb. Audit nəticəsində İcra Hakimiyyəti tərəfindən bir sıra nöqsanlara da yol verildiyi aşkar edilib.

Astara Rayon İcra Hakimiyyətinə avtomobil yollarının tikintisinə (təmirinə) ayrılan vəsaitlərin istifadəsinin auditi keçirilib. Burada da qanunsuzluqlar üzə çıxıb.

Eyni problem Sabirabad Rayon İcra Hakimiyyəti, Ağdam Rayon İcra Hakimiyyəti, Tərtər rayon İcra Hakimiyyəti ilə bağlı da meydana çıxıb.

AzNews.az