Döyüşlərdə daha bir azərbaycanlı öldürülüb

3 Aprel 2013 12:44 (UTC+04:00)
Suriyada hökumət qüvvələri ilə döyüşlərdə daha bir azərbaycanlı həlak olub.


APA-nın "Azad Suriya Xəbər Agentliyi"nə istinadən verdiyi məlumata görə, "Əbu Zübeyr" ləqəbli azərbaycanlı mücahid İdlib şəhərində hökumət qüvvələri ilə gedən döyüşlərdə öldürülüb.

Onun Azərbaycandan olduğu bildirilsə də, adı və soyadı açıqlanmayıb.

Öldürülən şəxsin meyitinin fotosu da yayılıb.

Qeyd edək ki, Suriyada döyüşlərdə 30-dək azərbaycanlının ölməsi barədə məlumat yayılıb. Onlardan bəzilərinin fotosu türkiyəli mücahidlərə məxsus saytlarda yerləşdirilib.

XİN mətbuat katibi Elman Abdullayev aprelin 2-də APA-ya verdiyi açıqlamada Azərbaycan tərəfinin Suriyada öldürülən, azərbaycanlı olduğu iddia edilən şəxslərin vətəndaşlığını aydınlaşdırmaq üçün səy göstərəcəyini bildirib.

E. Abdullayev xatırladıb ki, Azərbaycanın Suriyadakı səfirliyində konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının hamısı vəziyyət gərginləşdikdən sonra Suriyanı tərk edib.

Mətbuat katibinin sözlərinə görə, Suriyada yaranmış vəziyyətlə əlaqədar öldürülən şəxslərin milliyyətini və vətəndaşlığını müəyyənləşdirmək çətindir: "Bu şəxslərin Azərbaycan vətəndaşı olduğu rəsmi olaraq müəyyənləşməyib. Ölkədəki gərgin vəziyyətə baxmayaraq, Azərbaycan tərəfi bu adamların vətəndaşlığını müəyyənləşdirməyə səy göstərəcək".

AzNews.az