Iraq və Livandan ANAMAYA təklif

3 Aprel 2013 13:06 (UTC+04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bir sıra xarici ölkələrdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında iştiraka dəvət olunub.

Bu barədə APA-ya açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.

N. İsmayılovun sözlərinə görə, İraq və Livandan ANAMA-nın bu ölkələrdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında iştirakına dair təkliflər var: "İraqda neft mədənlərinin ətrafında minalı sahələr mövcuddur. Xaricdən, xüsusilə də Amerika və Avropadan İraq və Livanda çalışan minatəmizləmə şirkətlərinə yerli insanların yanaşması da fərqlidir. ANAMA-nın ölkədə və xaricdə gördüyü işlər İraq və Livan tərəfindən maraqla qarşılanıb və bu yaxınlarda ANAMA-ya müraciət olundu".

N. İsmayılov bildirib ki, yaxın vaxtlarda İraqın yerli minaaxtaranlarından ibarət qrup Azərbaycana səfər edəcək. Burada onlar ANAMA-nın imkanları ilə tanış olduqdan sonra bu ölkə ilə hansı layihələrin həyata keçirilməsi barədə qərar qəbul olunacaq.

ANAMA direktorunun sözlərinə görə, Azərbaycan minaaxtaranlarının peşəkarlığı, iş prinsipi, eləcə də əldə etdiyi nailiyyətlər artıq bir sıra Avropa, Asiya və Afrika ölkələrinin müvafiq qurumları və şirkətləri tərəfindən öyrənilir. Bu il ANAMA tərəfindən beynəlxalq təşkilatlarla birgə Azərbaycanda xarici ölkələrin mütəxəssisləri üçün iki beynəlxalq təlim kursunun təşkili planlaşdırılır.

AzNews.az