Sabah beynəlxalq turizm sərgisi keçiriləcək

3 Aprel 2013 13:29 (UTC+04:00)




Aprelin 4-6-da Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə Bakıda XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ("AITF-2013") keçiriləcək.

Bu gün sözügedən sərgiyə həsr olunmuş mətbuat konfransında çıxış edən "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, əgər 2002-ci ildə ilk AITF sərgisində cəmi 8 ölkədən 32 şirkət iştirak edibsə, builki sərgiyə 35 ölkədən 250 şirkət qatılaraq öz məhsul və xidmətlərini nümayiş etdirəcək: "Göründüyü kimi, AITF sərgisinin dinamikası müsbətdir və ümid edirəm ki, gələcək illərdə də analoji dinamika müşahidə olunacaq. Ötən illə müqayisədə sərgi iştirakçılarının sayı və ekspozisiyası 40%-dən çox artıb".

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev son illər ölkənin turizm sahəsinin inkişaf etdiyini bildirib və qeyd edib ki, xarici ölkələrin Azərbaycanın bu sektoruna marağı da artır: "Əgər 2010-cu ildə Azərbaycanda keçirilən beynəlxalq turizm sərgisində 22 ölkədən 132 şirkət iştirak edibsə, "AITF-2013"də qeyd olunduğu kimi 35 ölkədən 250 şirkət iştirak edəcək".

A.İsmiyev həmçinin bildirib ki, əgər 2002-2003-cü illərdə ölkədə 90 mehmanxana və mehmanxana tipli obyekt və 18-19 turizm şirkəti fəaliyyət göstərirdisə, hazırda hotellərin sayı 500-dən, turizm şirkətlərin sayı isə 200-dən çoxdur: "Əgər 2002-2003-cü illərdə Azərbaycana gələn turistlərin sayı cəmi 400 min təşkil edirdisə, 2012-ci ildə bu göstərici 1,9 mln-a çatıb".

Mətbuat konfransında çıxış edən sərginin meneceri xanım Xəyal Əliyeva "AITF-2013" barədə ətraflı məlumat verərək bildirib ki, sərgidə Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misir milli stendlərlə çıxış edəcək, Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakodan olan turizm şirkətləri isə sərgidə ilk dəfə iştirak edərək öz xidmətlərini təklif edəcək.

Sərginin meneceri onu da əlavə edib ki, sərgi çərçivəsində Azərbaycanın 20 regionu da stendlərdə çıxış edərək məhsul və xidmətlərini nümayiş etdirəcək.

"Bu sərgi ilə yanaşı "Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" VII Qafqaz Beynəlxalq Sərgisi ("HOREX-2013") də keçiriləcək. Bu sərgidə mehmanxana, restoran və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlıqları, qəlyanaltı sistemləri, mehmanxana və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar nümayiş etdiriləcək", - deyə X.Əliyeva bildirib.

AzNews.az