Həmid Piriyev: "Cavan nəslin Anarı tənqid etməyini başa düşmürəm"- "Cümlə axşamı"

11 Oktyabr 2018 11:37 (UTC+04:00)

AzNews.az “Cümlə axşamları” layihəsində yazıçı-tərcüməçi Həmid Piriyevlə müsahibəni təqdim edir.

- Həmid, bildiyim qədəri yazı-pozu ilə yanaşı, təsərrüfatla da məşğulsan.

- Hə, həyətyanı sahəmizdə əkin-biçinlə məşğuluq. Amma belə deyək, vaxt tapdıqca orda atama kömək edirəm. Özümsə hazırda bağban işləyirəm. Çox işlərdə işləmişəm, aşpazlıqdan mühafizəçiliyə qədər. Yazı-pozuylasa ancaq axşam hava qaralandan sonra, yorğunluğumun dərəcəsindən asılı olaraq bir neçə saat məşğul oluram.

- Tərcümələri sifarişlə edirsən, yoxsa daxili istəkdən yaranır?

- Belə deyək, tərcümə etmək xoşuma gəlir. İndi soruşsan ki, yazmağa tez başlamısan, yoxsa tərcüməyə - çaşıb qalaram. Məncə, elə eyni vaxtlarda başlamışam ikisinə də, təxminən altıncı-yeddinci siniflərdə oxuyanda. Onda Qorkinin, Hüqonun təsiriylə hekayələr, yerli şairlərin təsiriylə şeirlər yazırdım, həm də məktəb kitabxanasından Yeseninin, Blokun kitablarını götürmüşdüm, şeirlərdən öz bildiyim kimi tərcümə edirdim. Əlbəttə ki, nə öz yazılarım adam arasına çıxarılmalı idi, nə də tərcümələr. Doqquzuncu sinifdən çıxıb peşə məktəbinə girəndə bütün əlyazmalarımı yandırdım. Bir də 2008-ci ildə yazmağa başladım, o vaxtdan davamlı yazıram. Tərcüməyə isə 2010-cu ilin axırında başladım. Öz bəyəndiyim əsərləri tərcümə edirdim. Yenə də əsasən, bəyəndiyim əsərləri tərcümə edirəm, amma sifarişlə tərcümə etdiyim əsərlər də var. Qeyd edim ki, hələ özümü yaxşı tərcüməçi hesab eləmirəm. Tərcümə etmək istədiyim üç roman var, onları edə bilsəm, onda özümə ürəklə tərcüməçi deyəcəyəm.

- Hansı romanları?

- Hələlik sirr qalsın.

- Belə cavan yaşda Dostoyevskinin, Coysun əsərlərini tərcümə etməyə cəhd səncə, böyük risk deyil?

- Məncə yox. Dostoyevski də, Coys da, Prust da bizim kimi adam olub, yəni tam bizim kimi olmasa da, hər halda adam olub (gülür). Dostoyevskinin iki povestini tərcümə etmişəm, hazırda üçüncüsünü edirəm. Onları sifarişlə etmişəm, amma bu, həm də sırf öz qarşımda özümü təsdiq etmək idi. Mən bunu bacararam? Bacardım. Çətin mətnlərə girişməyimin iki səbəbi var; biri dediyim kimi, özümü özümə təsdiq etmək istəyidi, ikincisi isə, çətin mətnlərlə işləməkdən xoşum gəlir. Eliotun, Pessoanın, Edqar Ponun şeirlərini də tərcümə eləmişəm, hamısı çətin mətnlərdi. Hələlik Coysdan tərcüməm yoxdu, amma bilmək olmaz, bəlkə gələcəkdə ondan da oldu.

- Səhv etmirəmsə, ötən il bir status yazıb AYB-ni, konkret Anarı tənqid edənləri tənqid etmişdin? Niyə?

- Hə, yazmışdım. Amma əvvəlcə bir şeyi qeyd edim ki, Anarı həm yaşlı nəsil, həm də cavan nəsil tənqid edir. Yaşlı nəsillə işim yoxdur, o vaxtlar nə olub, nə olmayıb, bilmirəm. Bəlkə də tənqidlərində haqlıdırlar. Amma cavan nəslin tənqidini heç başa düşmürəm. Dindirirsən, deyir mən azad yazaram, heç nəyə iddiam yoxdur, filan-beşməkan, amma bir yandan da deyir ki, Anar otuz ildi, AYB-nin sədridi, bizim yolumuzu kəsir, imkan vermir yazaq, çap olunaq. Anardan sənə nə? İnternet əlinin altında, istedadlı adamlara, yaxşı yazılara da bütün qapılar açıq (Yazıçılar Birliyinin mətbu orqanları da daxil olmaqla). Mətnini yaz, çap elətdir. Daha “Anar mənim yolumu kəsir” demək nədir? Özümü deyim, 21 yaşından yazılarım çap olunur, hələ müraciət etdiyim heç yerdən imtina cavabı almamışam. İki kitabım da var, vəssalam. Başımı salmışam aşağı, işimi görürəm. O kresloda kim oturur otursun, mənim üçün qətiyyən fərq eləmir. Onsuz da onlardan istədiyim, gözlədiyim heç nə yoxdur.

- Hansısa təşkilatın üzvüsən?

- Heç birinin. 2014-cü ildə yeddi-səkkiz ay AYO-da oldum, sonra ordan çıxdım. İndi heç yerdə üzv deyiləm və gələcəkdə də harasa üzv olmaq fikrim yoxdu.

- Azərbaycan ədəbi mühitində nə çatmır?

- Mətn. Yazan çoxdu, oxuyan da çoxdu. Amma Azərbaycan oxucusu Azərbaycan ədəbiyyatından iyrənib, qaçaq düşüb. Çox adam Azərbaycanda oxucu olmamağından şikayətlənir: oxucu var, Azərbaycan dilində kitabları oxuyan yoxdu. Çünki mətn yoxdu ortada, tərcümə kitabları da göz qabağındadı, əksəriyyəti “Dilmanc” tərcüməsinə oxşayır. Dediyim kimi, yazarlar oxucuları qınayır, amma əvvəlcə özümüzə baxsaq, daha yaxşı olar. Biz nə yazırıq? Hər il onlarla roman, yüzlərlə hekayə, minlərlə şeir yazılır. Bəlkə də doxsan doqquz faizi makulaturadı. Dəyərli əsərlər də yazılır, amma çox az, o qədər az ki, heç gözə görünmür, o birilərin içində əriyib gedir.

- Daha çox kim kimi tanınırsan: şair, yazıçı, yoxsa tərcüməçi?

- İlk mətbu yazım şeir olub, “Ədəbi Azadlıq” müsabiqəsində də şeirlərim onluğa düşüb, amma şair deyiləm. Yenə də arada şeir yazıram, daha çox eksperimental şeirlərdi, onlarda da nəsr havası duyulur. Özümü daha çox yazıçı hesab edirəm. Amma məni yazıçı, yoxsa tərcüməçi kimi tanıdıqlarını deyə bilmərəm. Yəqin ki, hər ikisi kimi.

- Səncə, layiqli qiymətini almısan? Kifayət qədər tanınırsan?

- Dar çərçivədə tanınıram. Amma narazı deyiləm, heç vaxt məşhurlaşmaq istəməmişəm, indinin özündə harasa gedəndə, tanımadığım kimsə məni tanısa, özümü narahat hiss edirəm. Belə hallar az olur, amma hər halda xoş hiss deyil mənim üçün. Amma layiqli qiymət almaq üçün, əvvəlcə layiqli iş görmək lazımdı. Hələ elə bir ciddi işim yoxdu.

- İncimə, ancaq statuslarından belə bir şey hiss etmişəm: Sanki ədəbi mühitə, qələm yoldaşlarına gizli bir istehza ilə yanaşırsan. Yəni çoxundan istedadlı, bacarıqlıyam, sadəcə üzdə deyiləm. Mən yanılıram, yoxsa həiqətən o cürdür?

- Qismən haqlısan. Hazırkı mühitə, qələmdaşlarımın əksəriyyətinə istehza edirəm. Daha dəqiq, kimlərə? Altdan-altdan qruplaşma yaradanlara, dostdurlar deyə, bir-birinin dəyərsiz yazılarını tərifləyib göyə qaldıranlara, qonaqlıq verib özlərini təriflətdirənlərə, özlərindən olmayanlara, özləri kimi fikirləşməyənlərə yuxarıdan-aşağı baxanlara... Bacarıq məsələsini oxuyanlar daha yaxşı bilər, üzdə olmağısa, yuxarıda dediyim kimi, özüm istəmirəm.

- Bizim ədəbiyyatımızda Bakı sevgisi kasaddır. Sanki bütün ədəbi nümunələrdə Bakıdan giley var. Bakının hələ ki, Coysun Dublini, Pol Osterin Nyu-Yorku, Pamukun İstanbulu kimi canlı bir obrazı yaranmayıb. Ədəbi əsərlərdə Bakıya sevginin olmaması, həmişə “kəndə qayıdış” hissinin aktuallığının günahı kimdədir: Bakıda, yoxsa yazıçılarda? Bir bakılı kimi nə düşünürsən?

- Hə, Bakı hələ ki, ədəbiyyat üçün bağlı mücrüdü. Çünki Bakını tanıyanlar yazmayıb, yazanlarsa, Bakını tanımır. Ona görə də yazılanlardan sən dediyin giley hiss olunur. Adam yad mühiti yaza bilməz axı. Amma Bakı mövzusu tam işlənilməyib də deyə bilmərik. İbrahimbəyov qardaşları, Qılman İlkin, Hüseyn Abbaszadə Bakı mövzusunda yaxşı əsərlər yazıb. Amma heç biri tam lazım olan deyil. Balzakın Parisi Hüqonun, Zolyanın Parisinə oxşamır, hərəsi o şəhəri gördüyü kimi təsvir edib. Adını çəkdiyim yazıçılar da öz prizmalarından yanaşıblar Bakıya, amma hələ ki, Bakını tam əhatə eləyən əsər yazılmayıb. Yuxarıda nümunələr göstərdin, əvvəlcə Bakı o səviyyədə bir yazıçı yetişdirməlidi, sonra Bakı da yazılacaq, mütləq yazılacaq. O “kəndə qayıdış”, “kənddən ayrıla bilməmək” hissi isə hansısa şəhərdən asılı olan deyil, Bakı olmasın, Moskva olsun, İstanbul olsun, əgər adamın təfəkkürü əyalət təfəkkürüdürsə, ömrü boyu kənddən qopa bilməyəcək, kəndin xiffətini çəkəcək.

- Bakı kəndlərinin özünəməxsus koloriti, atmosferi var. Bu atmosfer rəssamlıqda Abşeron məktəbini yaradıb. Səncə, Bakı kəndlərinin atmosferi nəsrimizə hopubmu? Nümunə üçün deyim: Maqsid İbrahimbəyovun, Elçinin bu məzmunda əsərləri var.

- Bildiyim qədərilə Maqsud İbrahimbəyovda Abşeron həyatı yoxdu, o şəhər həyatını yazıb, bağlarla bağlı azsaylı əsərlərində də şəhər adamlarının bağ həyatını təsvir edib. Elçinin Baladadaşı, Molla Zeydullası var, amma onlar mənə natamam görünür, o obrazlarda Abşeron adamı yoxdu. Dediyin atmosferi sözlə ifadə eləyə bilməyəcəyəm, məncə, onu ancaq hiss etmək olar. Hekayələrimdə o atmosferi ötürməyə çalışıram, amma bilmirəm alınır, ya yox.

- Çevrəndə, ailəndə daha çox necə tanınırsan? Qələm adamı kimi, yoxsa?

- Əlbəttə ailəm bilir. Amma qohumlardan heç kimə deməmişəm. Əmim, xalam, dayılarım – heç kim ədəbiyyatla məşğul olduğumu bilmir. Kitab oxuduğumu bilirlər, ən azı evdə o qədər kitab var, görürlər, amma hamısı da məsləhət edir ki, az oxuyum, başım xarab olar (gülür). Şəhərdə ayrı cür tanınıram, kənddə ayrı cür. Elə bil paralel həyat yaşayıram və bu, olduqca maraqlıdı.

- Roman yazırsan. Nə barədədir?

- Hazırda iki roman yazıram. Birini – “Ağ qərənfil üçün təziyə”ni on il qabaq başlamışdım yazmağa, indi beşinci dəfədir, yazıram, ümid edirəm axırıncısı olacaq. Amma işi çoxdur hələ. İkincisini – “Orada adamlar ölürdü” romanını bu il başlamışam, yəqin yaxın aylarda tamamlayaram. Birincisi yaddaş haqdadı, ikincisi imtina haqda.

- Nə vaxt işıq üzü görəcək?

- Hələ dəqiq bilmirəm, alınsa, bu ilin axırına bəlkə çap olundu.

Mirmehdi,

AzNews.az