3-cü sinif şagirdi dərs zamanı intihara cəhd etdi - Bakıda

11 Oktyabr 2018 12:23 (UTC+04:00)

Hadisə 302 nömrəli orta məktəbdə baş verib.

Məktəbdən AzNews.az-a verilən məlumata görə, oktyabrın 10-da, təxminən saat 08:48 radələrində, 3-cü sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib:

“Ötən tədris ilindən onun dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır. Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqlarının təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyiblər. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.

Bahar RÜSTƏMLİ
AzNews.az