“Ermənistan rəhbərliyi ikibaşlı oyun oynayır” - Nazir Əhmədli

11 Oktyabr 2018 14:31 (UTC+04:00)

“Ermənistan rəhbərliyi ikibaşlı oyun oynayır. Bir tərəfdən Avropa və NATO strukturlarına inteqrasiya etməyə çalışır - özü də bunu hazırkı sosial-iqtisadi vəziyyətindən çıxış yolu axtarmaq üçün edir; çünki Ermənistan bu cəhətdən çox ağır vəziyətdədir - digər tərəfdən isə Rusiya ilə guya əvvəlki müttəfiqliyini nümayiş etdirmək istəyir”.

Bunu AzNews.az-a açıqlamasında Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nazir Əhmədli Fransa prezidenti Emmanuel Makronun oktyabrın 11-də Frankofoniya təşkilatının 17-ci sammitində iştirak etmək üçün Ermənistana səfəri ilə bağlı danışarkən dedi.

N. Əhmədli bildirdi ki, Ermənistandakı son hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir Paşinyan Avropa və Qərbə inteqrasiya olmaq istiqamətində müəyyən addımlar atır. Bu addımlar qarşı tərəfin mənafelərinə uyğun olduğu üçün də maraqla qarşılanır:

“Bu, təbii görünür, çünki ABŞ və NATO Rusiyanı əvvəlcə Şərqi Avropa blokundan məhrum etdi. Son dövrlərdə isə Gürcüstan və Ukraynadan sonra, görünür, Ermənistan da NATO və Avropa kursu götürüb. Beləliklə, Qərb bloku Rusiyanı hər tərəfdən təzyiq olunmuş vəziyyətə salmaq istəyir. Bu, onların mənafeyinə uyğundur.

Çətin ki, Avropaya kurs götürmək Ermənistana xeyir versin. Ermənistan Qərb, Avropa, NATO üçün öz məqsədlərinə çatmaq vasitəsi olsa da, bir o qədər əhəmiyyət daşıyan ölkə deyil. Rusiyanın da öz əlini-qolunu yanına salıb Avropanın Ermənistanı bir yolla öz tərəfinə çəkməsinə, NATO strukturlarına inteqrasiya etməsinə sakit baxacağına inanmıram. Bu, mümkün deyil. Paşinyan Ermənistan üçün pis nəticələr gətirəcək oyuna girişib. Bunun Rusiya tərəfindən kəskin qarşılanacağı və adekvat addımlar atılacağı şübhəsizdir. Çünki Rusiya əvvəlcə Şərqi Avropa ölkələri, daha sonra MDB məkanındakı ölkələri itirir və NATO-nun sərhədləri Rusiyanın içərilərinə tərəf yaxınlaşır. Demək olar ki, Rusiya özü üçün bufer zonanı itirmiş olur. Ermənistan bir tərəfdən Avropaya inteqrasiya olmağa çalışır, digər tərəfdən isə Rusiya ilə guya əvvəlki müttəfiqliyini nümayiş etdirmək istəyir. Obrazlı dildə desək, iki stulda oturmaq mümkün deyil. Ermənistan əgər bir mənalı şəkildə Qərbə və NATO-ya istiqamət götürübsə, qeyd etdiyimiz kimi, Rusiya tərəfindən bunun soyuq qarşılanması və adekvat cavab tədbirlərinin görülməsi gözlənilir”.

Pərvanə AĞAZADƏ
AzNews.az