“6-cı dəfədir ki, “srok”a gedirəm, hamısı da tərtəmiz olub”

11 Oktyabr 2018 16:15 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilənlər - Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun məhkəməsi keçirilib.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib.

70 yaşlı Viktor Məmmədov deyib ki, 2 nəfər qapını döyüb qonşu olduqlarını deyiblər: "Altıncı mərtəbədə qaldıqlarını və mənim evimdən onlara su axdığını dedilər. Qapını açan kimi məni boğmağa başladılar, əllərində bıçaq var idi. Dedilər nə qədər pulun var. Sonra da evdəki 4 min manat və 550 dollar pulumu götürüb getdilər. Mənə dəyən zərərin ödənilməsini tələb edirəm”.

Kamal Heydərov isə cinayət etirafə etsə də, Viktora təzyiq etmədiklərini bildirib: “6-cı dəfədir ki, sroka gedirəm. Hamısı da tərtəmiz olub. Bir dənə də əyri və yalan ola bilməz. Mən nə eləmişəmsə, etiraf edirəm. Bu işi də eləmişik. Birinci qapını döyüb evə su axdığını dedik. Evdə tək olduğunu öyrənəndən sonra aşağı düşüb bir də qayıtdıq. Heç bir müqavimət də göstərmədi. İçəri girəndə paltaryuyan maşının üçündə bıçaq var idi. Götürüb dedim ki, səni öldürə bilərəm, amma lazım deyil. Nə pul varsa verməsini istədim. Pulu götürüb çıxdıq".

Proses oktyabrın 18-də davam etdiriləcək.

K.Fərhadov bir neçə il əvvəl də Viktor Məmmədovun evindən oğurluq edib və buna görə məhkum olunub. Həbsdən çıxdıqdan sonra isə yenidən həmin evə basqın edib. O, istintaqa ilkin ifadəsində deyib ki, həbsdən çıxandan sonra yadına düşüb ki, Viktor hələ də o evdə tək yaşayır. Buna görə də evə basqın etmək qərarına gəlib.

İttihama görə, E.Aslanov 2017-ci il mayın 12-də S.Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də Ç.Məmmədova evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər. Onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını “skoç”la bağlayıblar. Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar.

İyunun 14-də isə Ramillə Kamal Xətai rayonunda yaşayn Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.

Oktyabrın 22-də Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər. (qafqazinfo)

© AzNews.az