Yaşar Cəfərlini döyən şəxsdən xəbər var

3 Aprel 2013 14:50 (UTC+04:00)
Hərbi ekspert Yaşar Cəfərlinin döyülməsi faktı üzrə 29-cu PB-də aparılan ilkin araşdırma başa çatdırılaraq Yasamal rayon Prokurorluğuna göndərilib. Bu barədə Aznews.az-a açıqlama verən Yaşar Cəfərli məlumat verib.

Onun sözlərinə görə, qonşularının köməyi ilə yaxalanan və hazırda həbsdə olan Elxan Hacıyevin ifadəsi alınıb: "Yanındakı ikinci şəxsin adını vermək istəmir. Dünən deyirdi ki, dostu ilə mağazaya gəlibmiş. Bu gün deyir ki, yanımda heç kim olmayıb. Hücum etdiklərini və qəsdən döydüklərini də boynuna almır. Hətta deyir ki, guya toqquşmuşuq".

Y.Cəfərli məlumat verib ki, tibbi ekspertiza xəsarətlər qeydə alıb və zərbə amilini təsdiq edib. Müayinənin nəticələri istintaqa göndərilib: "Mənə isə həkimə müraciət etməyi məsləhət gördülər. Əvvəlcə düşünürdüm ki, ehtiyac yoxdu. Sonradan baş ağrıları və iştahsızlıq artdı. Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasına müraciət etməli oldum. Onlar isə bir neçə gün yataq şəraitində qalmağı məsləhət gördülər".

Xatırladaq ki, Yaşar Cəfərli axşam saat 10 radələrində evinə qayıdarkən hücuma məruz qalıb və 2 nəfər tərəfindən döyülüb.

Ruhiyyə
Aznews.az