Halil Sezainin oynadığı Azərbaycan filmi dekabrda nümayiş olunacaq

13 Oktyabr 2018 09:40 (UTC+04:00)

Oktyabrın 12-də “CinemaPlus Gənclik Mall” kinoteatrında məşhur türk müğənni Halil Sezai və aktrisa Muge Boz başda olmaqla “Qış nağılı” filmində oynamış müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib.

AzNews.az-ın verdiyi məlumata görə ilk olaraq “Qış nağılı” filmindən bəzi kadrlar nümayiş olunub.

Filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadə bildirib ki, filmin çəkilişləri tam bitməyib.

O, filmdə çəkilən aktyorları təqdim edərək təşəkkürünü bildirib.

Rejissor söyləyib ki, “Qış nağılı”nın Azərbaycanda yeni il barədə çəkilmiş ilk komediya filmidir: “Qış nağılı”nın Cinemazadeh şirkətinin 2018-ci ildə ən böyük layihəsidir. Film dekabr ayında nümayiş olunacaq. Azərbaycanla yanaşı Türkiyə və Avropanın bəzi ölkələrinin kinoteatrlarında göstəriləcək.”

Filmin büdcəsini açıqlamasa da, rejissorun söylədiklərinə əsasən, “Qış nağılı”nı Azərbaycanın ən bahalı filmi hesab etmək olar.

Daha sonra türkiyəli qonaqlarla yanaşı, filmin rejissoru, aktyor Elməddin Cəfərov və Aqil M.Quliyev sualları cavablandırıblar.

Qeyd edək ki, “Qış nağılı” filminin senari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə, quruluşçu operatorları Rauf Qurbanəliyev və Orxan Məmmədov, səs rejissoru Orxan Ağalarov, quruluşçu rəssamı Zaur Abdullayev, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadədir.

“Qış nağılı”nda Halil Sezai və aktrisa Müge Boz ilə yanaşı, Sənubər İsgəndərli, Elməddin Cəfərov, Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Oqtay Əliyev, Asya Abdullayeva Əlixan Rəcəbov, Taleh Yüzbəyov və başqaları rol alıblar.

Filmin saundtrəkinin bəstəkarı Elvin Novruzovdur.

Filmdə hadisələr yeni il gecəsində, bir oteldə baş verir.

AzNews.az