- Cavid müəllim, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsindən 15 il ötür. Bir millət vəkili kimi, bu 15 ili necə dəyərləndirərdiniz?
- 15 oktyabr Azərbaycan tarixi üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki düz 15 il bundan əvvəl - 2003-cü ilin 15 oktyabr tarixində keçirilən Prezident seçkilərinin nəticəsi Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbəsi ilə yekunlaşdı və partiyanın vahid namizədi İlham Əliyev ölkə rəhbəri seçildi. Təbii ki, cənab Prezidentin fəaliyyətini bütün Azərbaycan xalqı qiymətləndirir. Belə ki, 2003-cü ildən sonra keçirilən bütün prezident seçkilərində YAP-ın vahid namizədi kimi cənab Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə qalib gəlib.
Təbii ki, son 15 ili Azərbaycan tarixində ən zəngin dövr hesab etmək olar. İlk növbədə, Azərbaycan dünyada nüfuzlu dövlətə çevrilməyi bacarıb, çox zəngin bir ölkəyə çevrilib. Bu dönəmdə bir sıra beynəlxalq layihələr həyata keçirilib ki, bu layihələr hər bir azərbaycanlının sosial-rifah halına öz müsbət təsirini göstərib. Onu xüsusi qeyd etmək istəyirəm ki, bugün Azərbaycanın hər bir bölgəsi durmadan inkişaf edir, regionlarda istər yol infrastrukturu, istər təhsil müəssisələri, səhiyyə ocaqları tikilib istifadəyə verilir. Ən vacibi odur ki, Azərbaycan bölgədə çox qüdrətli bir ölkəyə çevrilib.
- Dünyada neftin qiyməti artır. Gələn ilin dövlət büdcəsində də neftin 60 dollar götürülməsi nəzərdə tutulur. Sizcə, bütün bunlar iqtisadi gəlirlərə necə təsir göstərəcək?
- Neftin qiymətinin artması sevindirici haldır. Bu, ölkəyə daxil olan vəsaitin artmasına gətirib çıxaracaq ki, bütün bunlar da qarşıya qoyulan işlərin daha uğurla həyata keçirilməsini şərtləndirəcək. Ancaq mən bir məsələyə diqqət yetirmək istəyirəm. Bu gün ölkədə qeyri neft sektonu inkişaf etdirilir. Bu özünü ÜDM-də qeyri-neft sektorunun payında da özünü göstərir. İstər kənd təsərrüfatı, istər sənaye sahələrinin inkişaf nəticəsində həm yeni-yeni iş yerləri açılmış, həm də daxili istehsal artmışdır.
- Milli Məclisdə Regional məsələlər komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Regional məsələlər komitəsi Milli Məclisin ən işlək, fəal komitələrindəndir. Bizim, xüsusilə də, bələdiyyələrlə apardığımız iş, bu sahənin inkişafı üçün hazırladığımız qanunvericilik aktları yüksək qiymətləndirilməlidir. Regional məsələlər komitəsi regionların inkişafı ilə bağlı çox ciddi qanunvericilik aktları hazırlayıb. Hazırladığımız qanun layihələri qəbul edilib. Həmin sənədlər regionların inkişaf etdirilməsi baxımından çox ciddi sənəd kimi qəbul olunur.
- Bələdiyyələrin fəaliyyəti ilə bağlı ciddi fikir ayrılığı var. Siz necə düşünürsünüz. Bu institut yetərincə inkişaf edə bilibmi?
- Bələdiyyə institutu gənc institutlardan biridir. Bu institutun fəaliyyəti, inkişafı və daha təkmil qurum kimi cəmiyyətdə öz yerini tapması istiqamətində davamlı addımlar atılıb. Kifayət qədər qanunlar qəbul olunub. Bəzən görürsən ki, bizim bələdiyyələri 100-200 illik tarixi olan xarici ölkə bələdiyyələri ilə müqayisə edirlər. Məncə, belə müqayisənin aparılması düzgün deyil.
- Məmurların vətəndaş qəbulunda yenilik edilib. Görüşlərin bu səpkidə təşkili ilə bağlı nə deyə bilərsiniz?
- Məmurların vətəndaşlarla görüşlərində edilən yenilik təbii ki, sevindirici haldır. Ona görə sevindiricidir ki, artıq sadə vətəndaşların üzləşdiyi problemləri gündəmə gətirə biləcək, onların həllini daha da sürətləndirəcək. Belə görüşlərdə adətən mövcud problemlər üzə çıxır, yeni təkliflər irəli sürülür. O təklifləri həyata keçirmək lazmıdır. Mən millət vəkili kimi hər ay qəbulumu keçirirəm. Bir neçə dəfə vətəndaş qəbulunda da iştirak etmişəm.
- Cavid Osmanovun seçicilərinin nə kimi problemləri var və o problemlərin həlli üçün hansı addımlar atılır?
- Bir millət vəkili kimi seçicilərimin hər bir müraciətinə diqqətlə yanaşıram. Seçicilərin müraciətləri əsasən sosial problemlərlə bağlı olur. Edilən müraciətlər araşdırılır, aidiyyatı təşkilatlara müraciətlər olunur.
Ədil Ədilzadə
AzNews.az