“Azdrama” səhnəsində üstü açılan 20 illik xəyanət

15 Oktyabr 2018 12:14 (UTC+04:00)

Rus yazıçı-dramatruq Yuri Polyakovun pyesi əsasında hazırlanmış “Sinif yoldaşları” tamaşasına baxmağa getməzdən qabaq hiss edirdim ki, maraqlı və müasir, izləyicini tamaşaboyu diqqətində saxlayan bir səhnə əsəri ilə qarşılacam. Çünki bundan əvvəl eyni səhnədə Ukrayna yazıçısı Anatoli Krımın “Keçmişdən gələn zəng” tamaşasına baxanda da oxşar hissləri yaşamışdım. “Keçmişdən gələn zəng” müasir dövrümüzdən, bizim zamanımızdan bəhs edir və bu zaman yaxınlığı tamaşaçını da istər-istəməz əsəri daha yaxından hiss etməyə, onun bir parçasına çevrilməyə dəvət edirdi.

İnsan dünən yaşadıqlarını bu gün səhnədə görəndə əbədilik hissi qüvvətlənir, özünə qarşı məsuliyyəti artır. Məndən ötrü müasir dövrü mövzu edən tamaşalar həm də buna görə maraqlıdır.

Deyim ki, “Sinif yoldaşları” tamaşasında da eyni hissləri yaşadım.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Tamaşada əməkdar artistlər Sənubər İsgəndərli (Svetlana Poqojeva), Şəlalə Şahvələdqızı (Anna Falikova), Rövşən Kərimduxt (Mixail Tyablov), xalq artistləri Ramiz Novruz (Fyodor Stroçkov), Cəfər Namiq Kamal (Boris Lipovetski), Səidə Quliyeva (Yevgeniya Petrovna), əməkdar artist Füzuli Hüseynov (Viktor Çermetov), aktyorlar Mətləb Abdullayev (İvan Kostromitin), İlahə Həsənova (Olqa), Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytеnant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayev (İkinci cangüdən) çıxış edirlər.

Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.

Sovet dövründə təhsil almış sinif yoldaşları 20 il sonra İvanın 40 yaşını qeyd etmək üçün onun evində yığışırlar. Məktəb vaxtı hamının sevimlisi olan İvan Əfqanıstan müharibəsində yaralanaraq ömürlük şikəst qalıb. Nə hərəkət edə, nə də danışa bilir.

Bu 20 ildə aradan çox sular axıb, həyatın acı dalğaları Robinzon Kruzo təki hərəsini bir kimsəsiz adaya atıb: Çermetov mer olmağa hazırlaşan böyük oliqarxdır, Fedya bomj həyatı yaşayan şairdir, Sveta məktəbi bitirəndən sonra dərhal ərə getsə də, xoşbəxt deyil, Miaxil keşişliyi seçsə də, qəlbi hələ də dünyəvi həyat eşqi ilə döyünür, Anna xoşbəxtliyi tez-tez dəyişdiyi kişilərdə axtarır, yəhudi Boris isə xoşbəxtliyi vətənini dəyişməkdə görüb, ancaq yenə də xeyri olmayıb...

İlk baxışdan belə mənzərə yaranır ki, sinif yoldaşlarının içində təkcə Çermetov xoşbəxtdir. Pulu, var-dövləti, hörməti var. Üstəlik şəhərin meri olmağa çalışır. Ancaq məclis irəlilədikcə biz görürük ki, hamının yarınmağa çalışıb xilaskar kimi baxdığı Çermetov sinif yoldaşlarının ən bədbəxtidir. Bu qədər sərvətə, gücə hakim olmasına baxmayaraq, əlil arabasına bağlı qalmış bitkisəl həyat yaşayan İvanı qısqanır. Ona olan 20 illik həsədi (eyni zamanda nifrəti) hələ də davam edir. Çünki Sveta o vaxtı Çermetovu yox, məhz İvanı seçmişdi. Halbuki Çermetovun ondan heç bir şeyi əskik deyildi, İvan kimi o da könüllü Əfqanıstana getmişdi. Hətta Sveta ilə aralarında bir gecəlik məhəbbət də yaşanmışdı. Bununla belə, Sveta Əfqanıstana yazdığı ayrılıq məktubunu İvana yox, məhz ona ünvanlamışdı.

Ancaq tamaşa məişət faciəsi, ayrı-atrı personajların taleyi üzərində qurulmayıb. “Sinif yoldaşları” bütövlükdə böyük bir epoxanın ruhunu əks etdirir. Biz səhnədə SSRİ dağılandan sonra nəhəng boşluğa düşən, yeniliklərə alışmayan (və alışan) postsovet insanlarının yaşantılarına şərik oluruq. Tamaşadakı kiçik detalları çıxsaq görərik ki, “Sinif yoldaşları” təkcə Sovetlərdən sonra “yetim” qalmış rus insanının faciəsini deyil, ümumilikdə postsovet insanlarının həyatını əks etdirir. Dərindən götürəndə SSRİ dağılandan sonra Rusiyanın kiçik bir şəhərində baş verən bu hadisələr postsovet ölkələrinin bütün bölgələrində yaşanılıb, eyni proseslər baş verib, keçmiş SSRİ vətəndaşları eyni aldanışları, eyni məhrumiyyətləri görüblər. Bu baxımdan Polyakovun əsəri sinif yoldaşlarının deyil, postsovet yoldaşlarının dramıdır.

Ona görə deyirəm ki, “Sinif yoldaşları” müasirdir, epoxanın ruhunu duyur. Və onun gözünə bir qədər Polyakovun şirin yumorunu əlavə etdikdə ortaya belə gözəl səhnə əsəri çıxır.

Aktyorların ifalarına gəldikdə isə düşünürəm ki, bu barədə peşəkarlar danışsa, daha yaxşı olar. Mənim fikrimcə, sonda içi özümqarışıq tamaşaçıların sürəkli alqışları aktyor oyununun necəliyindən xəbər verir.

Arzu edirəm ki, Azərbayacan Akademik milli Dram Teatrının səhnəsindən bu cür tamaşalar əskik olmasın.

Ardı gəlsin.

Mirmehdi Ağaoğlu

AzNews.az