Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir - Kardinal Canfranko Ravazi

16 Oktyabr 2018 17:49 (UTC+04:00)

Vatikan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Vatikan muzeyi, Vatikan kitabxanası və katakombalar ilə bağlı həyata keçirdiyimiz birgə layihələr böyük əhəmiyyət daşıyır. Xüsusilə Romada Müqəddəs Sebastian katakombalarının bərpası ilə bağlı əməkdaşlıqdan çox razıyıq.

Bu fikirləri Vatikan Dövlətinin Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti Kardinal Canfranko Ravazi söyləyib.

Canfranko Ravazi Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının bu yaxınlarda Romada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılış mərasiminin keçirildiyini xatırladaraq bunun önəmini qeyd edib.

Kardinal deyib ki, ümumilikdə katakombalarda bərpa işləri davam edir. Bu işlər başa çatandan sonra restavrasiya edilmiş bütöv sərdabələrin sayı on iki olacaq. Bu, çox incə işdir, mərmər sərdabələr hələ qədim zamanlarda (1700-1900 il əvvəl) təbii boyalarla rənglənib. “Freskalarının gözəlliyi ilə seçilən, lakin heç zaman bərpa edilməmiş katakombalarımız var idi və bütün səylərimi onların bərpasını təmin etməyə yönəltmişdim. Bir çox yerə müraciət etmişdim, ancaq Azərbaycan tərəfinə - Heydər Əliyev Fonduna təşəkkür edirəm ki, müraciətimizə dərhal müsbət cavab verdi”, - deyə kardinal Canfranko Ravazi diqqətə çatdırıb.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti kitabxana sahəsində aparılan əməkdaşlığın vacibliyini də qeyd edib. O bildirib ki, Vatikan kitabxanasında Azərbaycana aid çoxsaylı əlyazma mövcuddur. Azərbaycandan alimlər bu əlyazmalarla tanış olmaq məqsədilə Vatikana gəliblər. Araşdırılmış materiallar elektron formada Azərbaycan tərəfinə təqdim edilib ki, bu materiallar Bakıda da olsun. (AZƏRTAC)

© AzNews.az