Azərbaycandakı tənha və ahılların sayı açıqlandı
4 Aprel 2013 10:30 (UTC+04:00)
Azərbaycanda 13650-dən çox tənha ahıl və əlil var. Onlara əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial-məişət işçiləri tərəfindən evlərində sosial-məişət xidməti göstərilir. Bu barədə Aznews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
13650 tənha ahılın 11 minə yaxını qadınlardır. Xidmətlə təmin olunanların 11 600-dən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi həftədə ən azı 2 dəfə tək ahıl vətəndaşların və əlillərin evlərində olaraq onlara ev təsərrüfatında təmizlik, abadlıq işlərində, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərir.
Onu da qeyd edək ki, evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tək ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər Həkim Məsləhət Komissiyasının və ya Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən (yoluxucu və ya ağır formalı ruhi xəstəliyi olan tək ahıl vətəndaşlar və əlillər istisna olmaqla) xidmətə götürülürlər.
Ruhiyyə
Aznews.az