3 günlük matəm elan edildi: VİDEO

4 Aprel 2013 15:59 (UTC+04:00)


Argentinada daşqın nəticəsində ölən 54 nəfərin xatirəsinə 3-günlük matəm elan edilib. Leysan yağış və güclü külək əsasən, ölkənin iki ən böyük şəhərinə - paytaxt Buenos-Ayresə və La-Plataya ziyan vurub. Burada yağış dayanmadan bir neçə saat yağıb. Ölənlərin əksəriyyəti də elə La-Plata şəhərinin sakinləridir. Əyalətin qubernatoru Daniel Skioli bu şəhərin sakinlərinin hələ belə bir təbii fəlakət görmədiklərini deyib. Onun sözlərinə görə, suyun səviyyəsi enən kimi xilasedicilər yeni-yeni insan meyidləri tapırdılar.

12 nəfərin öldüyü Buenos-Ayresdə də ölənlərin sayının artacağı istisna edilmir. Xilasetmə işləri də davam edir, 2500-ə yaxın adam evlərindən evakuasiya edilib. Argentina prezidenti Kristina Fernandes de Kirşner fəlakət zonası olan La-Plataya gəlib. Prezidentin bu əyalətdə yaşayan anası da evakuasiya edilənlər arasında olub.

Sel suları avtomobilləri, qırılmış ağacları apararaq, dağıntılara səbəb olub. Soyğunçuluq halları da baş verib. La-Platanın ən böyük supermarketinin talandığı bildirilir.

Xilasedicilərin sözlərinə görə, bir çox yerlərdə elektik enerjisi naqilləri qırılıb və cərəyan vurma təhlükəsi var. Neft emalı zavodlarından birində isə qısaqapanma nəticəsində yanğın baş verib.

Bütün Buenos-Ayres və ətraf ərazilərdə 280 minə yaxın adam elektrik enerjisiz qalıb. Yüzlərlə adam gecəni küçədə keçirib. İlk olaraq, aşağı mərtəbələrdə yaşayan sakinlərə yardım edilir. Buenos-Ayres meri Maurisio Makrinin sözlərinə görə, pis hava şəraitindən bu və ya digər dərəcədə 350 min adam zərər çəkib. Argentina Meteoroloji Xidməti isə ölkənin son 100 ildə ən güclü təbii fəlakətlə üzləşdiyini bildirib.

AzNews.az