Merkuriyə kosmik missiya göndərildi

20 Oktyabr 2018 14:25 (UTC+04:00)

Fransız Qvineyasındakı “Kuru” kosmodromundan Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə iki kosmik aparatdan ibarət “Bepi Kolombo” adlı yeni missiya göndərilib.

Kosmik aparatların fəzaya göndərilməsi “Ariane 5” raket daşıyıcısı vasitəsi ilə həyata keçirilib.

“Kolombo” Yaponiya Aerokosmik Agentliyi tərəfindən rusiyalı alimlərlə əməkdaşlıq şəraitində hazırlanıb. Bu aparat dörd il Merkurinin orbitində olan ABŞ-ın “Messenger” planetlərarası stansiyasını əvəz edəcək. Yenidən bu məsafəni qət etmək kosmik aparatın 7 ilini alacaq. Bu zaman ərzində isə Venera planetinin yaxınlığında iki dəfə dövrə vurmaqla onun tədqiqatı həyata keçiriləcək.

2025-ci ildə Merkuriyə yaxınlaşacaq iki aparatdan ibarət kosmik missiya bu planetin səthini və maqnit sahəsini öyrənəcək, müxtəlif orbitlərdə yerləşən süni peyklərlə paralel şəkildə fəaliyyət göstərəcək. Missiya, həmçinin planetlərin təkamül prosesi, nisbilik nəzəriyyəsinin bir neçə maddələri üzrə də araşdırmalar aparacaq.(AZƏRTAC)

AzNews.az