Avtobusda gizlədilən on min ədəd siqaret aşkara çıxarıldı

22 Oktyabr 2018 14:47 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Daewoo" markalı avtobus saxlanılıb və gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı, xidməti it avtobusun sürücü oturacağının ətrafına və mühərrik hissəsinə reaksiya verib. Bu səbəbdən avtobus təkrar yoxlanılıb.

Nəticədə sürücü oturacağının sol tərəfində olan elektrik qoruyucuları lövhəsinin altında gömrük nəzarətindən gizlədilmiş 1600 ədəd "Manchester", avtobusun salonunda olan havalandırma sistemindəki boşluqlarda isə 4000 ədəd "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.

Daha sonra avtobusun mühərrik hissəsi yoxlanılarkən, burada da gömrük nəzarətindən gizlədilmiş 3600 ədəd "Kent Nanotek 2.0", avtobusun sağ hissəsində olan iki ədəd akkumulyatorun ətrafındakı boşluqlarda isə 600 ədəd "Forman" və 200 ədəd "Senator" markalı siqaretlər aşkar olunub.

Ümumilikdə, avtobusda 10.000 ədəd siqaret aşkara çıxarılıb.

Nigar CƏFƏR

AzNews.az