“Mənim sən adda oğlum yoxdur” – Elçin Hüseynbəyli yazır

23 Oktyabr 2018 14:27 (UTC+04:00)

(“Paralel dünyalar” silsiləsindən)

Ana bətnindəki körpəni qətlə yetirmək həm Tanrı qarşısında böyük günah, həm də dəhşətli cinayətdir...

...Aralıdan gülə-gülə mənə tərəf gəlir. Yan-yörəmə baxıram. Mənə elə gəlir ki, o, mənə yox, kiməsə gülümsünür. Ətrafda heç kim yoxdur. Mənə çatanda boynumu qucaqlayır:

- Ah, sevgili, atam, -deyir, sevincindən yerə-göyə sığmır.

Mən onu tanımıram, ona görə də çaşıb qalıram.

- Siz məni kiminləsə, dəyişik salmısınız, -deyə ondan aralanmaq istəyirəm.

- Necə yəni!?- İndi o təəccüblənir, amma üzündə səmim bir gülüş var. -Siz mənim atamsınız. Mən sizi dərhal tanıdım. Həmişə arzu etmişəm ki, bircə dəfə qarşıma çıxasınız. Çox sevirəm sizi - səni də, anamı da, bacı-qardaşlarımı da.

- Vallah, mənim sən adda, sən boy-buxunda oğlum yoxdur, -deyə israr edirəm.

- Necə yəni yoxdur!? Mən səni səsindən tanıdım, sifətin də elə həminkidir. Adı da mənə sən qoymusan.

- Mən!?

- Əlbəttə ki, sən, əziz atam, -deyir təzədən boynuma sarılır.

Ürəyimdə fikirləşirəm ki, bu adam, yəqin dəlidir. Amma çox inamlı danışır, düzü bir az da ona qanım qaynayır.

- Anamı da görə bilsəydim!

Siz məni tumarlayanda, adımla çağıranda elə sevinirdim ki!

Kədərlənir.

- Mən sənin atan deyiləm!

- Siz anamla divanda oturmuşdunuz, sən onu sığllayırdın, anamsa məni.

Məni ora göndərəndə çox kədərləndim. Əslində heç biriniz bunu istəmirdiniz, xüsusən də sən! Ah, ata, -deyir və yenidən boynumu qucaqlayır. O evimizi görə bilsəydim.

- Həmin ev yoxdu, -deyirəm, -söküblər.

- Bilirsən, ata, sənin başqa uşaqların da var, hamımız bir evdə yaşayırıq, istəyirsən sənə göstərim. Özləri də ağıllı-tərbiyəli, istedadlı, özün kimi.

Əlimdən tutur. Mən indi nədənsə ondan aralanmaq istəmirəm, dartınmıram.

Bir evə yaxınlaşırıq. İşıqlı bir evdir. İçəridə cavan oğlan və qızlar oturub.

Pəncərədən baxıram: biri rəsm çəkir, biri yazır, biri raketfason bir şey quraşdırır.

- Bunlar hamısı deyil, -deyir, -lap balacamız, sonbeşiyimiz dəcəldir, döymədiyi, dalaşmadığı adam qalmayıb, amma onu hamıdan çox istəyirik. Sizin əvəzinizdən. Axı o, sizdən ayrı düşüb, biz sizin əvəzinizə də onu sevirik.

- Ağrı hiss edirdin? -qəfil soruşuram.

Kədərlənir:

- Hə, amma səsimi çıxarda bilmirdim. Sizi incitməmək üçün susurdum...

Mən hönkürmək istəyirəm. Ona görə də arxaya çevrilib qaçıram.

O isə yanıqlı səslə arxamca qışqırır:

- Ataaaa!!!

23 avqust, 2018