Seriallarımızı Türkiyə rejissorları çəkəcək

5 Aprel 2013 10:19 (UTC+04:00)
Prezident İlham Əliyev milli televiziya filmlərinin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayırıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov AzNews.az-a açıqlamasında bildirdi ki, ikinci mərhələdə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsi və istəlinən nəticəni əldə etmək məqsədi ilə serialların çəkilişi ilə bağlı mütləq qonşu ölkələrdən rejissorlar dəvət etmək lazımdır.

"Türkiyədən mütəxəssislər-yaxşı ssenarist və rejissorlar dəvət olunacaq. İkinci mərhələdə onların təcrübəsindən istifadə etmək lazımdır. Teleserial çoxlu şərtlərə bağlıdır. Birinci növbədə yaxşı, maraq doğuran ssenari, aktyor oyunu və rejissor olmalıdır. Bunlar isə maliyyəyə bağlı olan şeydir. Prezident maliyyə ayırdı. Dövlət bu sahədə öhdəsinə düşən işi prinsip etibarı ilə gördü. Prodakşınlar çalışmalıdır ki, aldığı maliyyənin əvəzində ortaya normal film qoysun. Yerli aktyorlar kənarda qalmamalıdır. Məsuliyyət maliyyə vəsaitini alan qurumun üzərindədir".

Bahar Rüstəmli
AzNews.az