Yuğdakı “qətl”in beş şahidi – SORĞU

24 Oktyabr 2018 10:20 (UTC+04:00)

“Müəmmalı bir qətlin üç versiyası”

YUĞ Dövlət Teatrında yeni tamaşa - Rünoske Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” təqdim olunub. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid), Elşən Əsgərov (II Şahid) çıxış edirlər.

AzNews.az tamaşa haqqında fikirləri təqdim edir.

Teatrşünas Vidadi Qafarov: “Mehriban Ələkbərzadə bu əsərə artıq ikinci dəfə müraciət edir. Birinci dəfə 1990-cı illərin ortalarında “Azdrama”nın kiçik səhnəsində baxmışdım. Mehriban xanımın quruluş verdiyi o tamaşa da kifayət qədər uğurlu idi. Səhv etmirəmsə, “2+1” festivalı çərçivəsində oynanılmışdı. Bu tamaşaya gəldikdə, Mehriban xanımın bütün tamaşaları kimi səliqəliliyi, peşəkarlığı ilə seçilir. Hər bir aktyorun öz vəzifəsi, rejissor youmu hiss olunur. “Müəmmalı bir qətlin üç versiyası”nın özəlliyi ondadır ki, Mehriban xanımın Yuğun səhnəsində ilk tamaşasıdır. Yuğ estetikasına meyillilik hiss elədim. “Müəmmalı bir qətlin üç versiyası” Mehriban xanımın digər tamaşalarından məhz bununla fərqlənir. Sözsüz əsərin dramatikliyi qorunub, süjet xəttinin paralel inkişaf xətti saxlanılıb. Tamaşada bir az detektivlik amili də var. Bu arada “Azdrama”nın səhnəsində qoyulmuş birinci quruluş yadıma düşür. O tamaşada Şükufə Yusupova və Rafiq Əliyevin ifaları yadımda qalmışdı. Bu tamaşda isə Gülzar Qurbanova ilə Oktay Mehtiyevin ifasını xüsusi vurğulamaq istəyirəm. Onların ifaları xüsusi ilə yaddaşda qaldı. Yeni estetikaya meyillilik məsələsində müəyyən qədər üslub qarışıqlığı hiss olunsa da, bütövlükdə uğurlu tamaş hesab edirəm”.

Jurnalist-publisist Ramilə Qurbanlı: “Mehriban Ələkbərzadənin dəsti-xətti və Yuğun estetikası... Tamaşa xoşuma gəldi... Xüsusilə rollarını qeyd etmək istədiyim aktyorlar var: Gülzar Qurbanova həmişəki kimi mükəmməl idi; Əbdülqəni Əliyevin plastikasına; Oktay Mehtiyevin ifa tərzinə, aktyorluğuna heyran oldum. Ümumilikdə tamaşadan zövq aldım. Sonluq istəyərdim ki, bir az vurğulansın. Bir də ki, təklif edərdim, tamaşa bir qədər qısaldılsın, bir saatdan artıq bir az uzun müddətdir”.

Teatrşünas Aliyə Dadaşova: “Əvvəlcə onu deyim ki, tamaşanın mizan və rəng həlli əhvalatın vurğulanan dramatizminə adekvat və ugurlu idi. Sadəcə, əhvalatda rejissorun əsas vurguladığı nöqtələr mənim əhvalatda görmək istədiyimlə üst-üstə düşmədi.
Həqiqət, onun mütləq olub-olmaması, faktın özü və şərhi... Elə bilirəm, bunlar bugünkü dünyanın xəbər cəngəlliyində itib-batmış insanlar üçün aktualdır. Tamaşa da sanki bu nöqtədən başlayırdı. Lakin daha sonra aktyor oyununda, musiqidə gördüyüm təfərrüatlı dramatizmlə bu ideya fokusdan qaçdı. Qadının cəmiyyətdəki istənilən halda günahkar vəziyyəti vurgulandı: "Qadın subyekt yox, bir yanaşma obyektidir və bu, faciədir. Bütün versiyalarda günahkar o özüdür".

Və ya baş verən bir hadisə ilə insan psixoligiyasının qəribəliklərinin ortaya çıxması kimi psixoanalitik aspekt ön plana çəkildi.

Və təəssüf ki, bunlar məndə hər hansı yeni fikir oyatmadı. Səhnədəki xəzəl, yapon musiqisi, Gülzar Qurbanovanın və Əbdülqəni Əliyevin duruşu, jestləri tamaşanı başqa, tanış yerə aparırdı və bu, mənim getmək istədiyim yer deyildi”.

Kinoşünas Sevda Sultanova: “Rünoskenin bu əsəri əsasında Kurosavanın çəkdiyi “Raşomon” sevdiyim filmlərdəndir. Əsəri teatrda görmək maraqlı gəldi. İlk baxışda sadə görünə bilər, amma əslində quruluşu çətin, intellekt, fərqli yanaşma tələb edən əsərdir. Tamaşada Mehriban Ələkbərzadənin zəhmətini, əməyini, minimal şərtlərdə belə söz demək bacarığını, yaradıcılığını gördüm. Çoxmənalı mizanlar, rəng həlli, rəvan strukturu diqqətimi çəkdi. Yadımda ən çox quldur rolunun ifaçısı Oktay Mehtiyevin oyunu qaldı. Əbdülqəni Əliyevin səs fakturası isə qıcıq doğurdu”.

Yazıçı Samirə Əşrəf: “Yuğ” teatrında son zamanlar zövq alınası bir neçə tamaşa izləmişəm ki, bunlardan ən çox yadımda qalanlar rejissor Günay Səttarın qurluşunda “Metamarfoza”, “Təklif” tamaşaları və son olaraq rejissor Mehriban Ələkbərzadənin hazırladığı “Bir qətlin üç versiyası” tamaşasıdır.

“Bir qətlin üç versiyası” tamaşası ilə bağlı xeyli ürək açıcı məqam vardı. Hər şeydən əvvəl, səhnədə ədəbiyyat və Rünesko Akutaqavanın üsyankar ruhu hiss olunurdu. Rejissor tərəfindən yapon nəsrinə sadiqlik həm də onu Azərbaycan teatr səhnəsində tamaşaçıya çatdıra bilmə bacarığı təqdirə layiq idi. Tamaşa boyu aktyorların dinamik hərəkətləri, xüsusən aktrisa Gülzar Qurbanovanın bədən dilinə müraciətləri maraqlı və bir az da qorxulu təəssürat yaradırdı. Tamaşadakı obrazların qaranlıqdan süzülən qara-qura şübhələri, ney aləti ilə həmahəng musiqinin tərtibatı, ağ, qara və qırmızı rənglərin kontrastlığı yapon ənənələri çərçivəsində təqdim olunmuşdu. Nəhayət, qeyd etmək istəyirəm ki, səhnədə həyatının böyük hissəsini teatra, rejissorluq sənətinə həsr edən, kiçik məkanlara sığmayacaq yaradıcı qadının xeyli zəhmətlə ərsəyə gətirdiyi maraqlı, cəlbedici tamaşa və dünya klassikasının şedevrlərindən hesab olunan əsərin azərbaycanlı tamaşaçıya məhz yapon fəlsəfəsi ruhunda çatdırmaq yanğısı vardı... ”

Qeyd: Fotolar Razimə İsmayılovaya məxsusdur.

Mirmehdi,

© AzNews.az