Məktəbli qızın zorlanması işi Respublika Prokurorluğuna göndərildi

5 Aprel 2013 11:26 (UTC+04:00)


AzNews.az-ın "Zorlanan məktəbli qızın anası Prezidentdən kömək istədi" başlıqlı, "Məni hədələyirlər ki, səsini çıxarsan səni öldürərik" yarımbaşlıqlı yazısından sonra cinayət işinin araşdırılmasında irəliləyiş müşahidə olunur.

Belə ki, böyük səs-küyə səbəb olan və eyni zamanda Zərdab Rayon Polis Şöbəsində ört-basdır edildiyi iddia edilən bu cinayət işi sözügedən rayondan alınaraq, araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərilib.

Bunu AzNews.az-a açıqlamasında Zərdan rayon Polis Şöbəsinin müstəntiqi Məsud Rəhimov bildirib: "İşdə zorlama cinayətinin tərkibi olmadığından biz iddiaları rədd etdik. Zorlama cinayətlərinin hamısında tərkib qaydaları var, yəni, 8 ay bundan əvvəl baş vermiş hadisə barəsində bizə heç kim heç nə deməyib. Amma indi iş rayondan alınaraq, Respublika Prokurorluğuna göndərilib. İndi araşdırmaların nəticəsi necə olacaq, görəcəyik".

Məktəbli qızı zorlayan İsmayılov İsrail İsmayıl oğlunun həbs olunub-olunmayacağına isə müstəntiqin cavabı belə oldu: "Onu necə və hansı əsasla həbs edə bilərlər? Axı, o da insandı və hüquqları var".

Xatırladaq k, Zərdab rayon Alıcanlı kənd sakini İ.İsmayılov Alıcanlı kənd məktəbinin şagirdini zorlamaqda ittiham olunur. Məktəbli qız isə bu zorlanma hadisəsindən uşaq dünyaya gətirib.

Bahar Rüstəmli
AzNews.az