Hacıqabul RİH yazımıza reaksiya verdi
5 Aprel 2013 12:09 (UTC+04:00)
AzNews.az Hacıqabul rayonunun Muğan qəsəbəsinin sakini Ələmxan Məmmədovun 100 yaşlı atası Əliyoldaş Məmmədovun üzləşdiyi problemlərlə bağlı müraciətini yayıb. Ələmxan Məmmədov bildirib ki, 1913-cü il təvəllüdlü, ikinci dünya müharibəsi iştirakçısı, 2-ci qrup əlil Əliyoldaş Məmmədov ayda 310 manat təqaüd alır ki, bu da müalicəsinə güclə çatır: "2009-cu ildə daşqınlar zamanı yaşadığımız evə ciddi ziyan dəyib. Dəfələrlə müraciət etməyimizə baxmayaraq ərizələrimizə baxılmayıb. Evin təmiri ancaq qohumların köməyi ilə mümkün olub".
Atasını dəfələrlə rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovla görüşmək istədiyini, ancaq başçının onları qəbul etmədiyini deyən şikayətçi 3 dəfə aldadıldıqlarını vurğulayıb.
Məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Sahib Aslanov redaksiyamıza müraciət edib. S.Aslanov müraciət müəllifinin 2 aydır ki, Rusiyada olduğunu bildirib: "Məlumat üçün bildiririk ki, Böyük Vətən müharibəsi iştirakçısı Əliyoldaş Məmmədov dövlət tərəfindən minik maşını ilə təmin olunub, hər il ona birdəfəlik yardım göstərilir, ayda 310 manat təqaüd alır. 2012-ci ildə əraziyə düşən güclü yağışlar nəticəsində Ə.Məmmədovun fərdi yaşayış evində çökmə gedib, divarlarda çat əmələ gəlib. Məmmədovların müraciəti ilə əlaqədar rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə vətəndaşın evinə baxış keçirərək evin qəzalı olması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərib".
Bundan başqa RİH Ə. Məmmədov tərəfindən Prezidenti Administrasiyasına göndərilən müraciətlə əlaqədar vətəndaşın fərdi yaşayış evinə baxış keçirmək üçün 2012-ci ilin dekabr ayında Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlayıb: "Bu barədə ərizəçi Ə.Məmmədova 2012-ci il dekabrın 24-də məlumat verilib".
Komissiya sədri Əliyoldaş Məmmədovun yataq xəstəsi olduğunu və rayonun başçısı Ənvər Muxtarovun qəbuluna düşmək üçün Rayon İcra Hakimiyyətinə gəlmədiyini də bildirib.
Elnarə Əlosmanqızı
AzNews.az