Təhsil Nazirliyi ilə TQDK razılığa gəldi

5 Aprel 2013 13:06 (UTC+04:00)
"Dərsliklərin hazırlanması üçün keçirilən Tender Komissiyasının tərkibinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndələri də iştirak edəcək". Bu badərə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Mövqe.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı TQDK-ya məktub da göndərilib: "Biz TQDK ilə dərsliklərin təkminləşdirilməsi istiqamətində əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik. Ona görə də özümüz istəyirik ki, dərsliklərlə bağlı yaradılmış Tender Komissiyasının tərkibində TQDK-nın da nümayəndəsi olsun. Qeyd edim ki, bu Komissiyanın tərkibində Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələri var. Bundan sonra həmin Komissiyada TQDK-nın da nümayəndəsi iştirak edəcək. Artıq elan verilib ki, 6-cı sinif bütün fənlər üzrə dərsliklərlərin hazırlanması üzrə tender keçirilsin. Hətta biz TQDK-ya məktub göndərmişik ki, Dərsliklərin Qiymətləndirmə Şurasının (DQŞ) ekspertləri arasında onların özlərinin seçdiyi iki ekspert olsun. Tutaq ki, DQŞ-nın 5 eksperti varsa onun ikisi TQDK-nın seçdiyi, məsləhət bildiyi şəxs olsun. Yəni biz də istəyirik ki, dərsliklər təkminləşdirilsin, dərsliklər nöqsansız olsun".

F. Şahbazlı bildirib ki, Təhsil Nazirliyi bu işdə onlara yardım edən hər bir şəxsə minnətdarlığını bildirir: "O gün mətbuat konfransında da, TQDK sədri Məleykə Abbaszadə bu işdə Təhsil Nazirliyinin onlara kömək edəcəyinə güvəndiyini söylədi. Mən Məleykə xanıma Təhsil nazirliyinə ünvanladığı bu xoş sözə görə minnətdarlığımı bildirirəm. Və demək istəyirəm ki, nazirlik dərsliklərlə bağlı səslənən hər bir obyektiv fikrə hörmətlə yanaşıbr. Biz hamıdan çox istəyirik ki, dərsliklərimiz nöqsansız olsun. Bu işdə bizə kim kömək edirsə, əlbəttə ki, biz həmin insanlara minnətdarıq".

AzNews.az