Paşinyan yalvarışla Avropadan 3 milyon avro qoparsa da… - ŞƏRH

1 Noyabr 2018 12:03 (UTC+04:00)

Yadınızdadırsa, iyul ayının 11-12-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində NATO-nun 29-cu zirvə toplantısı keçirildi. NATO-nun baş katibi Yens Stoltenberqin şəxsi dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev də bu toplantıda iştirak elədi. Və Azərbaycan Prezidenti burada yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həllini tapdı.

Toplantı çərçivəsində bir daha bəyan olundu ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır. Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Həmçinin, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.

Bunların fonunda isə Ermənistanın rüsvayçılığı dövlət səviyyəsində bəyan edildi. Çünki keçmiş baş nazir Nikol Paşinyan Brüsselə çox böyük ümidlərlə getmişdi, lakin məyus və əli boş qayıtdı. Baxmayaraq ki, Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi.

Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul qoparmaq niyyətində idi. Bunun üçün yalvarışlar etməyi belə özünə ar bilməyən Paşinyan nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyirdi. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.

Lakin çoxsaylı yalvar-yaxarlardan sonra Paşinyan Avropadan cəmi-cümlətanı 3 milyon avro qopara bildi. Belə ki, 17-18 oktyabr tarixlərində Avropa İttifaqının (Aİ) xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olublar. Səfərin nəticəsi kimi Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verib.

Bu arada maraqlı bir məqamı xatırladaq: Aİ 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün Ermənistana 7 milyon avro ayırmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən, seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və digər faktların ortaya çıxması Aİ-ni çətin duruma saldı.

Çünki Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışmışdı. Lakin 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan özü də seçkilərin anti-demokratik şəraitdə keçirildiyini iddia edərək, yeni parlamentin legitim olmadığını irəli sürmüşdü. Görünür, Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sarqsyan hökuməti ilə əlbir olduğunu demək istəyirmiş.
Daha sonra küçələrin hay-küyçüsü Paşinyan özü hələ ilk günlərdən Avropadan pul dilənməyə başlayır. Beləliklə, NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları “dilənçi guşəsinə” çevirməklə Avropalı dövlət başçılarından mədəd uman zavallı Nikol haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər…

Nəticə isə göz qabağındadır, Avropa İttifaqı Ermənistana olan maliyyə dəstəyinin həcmini 2 dəfədən də çox azaltdı. İttifaq rəsmiləri də açıq şəkildə elan etdilər ki, Aİ-dən başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil.
O zaman, niyə Avropa İttifaqı maliyyə dəstəyini 2 dəfə artırmaq əvəzinə, elə o qədər də azaltdı? Məgər ölkədə səsvermə hüququna malik şəxslərin sayı azalıb? Yoxsa Aİ fikirləşir ki, Paşinyan Ermənistandakı siyasi durumu sabitləşdirmək əvəzinə Aİ-nin dəstəyi ilə öz diktaturasını yaratmaq istəyir? Niyə də olmasın?! Görünür, Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən ciddi şəkildə ehtiyatlanır.

Beləcə, Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini görmüş oldu. Budur, Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı seçki məcəlləsinə dəyişikliklər paketi 30 oktyabr tarixində Ermənistan parlamentində qəbul edilmədi.

Güman edək ki, artıq Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaqlar.

Elgün MƏNSİMOV
AzNews.az