“Ağ çörək yeyib, qara çörək yeyənləri düşünmürsüz” - Abutalubovun telefon danışığını sürücülər alqışladı

1 Noyabr 2018 13:12 (UTC+04:00)

Şəxsi maşınlarıyla yük daşıyan sürücülərin cərimələnməsi ilə bağlı narazılıqları Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsən nəzarətə götürüb.

Axar.az xəbər verir ki, H.Abutalıbov sürücülərlə görüşərək, problemin həll edilməsi istiqamətində addımlar atıb. O, sürücülərlə görüşdə aidiyyəti qurum rəhbəri ilə telefon əlaqəsi yaradaraq, cərimələrin dərhal dayandırılmasını tələb edib.

“Mən sizə deyirəm, dayandırın yığılan pulları! Dayandırın! Ümumi qərar qəbul edək, ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra pullar yığılsın”.

H.Abutalıbov hətta danışdığı məsul şəxsə cərimələri özünün ödəməyə hazır olduğunu da bildirib:

“Nə qədər edir, mən verirəm. Amma camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur, sonra...

Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu, ayrı-seçkilikdir. Bunlara oktyabrın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb?!”

Baş nazir müavininin telefon danışığı zamanı qurum rəhbərinə dediyi “ağ çörək yeyib, qara çörək yeyənləri düşünmürsüz” sözləri isə sürücülərin alqışına səbəb olub.

H.Abutalıbovun bu çıxışı sosial şəbəkə istifadəçiləri və digər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Abutalıbov həmçinin bildirib ki, Daxili İşlər naziri Ramil Usubovla bu məsələni müzakirə edəcək və sürücülərə güzəşt alacaq.

***

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi Kamran Əliyev günün pik saatlarında paytaxta daxil olduqları üçün oktyabrın 26-dan bu vaxta qədər cərimələnən sürücülərə tətbiq edilən təxminən 200-ə yaxın protokolun ləğv ediləcəyini açıqlayıb:

“Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, bu məsələyə güzəştlər tətbiq ediləcək. Amma bu, son güzəşt olacaq. Çünki yol polisi bu tip qayda pozuntularına qarşı mübarizəni gücləndirir. Bu gündən heç bir sürücüyə güzəşt olunmayacaq. Çünki paytaxtın həm şimal, həm də cənub girişində bir neçə ərazidə yük avtomobillərinin giriş saatını bildirən nişanlar qoyulub. Üstəlik, bu cür qayda pozuntularına texniki vasitələrlə də nəzarət gücləndirilib”. (axar.az)

© AzNews.az