Poroşenko niyə Moskvanın qara siyahısına düşməyib? – Peskovun açıqlaması

1 Noyabr 2018 16:24 (UTC+04:00)

Xəbər verildiyi kimi bu gün Rusiyanın baş naziri Dmitri Medvedev 322 ukraynalıya və 68 Ukrayna şirkətinə qarşı xüsusi iqtisadi ölçü götürülməsi haqda qərar verib. Qərara görə, adları siyahıda olan şəxslərin və şirkətlərin Rusiya ərazisində fəaliyyət göstərən banklardakı hesabları dondurulub. Onlar, həmçinin nə Rusiyaya, nə də Rusiyadan pul köçürmələri həyata keçirə biləcəklər.

O siyahıda Ukrayna prezidenti Petr Poroşenkonun adının olmaması məsələsinə rəsmi Kremldən cavab gəlib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, ənənəyə görə prezidentlər sanksiyaların siyahısına salınmır.

Qeyd edək ki, Rusiyanın qara siyahısında ata Poroşenkonun yerinə onun oğlu Alekseyin adı salınıb. Bu olaya hələki prezident Poroşenkodan rəsmi mövqe bildirilməyib.

Ukrayna liderinin başı isə Almaniya kansleri Angela Merkeli Kiyev şəhərində qarşılamağa qarışıb. Çox böyük ehtimalla hər iki ölkənin liderləri Moskvanın Ukraynaya qarşı həyata keçirdiyi sanksiyaları müzakirə edəcəklər.

Babək Göyüş

AzNews.az