Bəzi palçıq vulkanları süni şəkildə püskürüb, səbəbi...

2 Noyabr 2018 07:57 (UTC+04:00)

Palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə səbəb olur.

Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda insan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb:

"Məsələn, Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı 2000-ci ildə püskürüb. Biz həmin tarixdən əvvəl bu vulkanın püskürmələrini qeydə almamışıq. Püskürmə ona görə baş verib ki, kraterin yanında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb, eyni zamanda, vulkanın krater sahəsi eroziya ilə yuyulub. Bütün bu səbəblər nəticəsində vulkan oyanıb. Biz hesab edirik ki, həmin vulkanın püskürməsi süni püskürmə olub”.

A.Əliyev qeyd edib ki, 2001-ci ildə Lökbatan vulkanının kraterinin yanında aparılan qazıntı işləri də həmin vulkanın güclü şəkildə süni püskürməsinə səbəb olub.(trend.az)

AzNews.az