Şimali Koreyanın yaratdığı narahatlıq- VİDEO

6 Aprel 2013 18:50 (UTC+04:00)
Şimali Koreya dövlət televiziyasının yaydığı kadrlar 17-22 mart tarixlərində lentə alınsa da, onun harada çəkildiyi bilinmir.
Kadrlarda Kim Çen İnin Şimali Koreya ordu qüvvələrinə baş çəkməsi, müdafiə sənayesi konfransında iştirak etməsi, hava əleyhinə müdafiə raketlərini və pilotsuz hava aparatlarını təftiş etməsi əks olunub. Bu arada rəsmi Pxenyan Cənubi Koreya və Amerika Birləşmiş Ştatları ilə müharibə şəraitində heç bir ölkənin səfirinin təhlükəsizliyinə görə cavabdehlik daşimayacağı ilə bağlı xəbərdarlıq edib.

Bu açıqlama Pxenyanda olan 15-ə yaxın ölkə səfirliyini narahat edib.

Vəziyyətlə bağlı açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanın müraciəti ilə əlaqədər rəsmilərlə danışıqlar apardığını bildirib.

Ağ Evin mətbuat katibi Cey Karni isə bölgədə yaranmış gərgin vəziyyətlə əlaqədər hələlik rəsmi Pxenyanın ritorikasından başqa heç bir hərbi fəallığın müşahidə olunmadığını qeyd edib: "Əgər rəsmi Pxenyan raketləri uçurmağa başlayarsa, bizim üçün bu, heç də süpriz olmayacaq. Şimali Koreya hökumətinin bu cür addımlarını əvvəllər də müşahidə etmişik. Biz bir daha onları təxribatlara son qoymağa və beynəlxalq öhdəliklərə riayət etməyə çağırırıq".

Cənubi Koreyanın Pxyontkek şəhərində Koreya yarımadasında yaranmış gərgin vəziyyətlə bağlı bir qrup fəal etiraz aksiyası keçirib. Fəallar Amerika və Cənubi Koreya ordusunu birgə hərbi təlimlərə son qoymağa çağırıblar və tərəflər arasında dialoqların bərpasını vacib hesab ediblər.(anspress.com)

AzNews.az