“SSRİ-ni dağıtdıq” - Əli Həziquliyevlə YUBİLEY MÜSAHİBƏSİ

1 Noyabr 2018 23:10 (UTC+04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin üzvü, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin AzNews.az-a müsahibəsi:

- Bu gün 50 illik yubileyinizdir. Təbrik edirik. Doğum günlərini adətən necə keçirirsiniz?

- Çox sağ olun! Doğum günləri keçirməyin o qədər də aludəçisi olmamışam. Doğum günlərimin əksəriyyəti elə adi günlərim kimi keçib. Buna baxamayaraq, dost-tanışlarım sağ olsun ki, heç vaxt məni tək qoymurlar. 3-5 nəfər də olsa, yığışıb qeyd edirlər. 50 il ömrün yarısı olduğu üçün bir balaca hiss elədim ki, deyəsən qocalıram.

- 50 - yaşadığınız illərin sayıdır. Bəs, özünüzü ruhsal olaraq neçə yaşda hiss edirsiniz?

- Yaş sayı ancaq doğum günlərində adamın yadına düşür. Başqa vaxtlar hiss eləməmişəm ki, ya qocalıram, ya necəyəm. Elə cavanlığımda, uşaqlığımda necə idimsə, o ruhda da qalıram. Bəzən mənə elə gəlir ki, 18-20 yaşımda olduğum kimiyəm, o illərin təəssüratı ilə yaşayıram. Lakin birdən həmin illərdə baş vermiş hadisələr yada düşəndə elə bilirəm ki, bəlkə də üzərindən 100 il keçib.

- Hansı hadisələr?

- Mənim gənclik illərim birbaşa Xalq Hərəkatı dövrünə düşdü. Demək olar ki, dağıdıcılıq işi ilə məşğul idik, SSRİ-ni dağıtdıq. Sonra yerində respublika qurmağa çalışdıq. Yəni bizim üçün təlatümlü illər oldu. O vaxtdan bu günə qədər hələ də elə bilirəm ki, yenə nə isə yaradırıq, nə isə qururuq, nə isə dağıdırıq, nəyəsə qarşı mübarizə aparırıq. Bəlkə də gözümüzü açandan o prosesləri gördüyümüzə görə, yenə də o əhval-ruhiyyədəyik. Yəni ruh olaraq həmin illərin adamıyam, hərəkətli insanam.

- Bu yaşa qədər qarşınıza qoyduğunuz məqsədlərə nə dərəcədə nail ola bilmisiniz?

- Açığı, qarşıma qoyduğum məqsədlər fərdi deyil, ümumi idi. Məsələn, respublikamızın müstəqil, azad olmasını istəmişəm. Bu gün həmin müstəqilliyimizə, azadlığımıza nail olmuşuq. Bir qədər demokratik cəmiyyətin qurulmasında ləngiyirik, buna da insanlarımız hələlik tam hazır deyillər. Qarşımıza qoyduğumuz ikinci ən böyük məqsəd bütöv və böyük bir Azərbaycan qurmaq idi. Bu istəyimizə hələ də çata bilmirik. O zaman qarşımızda duran digər əsas məqsəd Qarabağı qaytarmaq deyil, ermənini oradan qovub çıxarmaq idi, indi bunun üzərinə Qarabağı azad etmək istəyi də əlavə olunub. Yəni qarşıya qoyulan amalların 50 faizinə çatsaq da, 50 faizi tamamlanmamış qalır.

- Bəs şəxsi həyatınızda, karyeranızda necə?

- Demək olar ki, karyeram da ad günlərim kimi olub. Fərqində olmamışam ki, mənim karyeram olmalıdı, yəni onun dalınca qaçmamışam. Bu gün kiməmsə, nəyə nail olmuşamsa, hamısı səmimiyyətimin, mübarizəmin sayəsində olub. Təvazökarlıqdan uzaq olsa da, karyera haqqında heç vaxt fikirləşməmişəm. Nə bacarmışamsa, cəmiyyətə nə töhfə verə bilmişəmsə, onları eləmişəm. Hesab edirəm ki, əslində, daha böyük işlər görə bilərdim, amma xaraktercə bir qədər utancaqlığım, çəkinəcəkliyim buna imkan vermədi. Hələ həyat qabaqdadır.

- Əli müəllim, jurnalistikaya necə gəldiniz?

Əslində, jurnalistikaya jurnalist olaraq gəlməmişəm. Məni jurnalistikaya həyat vadar edib, siyasətdən jurnalistikaya keçid almışam. Hərəkatdan sonra siyasətə qoşuldum, siyəsətdən sonra da özümü burada gördüm. Boşluqdan istifadə edib bu işə baş qoşdum ki, bu vasitə ilə nəyəsə nail olum. Bu gün özünüz də görürsünüz ki, cəmiyyətdə jurnalistikadan başqa söz deyən yoxdur. Cəmiyyətə təsir etmək imkanına malik olanlar yenə də jurnalistlərdir. Açığı, hesab edirəm ki, jurnalistikada da kifayət qədər iş görmüşəm. Heç kimdən yardım almadan, heç kəsi incitmədən, yormadan jurnalistikaya, cəmiyyətə öz yaratdığım bir qəzetlə xidmət eləmişəm.

- Qəzet baş redaktoru kimi, qəzetçiliyin gələcək taleyini necə görürsünüz?

- Jurnalistikanın gələcək taleyi onsuz da parlaqdır. Qəzetçilik də heç bir zaman ölməyib. Düzdür, internet mediası bu gün jurnalistikada aparıcı mövqeyə malikdir. Buna baxmayaraq, yazılı medianın yerini heç bir internet mediası doldura bilməyəcək. Bu gün internet mediasının özünün də çox ciddi boşluqları var, insan bu gün yazdığının sabah sahibi deyil. Bəzən insan yazdıqları ilə bütövləşir. Bu gün yazdığın sabah xoşuna gəlməyib onu pozanda artıq jurnalistikadan da keçir. Qəzet isə yazlı bir arxivdir. İnanmıram ki, internet nə vaxtsa keçmişi, arxivi qoruyub-saxlaya bilər. Ümumi olaraq, Azərbaycan jurnalistikası getdikcə inkişaf edəcək. Bu gün jurnalistikada olanların 20 faizi öz işi ilə məşğuldur, 80 faiz isə yenə də başqa işlərlə məşğuldur. Çox güman ki, gələcəkdə insanların informasiya tələbatı artdıqca qəzetçiliyə ehtiyac olacaq, inkişaf prosesi daha da sürətlənəcək.

- Bir neçə dəfə deputatlığa namizəd olmusunuz. Növbəti seçkilərlə bağlı planlarınız varmı?

- Təbii ki, mən dedim, jurnalistika ilə siyasətə görə məşğul olmuşam. Seçkilər bu gün Azərbaycanın siyasi həyatında aktiv bir məşğuliyyətdir. Siyasətlə məşğul olan insan seçkilərin ədalətli və ya ədalətsiz keçirilməsi prizmasından yanaşmadan mütləq seçkidə iştirak etməlidir. İştirakın əsas məqsədi insanlarla görüşmək, onlara azından seçki prosesini öyrətməkdir. Hər bir namizədin özü ilə bərabər 200-300 nəfəri seçki məntəqəsinə gətirə bilməyi belə seçicilərdə bir vərdiş yaradır. Digər tərəfdən, siyasətçinin özünü göstərə bildiyi yeganə sahə seçkilərdir. Bundan da imtina edəndən sonra geriyə heç nə qalmır. Ona görə növbəti seçkilərdə güman ki, iştirak edəcəm. Qalib gəlib-gəlməyəcəyimə baxmayaraq, bu prosesin özünə müsbət yanaşıram.

Elgün MƏNSİMOV
AzNews.az