Azərbaycanda o gözəl yoxdu, yoxsa şairlərdə o istedad? - Məşhurların cavabı

2 Noyabr 2018 16:20 (UTC+04:00)

Mikayıl Müşfiq yaradıcılığının zirvəsi şübhəsiz ki, “Yenə o bağ olaydı" şeiridir. Şair bu şeiri yazanda hələ gənc idi, amma həbsə atılmasına, işgəncələrə məruz qalmasına, sonra da güllələnməsinə çox qalmamışdı.

Təbii ki, şeir elə sənətdir ki, ilhamverici nəsə olmasa, yaza bilməzsən.

Mikayıl Müşfiq bu şeiri 1936-cı ilin yay günlərində Pirşağıda yazıb. Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, Müşfiq şeiri həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri şeirin ünvanını tanısalar da, bu haqda danışmayıblar. Şayiələr gəzib. Yalnız ötən əsrin sonunda şeirin ünvanlandığı şəxsin kimliyi açıqlanıb.

Bu qadın Arifə Məmmədxanlı - yazıçı Ənvər Məmmədxanlının bacısı idi.

Nədənsə bütün gözəl şeirlər qadınlara yazılır. Elə Mikayıl Müşfiqin bu şeiri kimi. Baxmayaraq ki, Müşfiq onda evli idi. Deməli, sevgi məfhumu şeiri gözəlləşdirib.

İndi niyə belə axıcı, anlamlı şeirlərin sayı azdır? Buna səbəb Müşfiq kimi şairlərin ya Arifə kimi gözəl qadınların olmamasıdır?

Müğənni Nura Suri məsələ ilə bağlı AzNews.az-a deyib ki, zəmanə dəyişib: “Mən bunu hər müsahibəmdə deyirəm. Əgər bu gün sevgi sözü seks sözü ilə əvəzlənibsə, dəyərlərimiz dəyişibsə, hamı əvvəllər ayıb hesab olunan hərəkətləri indi açıq-aşkar edirsə - söhbət qeybətdən, böhtandan, şərdən, başqasının həyatına burnunu soxmaqdan gedir - deməli, çox pis zəmanəyə gəlib çatmışıq. Əslində istedadlı yazarlarımız da var, çox dərin mənalı şeirlər yazan şairlərimiz də var, nəğməkar şairlərimiz də var, sadəcə olaraq, onlar dəbdə deyil. Dəbdə ancaq bayağı mövzulardır. İndi hər kəsin ağlı tez, amma keyfiyyətsiz, kəmiyyəti düşünən işlərlə məşğuldur. Yəni ki, bunu sevdim, onu sevdim, onunla görüşdüm kimi mövzulardır. Gənclər arasında da müşahidə etsək, bunu hiss edərik ki, insanların qəlbində sevginin olmaması, robotlaşması, zombiləşməsi dünyanın sonuna gətirib çıxara bilər. Söhbət qadının kişiyə, kişinin qadına olan sevgisindən getmir. Ümumi sevgidən, insanlara olan, həyata olan, Allaha olan, insanın qəlbində olan sevgidən gedir. Sevgi hissi yoxdursa, insanlar hər şeyi ehtirasa bağlıyırlarsa, nə demək olar ki!?”

Jurnalist, "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalın fikrincə o qədər də məşhur olmayıb, olduqca gözəl yazan şairlərimiz var:

“Mən sizin kimi pessimist düşünmürəm. Gözəl qadınlar da var, gözəl şeirlər də. İndi də gözəl qadınlar, onlardan ilhamlanaraq, gözəl şeirlər də doğulur. Məsələn, elə sosial şəbəkələrdə, xüsusən Facebookda mən elə şeirlərə rast gəlirəm ki, sözün əsl mənasında adamı silkələyir, ürəyə təsir edir. Bəzi müəlliflər cavandır, hətta o qədər də imza olaraq populyar deyillər. Amma kifayət qədər istedadla yazırlar. Əlbəttə, Mikayıl Müşfiq böyük şairdir, xüsusən də taleyi, yaşadıqlları, başına gələnlər onu bizə daha da doğmalaşdırıb. Amma kim iddia edə bilər ki, Ramiz Rövşənin şeirləri "Yenə o bağ olaydı" şeirindən zəifdir, içdən yazılmayıb? Yaxud Rüstəm Behrudinin, Vaqif Bayatlının şeirləri... Hər biri gözəl ədəbi, poetik nümunələrdir. Və ya gənclərdən Aqşin Evrən gözəl yazmırmı? Aqşin Yenisey, Salam Sarvan...

Azərbaycan ədəbiyyatını, poeziyasını onlarsız təsəvvür etmək mümkün deyil”.

Aktirisa Dilarə Əliyeva hesab edir ki, indi də çox gözəl şeirlər yazılır. Gözəl qadınlara da həmçinin:

“Məsələn, elə Vaqif Bayatlının bu şeiri kimi:

Dünyanın ən güclü adamı
ola da bilmərəm, olmaq da istəmirəm.
İstəmirəm bir kimsə mənimlə qorxuda uşağını.

Dünyanın ən varlı adamı ola da bilmərəm, olmaq da istəmirəm, rahat yatmaq istəyirəm gecələr.

Mən səni, mən səni
dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki
bütün yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə,
yavaşca sevmək istəyirəm,
Tanrıdan yazılantək.
Bir balaca quş
öz balaca yuvasının
küncünə qısılantək.

Necə gözəldir, çığırsız, bağırsız, hay-küysüz. Nə bilim, çox həzin bir sevgi şeiridir. Mən düşünürəm ki, belə şeirlər var, yaranır, yaranacaq da. Çünki Azərbaycan həqiqətən diyar olaraq, elə bir məmləkətdir ki, bura diyar olaraq, mütləq zaman-zaman sözünü deyən şairlər yetişdirib. Mənə elə gəlir ki, şairlər, şair olmaq istəyən insanlar daha çoxdu Azərbaycanda. Bizim çox şairimiz var ki, sevginin özünü də çox gözəl tərənnüm edib”.

D. Əliyeva Vaqif Səmədoğlunun şeirini də xatırladıb:

“Nə çoxmuş dünyanın yükü; sevgisi yük, nifrəti yük.

Görüşəndə – söhbəti yük,

Ayrılanda – həsrəti yük.

Görüşəndə söhbəti,

Ayrılanda həsrəti yük...

Çox gözəl şeirlər var. Ramiz Rövşənin özünün çox mənalı, gözəl şeirləri var. Şeirlər də hisslərdən yaranır. Bu dünyanı idarə edən beş hiss üzvümüzdür. Bu hisslər bizim düşüncəmizə birbaşa təsir edir.

Hişqoq ən qorxulu filmləri çəkən rejissordur. Mən sizə deyim ki, onun özü inanılmaz dərəcədə qorxaq insan olub. Ona o filmlərini yaratmağa o qorxu hissi çox kömək edib.

Ümumiyyətlə mən düşünürəm ki, sənət insanının, yaradıcı insanın ürəyi zəngin olmalıdır, dəyərləndirməyi bacarmalıdır. İnsan ömrünün özünü belə üç sözlə ifadə etmək olar. Doğuldum, sevdim, öldüm. Nə baş verirsə bu üç sözün arasında baş verir”.

Səidə Nurməmmədli,

AzNews.az