Paytaxtda Dünya İqtisadi Forumu keçiriləcək -VİDEO
6 Aprel 2013 21:06 (UTC+04:00)
Sabahdan Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu işinə başlayacaq. Tədbirdə regionun gələcəyi və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlıq müzakirə ediləcək.
Forumda təxminən 40-a yaxın dövlətdən 140-a yaxın təmsilçi iştirak edəcək. Tədbirdə əsasən sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlər müzakirə olunacaq. "Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar", "Enerji və təbii resurslar", "Sahibkarlıq və insan kapitalı", "Azərbaycanın gələcəyinə baxış" , "Yeni iqtisadiyyata doğru" mövzularında sessiyalar təşkil olunacaq.
Tədbir iştrakçıları Forumun gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün yaxşı imkan yaradacağını deyirlər.
Forum iştirakçısı Anastasiya Kaliqinanın sözlərinə görə, Dünya İqtisadi Forumu regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq: "Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək"
Qeyd edək ki, toplantıda Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Macarıstanın iqtisadi inkişaf naziri Nemet Laslone, Dünya İqtisadi Forumunun İdarəetmə Şurasının rəhbəri və təsisçisi Klaus Şvabanın, eləcə də Albaniyanın, Monqolustanın, Bosniya və Herseqvinanan baş nazirlərinin iştirakı gözlənilir.
Xatırladaq ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə razılıq bu ilin yanvarında prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabla görüşündə əldə edilib.