İTV son bir ildə nə iş görüb? - HESAB VAXTI

6 Aprel 2013 22:16 (UTC+04:00)


İctimai Televiziya və Radio Yayımı Şurası 2012-ci il mart 2013-cü il mart ayı dövründəki bir illik fəaliyyəti barədə hesabat verib. AzNews.az həmin hesabatın tam mətnini təqdim edir:

"Azərbaycanda İctimai Televiziyanın bir sosial sifariş kimi meydana gəlməsi və Azərbaycan dövlətinin iradəsi ilə formalaşaraq bu tip telekanalların tipoloji istiqaməti ilə fəaliyyət göstərməsi ölkənin demokratik yöndə inkişafının, demokratik dəyərlərə yiyələnməsinin daha bir göstəricisi kimi qiymətləndirilməlidir.
İctimai teleradio öz fəaliyyəti ilə, ictimai yayım mediasının Qərb standartlarını yaradıcı şəkildə tətbiq etməsilə Azərbaycan tamaşaçısının rəğbətini qazanmış, ölkədə və eləcə də beynəlxaq aləmdə öz imicini formalaşdırmışdır. Bu teleradio bir çox yaradıcılıq istiqamətində ən nüfuzlu beynəlxaq demokratiya institutlarının, beynəlxaq ekspertlərin, Azərbaycan cəmiyyətinin tələbləri səviyyəsindən çıxış edir. Yarandığı çağdan çox tez formalaşan və ictimai yayım prinsiplərini tezliklə mənimsəyən bu teleradionun əsas funksiyası maarifçilik xarakterində olmuş və özünün bir sıra diskusiya xarakterli proqramları ilə cəmiyyəti narahat edən, ictimai maraq doğuran problemləri ictimai müzakirə obyektinə çevirmişdir. Telekanal Azərbaycan dövlətçiliyi və milli maraqlar istiqamətindən çıxış edərək demokratik dəyərlərin tam formalaşması işində mühüm rol oynamaqdadır.
İctimai teleradio artıq xeyli vaxtdır ki, özünün istər texniki, istərsə də peşəkarlıq səviyyəsi ilə formalaşma dövrünü başa vurmuş və bu gün geniş tamaşaçı, dinləyici auditoriyasına malik olan bir teleradio kanalı kimi təkcə Azərbaycanda deyil, bütöv türk dünyasında özünə layiqli yer tutmuşdur. Azərbaycanın İctimai teleradiosu bu tip teleradionun beynəlxalq nümunələrinin təcrübəsinə söykənərək mükəmməl tipoloji xarakterə malik bir qurumdur. Bu teleradio Azərbaycanda cəmiyyətin bütün təbəqələrinə, bütün ictimai, siyasi qüvvələrə eyni prinsiplərlə yanaşmaq, onların heç birinə ayrı-seçkilik qoymamaq, dəqiq, qərəzsiz, vicdanlı informasiya təqdim etmək, xalqın milli-mənəvi dəyərlərini qorumaq və onları zənginləşdirməklə tamaşaçı və dinləyicilərin hörmətini qazanmışdır. Teleradionun əsas funksiyası dövlətçiliyin inkişafına, demokratik dəyərlərin formalaşmasına, plüralizmin təmin olunmasına, cəmiyyəti maraqlandıran, narahat edən problemlərin müzakirə, polemika müstəvisində ictimai həllinə kömək etməyə yönəlmiş bir informasiya vasitəsi kimi fomalaşmışdır. Bu teleradionun ali idarə orqanı kimi, ictimai nəzarət funksiyasını yerinə yetirən Yayım Şurası, qurumun özünə aid qanuna və əlaqəli qanunlara əməl etməsi yolunda fəaliyyət göstərmiş və teleradionun proqram siyasətinin dəqiqləşməsinə öz tövsiyələri ilə xeyli kömək etmişdir.
Ölkədə demokratik dəyərlərin formalaşması, plüralizmin, ictimai müzakirələrin genişlənməsi, dövlətçiliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi və s. kimi prinsipləri özündə daşıyan İctimai teleradio artıq öz fəaliyyətinin 8-ci ilini yaşamaqdadır. Bu teleradionun təşkili, fəaliyyəti, peşəkarlığın artırılması, ictimai rəydə qiymətləndirilməsi işində özünün müsbət rolunu oynamış Yayım Şurasının da fəaliyyətə başlamasının səkkiz ili tamam olur. İctimai teleradio bu qısa müddət ərzində ciddi bir inkişaf prosesi keçirmiş, Azərbaycan xalqının mədəni-mənəvi həyatında hadisəyə çevrilmiş, ölkənin teleradio məkanında, bütövlükdə elektron informasiya vasitələri sistemində özünəməxsus - yəni ictimailik məzmunu kəsb edən bir media qurumu səviyyəsinə çatmışdır. Azərbaycanda İctimai teleradio həm özünün qanunvericilik bazası ilə, həm də hələ fəaliyyətə başlamamış hazırladığı Əsasnaməsi ilə dünya təcrübəsinə istinad etmişdir. Bu təcrübə teleradionun proqram siyasətində özünü göstərməkdədir.
Məlumdur ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan Respublikasının "İctimai Televiziya və Radio yayımları haqqında" Qanunu ilə yaradılmışdır. Bu Qanun teleradionun yayım prinsiplərini müəyyənləşdirməklə yanaşı, Yayım Şurasının fəaliyyət mexanizmini də təsbit etmişdir. İctimai teleradionun bütün istiqamətlərini müəyyənləşdirən Qanun habelə Yayım Şurasının ildə bir dəfə - fəaliyyətinin ildönümündə hesabatını da tələb kimi qoymuşdur. Əslində səkkiz il o qədər də kiçik yaş deyil və bu gün Yayım Şurası təkcə son bir ilin yox, bütövlükdə səkkiz ilin hesabat - xülasəsini də təqdim etməyə meylli ola bilər. Biz həqiqətən də hesabat - xülasə janrından çıxış etsək, deyə bilərik ki, İctimai teleradio bu günə qədərki fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin inamını qazanmış ictimai mahiyyət kəsb edən bir demokratiya institutu səviyyəsinə yüksəlmişdir. İndi bu televiziya özünün milli yaradıcılıq konsepsiyasına malikdir. Bu konsepsiya İctimai teleradionun Avropa anlamında qəbul olunmuş ictimailik mahiyyəti ilə diqqəti cəlb edir. Konsepsiya teleradionun fəaliyyətə başlaması ərəfəsində yaradılmış və onun informasiya siyasətini müəyyənləşdirmişdir. Əlbəttə, İctimai teleradionun ən mühüm fəaliyyət prinsipləri onun haqqında qəbul olunmuş Qanunda öz əksini tapmışdır. Qanun ictimai yayım xidməti qarşısında aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərmək tələbini qoyur: müstəqillik, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü, plüarizm, açıq siyasi maraqlardan uzaqlaşma, milli özünüdərkin inkişaf etdirilməsi, universallıq, rəngarənglik, başqalarından fərqlənmə. Bu prinsiplərin gerçəkləşmə mexanizmi teleradionun Əsasnaməsində də qoyulmuş və bu Əsasnaməyə uyğun fəaliyyət proqramı həyata keçirilməkdədir.
İctimai teleradionun Yayım Şurası qanunun qarşıya qoyduğu bütün tələblə¬rin, xüsusilə, bu prinsiplərin necə gerçəkləşdiyinə nəzarət mexanizmi rolunu oynayır. Yayım Şurası Azərbaycan cəmiyyətinə bəyan edir ki, İctimai teleradio özünün yayım siyasətində tamamilə müstəqildir və yalnız bu prinsipdən çıxış edir. İctimai teleradionun informasiyalarının tərəfsiz, qərəzsiz və dəqiq olduğu cəmiyyətin gözü qarşısındadır. Hələlik dövlətin - büdcəsindən maliyyələşən bu teleradio üçün reklam bazarında rəqabət başlıca prinsip deyil və ona görə də onun informasiyalarında sensasiya, qeyri-dəqiqlik, hay-küy xarakteri yoxdur. Digər bir prinsip, plüralizm - müxtəlif fikirliliyin təmin edilməsi İctimai teleradionun əməl etdiyi mühüm atributlar sırasındadır. Xəbərlər proqramının mahiyyətində ən müxtəlif siyasi, ictimai qüvvələrin, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı vətəndaşların ictimai tədbiri, ictimai sözü xüsusi çəkiyə malikdir. Bu teleradionun çeşidli proqram formatlarında ən müxtəlif fikirlərin daşıyıcıları öz sözünü deməkdədir. Ayrı-ayrı mövzuların müzakirəsinə dəvət edilən ekspertlər, auditoriya seçimində teleradio tam demokratik prinsiplərə söykənir, cəmiyyətin çox müxtəlif təbəqələrinin efirdə təmsil olunmasına maksimum şərait yaradır. Bunun sübutu üçün "Çarpaz baxış", "Diqqət mərkəzində", "Ortaq məxrəc", "Açıq dərs", "Aktual" tipli proqramları izləmək və dinləmək kifayət edər. Bu analitik proqramlar cəmiyyəti narahat edən ən müxtəlif problemləri ictimai müzakirə müstəvisinə çıxarmaqdadır.
İctimai teleradio yayımları haqqında Qanun bu teleradiodan siyasi maraqlar¬dan uzaq durmağı tələb edir. Əlbəttə, İctimai teleradiodan bir media qurumu kimi tipoloji xarakterini və qanunun siyasi maraqlardan uzaq olma tələbini nəzərə alma¬yan bəzi qüvvələr bu qurumun siyasiləşməsini, yumşaq desək, arzulamaqla qanunun tələblərinin pozulacaq ehtimalını nəzərə almaq istəmirlər. Lakin Yayım Şurasının əsas vəzifələrindən biri də bu qurumun siyasi maraqlardan uzaq olmasına nəzarətdən ibarətdir və Şura bu məsələyə nəzarətində dönməz olaraq qalır. Yayım Şurası İctimai teleradionun tipoloji xarakterindən çıxış edərək, əsas diqqəti plüralizmi təmin etməyə yönəldir, teleradionun siyasətlə məşğul olmasına deyil, siyasəti, xüsusilə siyasi plüralizmi ifadə etməsinə təminat verir və bu istiqamətdəki fəaliyyətini diqqətdə saxlayır. İctimai teleradionun hesabata daxil etdiyimiz son ildəki fəaliyyətində - müxtəlif proqramlar çərçivəsində ölkənin və müxtəlif siyasi partiya nümayəndələrinin müntəzəm çıxışları belə bir vəzifənin gerçəkləşməsi yolunda mühüm tədbirlər kimi qiymətləndirilə bilər.
Əlbəttə, teleradionun müzakirə, diskussiya, polemika tipli analitik proqramlarında ictimai maraq kəsb edən ciddi siyasi məsələlər vaxtaşırı efirə çıxarılır. Lakin Yayım Şurası xüsusi diqqətlə izlədiyi belə proqramlarda televiziyanın özünün və proqram aparıcısının siyasətə qarışmamasını, siyasi mövqe göstərməməsini xüsusi nəzarətdə saxlayır.
İctimai teleradio qanunun ictimai yayım proqramları qarşısında qoyduğu tələblər istiqamətində fəaliyyət göstərir. Yayım Şurası öz fəaliyyətində qanunun bu tələblərinə necə əməl edilməsinə xüsusi diqqət yetirir. Qanun tələb edir ki, ictimai yayımçı ictimai teleradionun proqramlarını hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə almalıdır. Müxtəlif proqram formatlarındakı müzakirələrdə cəmiyyətin çeşidli nümayəndə¬lərinin müntəzəm iştirakı İctimai teleradionun yaradıcılığında xüsusi yer tutur. Yayım Şurası plüralizmin bu qurumda necə əks olunmasının müntəzəm monitorinqini keçirir və yeri gəldikcə öz qeydlərini yaradıcı kollektivin nəzərinə çatdırır.
Hesabat dövründə bu mövzu ətrafında xüsusi monitorinq keçirilmiş və mütəxəssislərin, ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə məsələni öz iclasında müzakirə etmişdir.
Azərbaycanda fəaliyyət göstərən müxtəlif monitorinq qruplarının İTRYŞ proqramları barədə rəy və təkliflərinin, ədəbi-bədii tənqidin fikirlərinin Yayım Şurasının fəaliyyətinə xüsusi köməyini qeyd etməklə onu da deyə bilərik ki, Şuranın iş planına əsasən, ilboyu cəmiyyətin müxtəlif təbəqələrindən, xüsusilə teleradionun peşəkarlığı, qanunvericilik, etik normalar üzrə mütəxəssisləri müzakirələrə dəvət edir, onların İctimai teleradionun müəyyən zaman kəsiyindəki proqramları barədə məruzələrini dinləyib, müzakirə edirik.
Qeyd edək ki, bu tədbirlərin hamısı planla həyata keçirilir. Şura üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə hazırlanmış "Yayım Şurasının 2012-ci il üçün iş planına" uyğun olaraq ötən illərdəki kimi İTRYŞ-nın illik büdcə xərcləri, bununla bağlı Baş direktorun hesabatı, informasiyanın təqdimatı prinsiplərinin monitorinqi, teleradioda milli özünü dərkin inkişaf etdirilməsi prinsiplərinin monitorinqi, Radio proqramlarının peşəkarlığı, Elm və Təhsil departamentinin fəaliyyəti, teleradioda ədəbi-bədii proqram siyasəti, "Aktual" proqramının müzakirəsi kimi məsələlərə Şura xüsusi diqqət yetirmişdir.
İctimai Teleradio yayımları haqqında qanun proqramların qarşısında milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirmək tələbini qoymuşdur. Teleradio qanunun bu tələbini bacarıqla həyata keçirməkdədir. Televiziyanın "Səhər sovqatı", "Muğam albomu", "Qadın dünyası", "Bir mahnının tarixçəsi", "Ötən əsrin nəğmələri", "Aləm-ailəm", "Üçbucaq", "Addım-addım" və s. onlarca proqramları bu məqsədə xidmət edir. "Səhər sovqatı" proqramında daha çox cəmiyyətə söz deyə bilən,demokratik fikirli ictimai, yaradıcı ziyalılara yer verilir.Yayım Şurası bu proqrama yaradıcı şəxsiyyətlərin dəvəti ilə bağlı, bəzi istisnalar olmaqla, siçimi yüksək qiymətləndirir. Bu sırada müstəqil düşüncə tərzi və şairlik keyfiyyətləri ilə seçilən Ramiz Rövşən, Salam Sarvan, Aqil Abbas, Baba Vəziroğlu, Vahid Əziz, Rəşad Məcid, Yaşar Əliyev, Nəriman Həsənzadə və başqalarını göstərmək olar. Bu adamların qonaq olması milli-maarifçiliyin həyata keçirilməsinə çox kömək etmişdir.
Proqram bölgələrdəki yaradıcı ziyalılara, azsaylı xalqların nümayəndələrinə xüsusi diqqət yetirir.
Milli-mənəvi dəyərlər sisteminə İctimai teleradionun baxışı son dərəcə səmərəlidir və geniş tamaşaçı auditoriyasının mübahisəsiz məhəbbətini qazanmışdır.
Azərbaycan İctimai teleradiosu yarandığı gündən xalqımızın milli mədəniy¬yətini beynəlxalq arenaya çıxarmaq üçün qurumun beynəlxalq əlaqələrinə xüsusi diqqət yetirir. Yayım Şurasının tövsiyyələrini də nəzərə alan belə əlaqələr sırasında hər il olduğu kimi Cənubi Koreya, Macarıstan, Gürcüstan, Latviya, Ukrayna, Moldova kimi ölkələrin ictimai teleradio qurumları ilə ikitərəfli əlaqələr öz səmə¬rəsini verməkdədir. Avropa Yayım Birliyinə üzv seçilmiş İctimai teleradio Azərbaycan mədəniyyətinin təbliğində bu imkandan yararlanmaqdadır.
İctimai televiziyanın "Evrovision" mahnı müsabiqəsində təmsil olunması və burada qazandığı uğurlar da Azərbaycan mədəniyyə¬tinin beynəlxalq miqyasda tanınması kimi qəbul olunmalıdır. 2011-ci ilin "Eurovision" mahnı yarışmasına Azərbaycan təmsilçilərinin hazırlanması prosesi İTRYŞ-da aparılmışdır. Azərbaycan tamaşaçısı "Eurovision" təmsilçilərinin milli seçim turunda İctimai teleradionun obyektivliyi necə qoruduğunu, necə maraqlı nəticələr əldə etdiyini yaxşı xatırlayır. Bu obyektivliyin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan 2011-ci ilin "Eurovision" yarışmasının qalibi oldu və bu qalibiyyət 2012-ci ilin mahnı müsabiqəsində Azərbaycana ev sahibliyi etmək imkanı qazandırdı. Azərbaycanın 2012-ci il müsabiqəsinə yeni namizədlər seçməsi prosesində də İctimai teleradio öz sözünü dedi və yenə də qalibiyyət şansı gözlənilən seçimi ilə diqqəti cəlb etdi.
İctimai teleradionun Azərbaycanın regionlarında mükəmməl qurulmuş müxbir postları vardır. Bəzi xarici ölkələrdə də belə postlar yaradılmaqdadır. Qeyd etmək istərdik ki, qloballaşan dünyada beynəxalq informasiya axını prosesi gedir və bu prosesdə yaxından iştirak etmək üçün İTV-nin Orta Asiya, Avropa və digər regionlarda müxbir məntəqələri yaradılması məqsəduyğun olardı. Teleradionun xarici müxbir postlarının azlığı bir tərəfdən maliyyə problemi ilə bağlıdırsa, digər tərəfdən Şirkətin bu sahədə təşəbbüslərinin zəifliyi ilə izah oluna bilər.
İctimai teleradionun mahiyyətini təşkil edən maarifçilik funksiyası bu qu¬rumda həm birbaşa, həm də müxtəlif yaradıcılıq üslubunda həyata keçirilir. "Açıq dərs", "Sağlam ol", "Din və cəmiyyət", "Eskulap", "Məktəb gündəliyi", "Azərbaycan təbiəti", "Ortaq məxrəc" kimi proqram formatları birbaşa maarifçilik funksiyası daşıyır. "Açıq dərs" öz kameralarını bu il də birbaşa yayımla orta məktəblərdə canlı dərsin transliyasiyasına yönəltməklə analoqu olmayan bir telelayihə gerçəkləşdirmişdir. Ölkədə orta məktəbin problemlərini qaldıran belə "Açıq dərs"lər tez-tez efirə çıxır. "Açıq dərs" müxtəlif orta məktəblərdən müəllimlərin açıq dərslərini yayımlamış və bu dərslərin ictimai müzakirəsini keçirmişdir. Bu proqram hətta, Almaniyadan- Berlindən canlı yayımla efirə çıxmış, təhsilin Avropa modelinə diqqət yönəltmişdir.
İctimai teleradio Azərbayjanın milli maraqlarını daim diqqətdə saxlayan media qurumudur. Yayım Şurası da bu fikirdədir ki, milli maraqlar hər şeydən ön¬cə¬dir. Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın ölkəmizə təcavüzü və bu təca¬vüzdən doğan faciələr teleradionun daimi gündəmindədir. 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart hadisələri müstəqil ekspertlərin və tarixçilərin iştirakı ilə bütün ilboyu müzakirə mövzusu olaraq qalır. Cəsarətlə deyərdik ki, Azərbaycan dövlətinin Xocalı soyqırımının dünyada tanıdılması kimi ümummilli fəaliyyətində ictimai teleradio bu il də çox böyük fəaliyyət göstərmişdir. İctimai Radionun Azərbaycana erməni təcavüzünün tarixi-xronoloji mərhələlərini əks etdirən əsərlərin oxunuşu prosesi ilə geniş dinləyici üçün maarifçilik işi görməkdədir. Televiziyanın Analitik Proqramlar departamenti bu mövzuları ən müxtəlif formatlarda və ciddi milli maraqlar zəminində gündəmə gətirir. Belə hadisələrlə bağlı proqram formaları dünyanın aparıcı dillərində efirə verilir. Yayım Şurası ictimai yayımçının bu tipli proqram strategiyasını bəyənir və təsdiq edir. Yayım Şurası belə problemlərlə bağlı proqramları daim diqqətdə saxlayır. Ayrı-ayrı analitik proqramların bu sahədəki fəaliyyəti manitorinq edilmiş və Şuranın 2012-ci il 3 mart tarixli iclasında müzakirə edilmişdir.
Yayım Şurası ilboyu bir sıra proqramların, o cümlədən, "Carçı" xəbərlər proq¬ramının, "Yeni gün", "Açıq dərs", və s. verilişlərin moni-torinqini aparmış, proqramın müsbət cəhətlərini və qeydlərini Baş direk-torun nəzərinə çatdırmışdır.
Məlumdur ki, Azərbaycanın elə milli maraqları da var ki, bu maraqları heç nəyə qurban vermək olmaz. İtrilmiş torpaqlarımız uğrunda mübarizə, Ermənistanın təcavüzkar xislətinin dünyaya çatırılması, Azərbaycanın beynəxalq nüfuzunun möhkəmləndirilməsi və.s. kimi tematika heç bir kənar diqtə, heç bir kənar güzəşt şərtləri qəbul etmir. Xüsusilə Ermənistanın və onun müxtəlif ölkələrdəki daspora təşkilatlarının qızışdığı indiki çağda İctimai teleradio milli maraqların qorunmasına ciddi diqqət yetirməkdədir.
Bu vəzifələr sırasında Ermənistanın Türkiyəyə qarşı zaman-zaman qaldırdığı soyqırım iddiaları və bu iddialara ayrı-ayrı dövlətlərin xoşagəlməz reaksiyalarına İctimai teleradionun informasiya siyasəti önəmli rol oynayır. Azərbaycan xalqına qarşı Ermənistanın ən azı Xocalı qətliamı ilə apardığı soyqırım siyasətinin ifşası və beynəlxalq ictimaiyyətə çatdırılması çox böyük miqyasla, maraqlı yaradıcılıq peşəkarlığı ilə həyata keçirilir. Yayım Şurası İctimai teleradionun bu tematika üzrə təkcə Xocalı soyqırımını necə işıqlandırılmasını manitorinq etmiş və müəyyən nəticələrə gəlmişdir. Əlbəttə, əsas nəticə ondan ibarət olmuşdur ki, İctimai teleradio bəzi mediya orqanları kimi problemə mövsümi istiqamətdən yanaşmır. Bu teleradio xalqın, millətin taleyüklü problemlərini hər gün, hər saat gündəmdə saxlayır.
Xocalı soyqırımı ilə bağlı tematika ətrafında fəaliyyətin bütün dövründə maraqlı məsələlər qaldıran İctimai teleradio bu soyqırımla bağlı fevralın 26-da keçirilən ümumxalq yürüşü ərəfəsində, həmin gün və ondan sonrakı vaxtdan bu günədək bu məsələnin işıqlandırılmasında böyük yaradıcılıq işi görmüşdür. Bu problemin işıqlandırılması üçün çox müxtəlif tele-formatlar və tele-janrlara müraciət edilmişdir. Bu yaradıcılıq axtarışlarında və problemin təqdimatında teleradio ciddi peşəkarlıq göstərmiş və göstərməkdədir. Əlbəttə, hər bir telekanalın xüsusilə İctimai teleradionun yaradıcılıq simasını müəyyən edən əsas faktorlardan biri onun xəbərlər proqramı və bundan doğan törəmə verilişlərdir. İctimai Teleradionun istər televiziya xəbərləri, istərsə də radio xəbərləri bu istiqamətdə cəmiyyəti, tamaşaçı və dinləyicini razı salan ciddi işlər görmüşdür. "Carçı" telexəbər proqramı ilə radio xəbərlərinin bir departamentdə birləşməsi təcrübəsi belə bir müsbət nəticəyə gətirib çıxartdı ki, proqramların hər ikisi xəbərin prioritet xarakteri, ictimai maraq prinsipi və təqdimetmə, yanaşma formatlarında bir-birinə dəstək oldu, ortaya maraqlı peşəkarlıq mövqeyi qoydu, xüsusilə "Carçı" xəbərlər proqramının reportyorları həm ölkə daxilində, həm də xarici müxbir postlarında yaxşı işlədilər. Sujetlərdə hadisələr qiymət verən ekspert seçinindən tutmuş xəbərin tərəfsiz, qərəzsiz və dəqiq ifadəsinə qədər hər şeydə pəşəkarlıq önə çəkilir. Xocalı soqırımı iə bağlı ümumxalq yürüşündən reportajlar, ayrı-ayrı məkanlarda baş verən hadisələrin operariv təqdimi bizi çox razı salır. Bəzi xıra qüsurları nəzərə almasaq - məsələn, ayrı-ayrı rayonlardan Xocalı soyqırımı ilə əlaqədar tədbirlərin statistikaya bənzər təqdimi və s. bütövlükdə "Carçı" proqramı bu nəhəng işin öhtəsindən ləyaqətlə gəldi və bu gün də mövzunu gündəmdə saxlamaqdadır.
Teleradionun fəaliyyətinin "Yeni gün" səhər proqramı ilə başladığını nəzərə alsaq biz də təhlilərimizə elə bu proqramdan başlamaq istərdik. Aydındır ki, televizyanın səhər proqramının öz tematikası, öz prinsipləri var. Lakin İctimai teleradionun səhər proqramları da daimi olaraq milli maraqlara yönəlir və bu proqramın özəlliyi ondadır ki, heç bir televiziya kanalına bənzəmir, şit, bayağı şoulardan uzaqdır. Milli özünüdərkə və milli-mənəvi dəyərlərin qorunmasına, zənginləşməsinə xidmət göstərir. 2012-ci ilin Novruz bayramı ərəfəsində və bayram günlərində bu proqramın fəaliyyəti diqqətəlayiq oldu.
"Xocalı soyqırımı" mövzusu "Yeni gün" proqramının da gündəliyində oldu və olmaqdadır. Əslində bu proqramın "TRT-Avaz"la dünyaya çıxan verilişləri ayrıca bir telekanalın görə biləcəyi işdir. Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrə bu proqram əyani bir cavabdır. Çox təəssüf ki, bəzi problemlərə görə bu layihə hələlik öz fəaliyyətini dayandırmışdır. Lakin İTV müxtəlif ölkələrin telekanalları ilə telekörpüləri müntəzəm olaraq davam etdirir.
Teleradio özünün "Aktual", "Qarabağ: real tarix", "Diqqət mərkəzində" kimi analitik proqramları ilə Qarabağ problemini gündəlikdə saxlamaqdadır. 2012-2013-cü il dövründə Türkiyə, Orta Asiya ölkələri ilə bağlanan "Xocalı" telekörpüsü bu faciənin dünyaya tanıdılmasında xeyli iş görmüşdür.
Qeyd edək ki, bütün telekanallar kimi İctimai Televiziya da əylənjə funksiyasına diqqət yeti¬rir. Lakin digər telekanallardan fərqli olaraq bu televiziyada əyləncə proq¬ram¬ları tamaşaçının dərketmə prosesinə, yeni biliklər əldə etməsinə şərait yaradır. "Virtual rinq", "Xəmsə" və.s. kimi proqramlar tamaşaçını həm əyləndirir, həm də bilgiləndirir. İctimai teleradionun əyləncə funksiyasına bu tərzdə yanaşmasını Yayım Şurası xüsusi razılıqla qarşılayır.
Gənclərin, yeniyetmələrin və uşaqların maariflənməsi, əylənməsi üçün yaradılan proqram layihələri teleradionun setkasında müntəzəm yer tutur.
İctimai teleradionun büdjəsi o qədər də böyük deyil. Lakin bu da onun yeni layihələrinin gerçəkləşməsinə mane ola bilmir. Yayım Şurasının xüsusi qərarı ilə İcti¬mai teleradio daxili maliyyə resursları (reklam gəlirləri) hesabına yüksək peşə¬karlıq nümayiş etdirən əməkdaşların mükafatlandırılması, onların istirahətlərinin təşkil olunması problemlərini həll edir.
İctimai teleradionun texniki imkanları genişlənmiş, yerləşdiyi binanın təmir-tikinti işləri əsasən başa çatdırılmış, yeni studiyalar istifadəyə verilmişdir. İndiyə qə¬dər alınan texniki avadanlıqlar, aparılan təmir işləri ictimai teleradionun maneəsiz funksional fəaliyyətinə şərait yaradır.
Lakin Yayım Şurası yenə də belə bir cəhətə də diqqəti yönəldir ki, teleradionun artıq köhnəlməkdə olan avadanlıqları xeyli əlavə xərc tələb edir və bunun üçün əlavə vəsait tələb olunur. Məsələ Yayım Şurasının 7 yanvar 2013-cü il tarixli iclasında müzakirə olunmuş və tədbirlər görülməsi qərara alınmışdır.
İctimai teleradionun yeni köməkçi binası tamamilə təmir edilmiş, burada əlavə bir neçə müasir tipli studiya yaradılmışdır. Bu studiyaların bir çoxu artıq istifadədir. Təmir olunmuş yeni binada əməkdaşların istirahəti, idmanla məşğul olması, televiziyaya gələn qonaqların qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Teleradionun həyətində inşa edilməkdə olan avtomobil qarajı əməkdaşların və qonaqların istifadəsinə veriləcək.
Yayım Şurası öz səlahiyyət və vəzifələrini müntəzəm olaraq yerinə yetirməkdədir. Şura özünün vaxtaşırı iclaslarında teleradionun büdcə xərcləri istiqamətlərini müzakirədən keçirib təsdiq etmiş, bir sıra proqramların monitorinqinin nəticələrini müzakirə etmiş, Baş direktorun ayrı-ayrılıqda maliyyə və yaradıcılıq hesabatlarını dinləmiş, struktur dəyişiklikləri ilə bağlı təklifləri nəzərdən keçirmiş və qərarlar qəbul etmişdir.
Məlumdur ki, hər bir televiziyanın fəaliyyətində müxtəlif tipoloji filmlər önəmli yer tutur. "İctimai Televiziya və Radio Yayımı haqqında" AR Qanunda xüsusi olaraq göstərilir ki, "Yeni və orijinal teleradio məhsullarının yaradılmasına, bədii fılmlərin, serialların... efırə verilməsinə diqqət ayrılmalıdır". İTV rəhbərliyi bunu əsas tutaraq 2008-ci ildən "Carçıfilm" studiyası yaratmışdır. Bu studiya xeyli vaxtdır ki, öz məhsullarını tamaşaçıya təqdim etməkdədir. Studiya bu günə kimi çoxlu sayda sənədli və bədii filmlər istehsal etmişdir. Lakin bununla belə, Yayım Şurası diqqəti bu filmlərin sayına deyil, keyfiyyətinə, sənətkarlığına yönəltməyi tövsiyə edir.
Qanunda habelə vurğulanır ki, "dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır". İTV rəhbərliyi bunu əsas tutaraq televiziyada dublyaj studiyası yaratmışdır və bu studiya səmərəli fəaliyyət göstərməkdədir. Lakin çox təəssüf ki, ötən ilki hesabatlarımızda da dediyimiz kimi, İctimai teleradionun büdcəsi "dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli, cizgi filmlərinin" alınmasına imkan vermir. Yayım Şurası İctimai teleradio haqqında AR Qanununun bu tələbini bir daha əlaqədar təşkilatların nəzərinə çatdırmağı vacib sayır. Hesabatda həm də ictimai radionun fəaliyyətinə yönəltmək istərdik. Radionun son bir ildə fəaliyyətə başlayan "Xəbərdar", "Folklor", "Qarabağın tarixi – tədqiqatlar, araşdırmalar", "Azərbaycan tarixindən səhifələr", "Qorqud Ata", TRT-nin "Türkiyənin səsi" radiosu ilə ortaq yayım, "Bakı-Təbriz" radiokörpü, "Həmsöhbət", "Valideyn klubu" tipli verilişlər dinləyicilərin rəğbətini qazanmışdır.
İctimai radionun "Xəbər vaxtı" informasiya proqramı gün ərzində hər saat başı ölkəmizdə və dünyada baş verən hadisələri isti-isti dinləyicilərə çatırır.
İctimai teleradionun yaradıcı əməkdaşlarının peşəkarlığının yüksəl-dilməsi əsas vəzifələrdən biridir. Yayım Şurası razılıqla qeyd edir ki, vaxtaşırı olaraq dünyanın ən mükəmməl icimai kanalı olan BBC-nin əməkdaşları İctimai teleradionun jurnalistləri üçün treninqlər təşkil etmişlər. 2010-cu ildə bağlanmış xüsusi müqavilə əsasında İctimai teleradionun əməkdaşları Türkiyənin TRT kanalında müntəzəm treninqlər keçirlər. Tədbir bu hesabat ilində də davam etmişdir.
Yayım Şurası İctimai teleradionun təşkilat məsələlərini daim gündəmdə saxlayır. Şuranın iclaslarında müntəzəm olaraq yeni proqram formatlarının, yeni proqram xidmətlərinin yaradılması barədə müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir.
Şura, hər il olduğu kimi, 2013-cü il üçün də teleradionun büdcə xərclərinin istiqamətlərini vaxtında müəyyənləşdirmiş və təsdiq etmişdir.

Qeyd etdiyimiz kimi, Baş direktor Yayım Şurasının iclaslarında daim iştirak edir və Şuranın gündəliyində qaldırılan məsələlərlə əlaqədar müzakirələrdə öz sözünü deyir, iclasın qərarlarını Direktorlar Şurasına çatdırır. Yayım Şurası, bir qayda olaraq, müzakirə olunan məsələlərlə bağlı Şirkətin məsul işçilərini öz iclaslarına dəvət edir və bununla problemə aydınlıq gətirməyə nail olur.
Baş direktor 2012-ci il hesabatında da Şirkətdə aparılan quruculuq işlərindən tutmuş yaradıcılıq məsələlərinədək hər bir sahədə görülən işləri diqqətə çatdırmış, Şirkətin maliyyə, kadr, yeni proqramlar yaratmaq, məsrəflərin istiqamətləri və.s. barədə Şuraya məlumat vermişdir. Şura hesabat ətrafında qərar qəbul etmişdir.
Yayım Şurası İctimai teleradio şirkətinin Baş direktoru İ.Ömərovun bu teleradionun fəaliyyət mahiyyətini doğru qurduğunu və onun ictimailik prinsipini daim diqqətdə saxladığını bir daha nəzərə çatdırmağı vacib sayır.

İ.Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin çox tez bir zaman kəsiyində qurulması və fəaliyyətə başlamasını təmin etmiş, şirkətin ətrafında işgüzar, peşəkar, vətənpərvər jurnalist kollektivi formalaşdırmış, teleradionun ictimai xarakterinin, proqram strategiyasının qurulması işinə rəhbərlik etmiş, çox ciddi yaradıcılıq atmosferinin yaradılmasına nail olmuşdur. Onun kollektivə rəhbərlik prinsipi Yayım Şurasının tələblərinə tamamilə cavab verir. Teleradionun beynəlxalq əlaqələri, yeni layihələrin gerçəkləşməsi, peşəkarlığın təmin olunması kimi faktlar İ.Ömərovun şəxsi qabiliyyətinin, peşəkarlığının məntiqi nəticəsidir. Təsadüfi deyil ki, peşəkar fəaliyyətinə görə İ.Ömərov bir çox beynəlxalq yaradıcılıq və elmi təşkilatın üzvü seçilmiş, müxtəlif mükafatlarla təltif edilmişdir.
İ. Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru kimi öz yaradıcılıq, peşəkarlıq göstəriciləri ilə nəinki Azərbaycan cəmiyyətində, habelə beynəlxalq aləmdə geniş nüfuza malikdir. O, indiyə qədər beynəlxalq demokratik təsisatların bir neçə mükafatına layiq görülüb.

Yayım Şurası xüsusi qeyd edir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində jurnalistikanı, televiziya və radionun spesifikasını yaxşı mənimsəmiş rejissor, prodüsser, reportyor nəsli yetişmişdir. Bu nəsil, demək olar ki, peşəkarlıq məktəbini məhz bu qurumda keçmişdir. İTV-nin Gürcüstan müxbirinin bu ölkənin "Şərəf nişanı" ordeni ilə, digər reportyorların çox müxtəlif mükafatlarla təltif olunması bu qurumun jurnalist peşəkalığının göstəricilərindən biridir. Yayım Şurası İTRYŞ rəhbərliyinin bu sahədə fəaliyyətini də müsbət qiymətləndirir.
Yayım Şurasının iş prinsipləri müxtəlif üsullarla və müxtəlif tərzdə həyata keçirilir. Şura üzvləri əlbəttə, əsas nöqsan və iradları vaxtaşırı keçirilən iclaslarda müzakirə edir, rəhbərliyin diqqətinə çatdırır. Lakin teleradionun fəaliyyətini müntəzəm izləyən Şura üzvləri proqram efirə gedəndən dərhal sonra da öz irad və təkliflərini ictimaiyyətin nümayəndələri kimi rəhbərliyin nəzərinə çatdırırlar. Şəhərin sosial həyatına diqqəti artırmaq, xəbərlərin coğrafiyasını genişləndirmək, prioritet xəbərin analitik təhlilinə diqqət etmək, siyasi partiyalardan informasiyada balans prinsipinə ciddi əməl etmək, müzakirələrdə tənqidi ruhu gücləndirmək, Azərbaycan ədəbiyyatının, xüsusilə klassik irsin təbliğini genişləndirmək, regionların sosial həyatını diqqətdə saxlamaq... və.s. kimi məsələlərlə bağlı ictimai rəylər teleradionun rəhbərliyinə çatdırılır.

Məlumdur ki, Yayım Şurasının üzvləri, bir qayda olaraq, heç bir dövlət işində (elmi-pedoqoji fəaliyyət istisna olmaqla) işləmir. Onların hamısı ictimai təşkilatlarda çalışırlar. Şura üzvləri İctimai teleradioya maaşsız, təmənnasız xidmət göstərirlər.
Şuranın işində Azərbaycan ictimai fikrində obyektiv sözü olan ziyalı kimi qəbul etdiyimiz professor Ağacan Əbiyev, peşəkar radiojurnalist Altay Zahidov, Aqil Dadaşov, iqtisadi məsələlərə yaxşı bələd olan Namiq Məmmədov, islam dəyərlərinin daşıyıcısı Hacı Salman Musayev, gənjlərin problemini daima gündəmdə saxlayan Fuad Muradov, AMEA-nın Folklor İnstitunun direktoru Muxtar İmanov kimi azərbaycançılıq, dövlətçilik ideyalarını üstün tutan, demokratik dəyərlərə önəm verən adamlar fəaliyyət göstərir.

Bu ilin mart ayında Yayım Şurasının üzvləri - İdman Federasiyasından Ağacan Əbiyev, Yaradıcılıq təşkilatlarından Altay Zahidov və Dini qurumlardan Salman Musayevin səlahiyyət müddətləri başa çatır. Yayım Şurasının və bütövlükdə İTRYŞ-nin fəaliyyətində çox böyük xidmətləri olmuş həmin üzvlərinsəmərəli işlərini xüsusi qeyd edir və onlara böyük minnətdarlığımızı bildiririk. Ümid edirik ki, həmin adamları əvəz edəcək yeni şəxslər də Yayım Şurasının iş prinsiplərinin qorunub saxlanılmasına öz töhfələrini verəcəklər.
Azərbaycan cəmiyyəti əmin ola bilər ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti bundan sonra da Azərbaycana, azərbaycançılığa, dövlətə, dövlətçiliyə peşəkarcasına cəmiyyətin bütün təbəqələrinin artan zövqünü, artan tələbini ödəməyə xidmət edəcək".


AzNews.az
Yyyyumy