FIFA prezidenti ona ünvanlanan ittihamları rədd etdi

3 Noyabr 2018 16:12 (UTC+04:00)

FIFA qurumun prezidenti Canni İnfantino və baş katib Fatma Samuraya qarşı bir sıra kütləvi informasiya vasitələrində yer alan ittihamlarla bağlı bəyanat yayıb.

Ali futbol qurumu C.İnfantinonun UEFA-nın baş katibi olduğu dövrdə prezident Mişal Platini ilə birgə 2011-2013-cü illərdə İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klublarını maliyyə “fayr-play”ini pozduqlarına görə cəzadan yayınmaqda kömək etmələri barədə iddiaları rədd edib. Bildirlir ki, dərc olunan məlumatlar FIFA-nın yeni rəhbərliyinə inamı sarsıtmaq məqsədi güdür.

“FIFA-da islahatları qətiyyətlə həyata keçiririk. Ona görə də ciddi, xüsusən də əvvəl yer aldıqları sistemdə utanmadan qazanc götürən, indi isə bunu edə bilməyənlərin müqaviməti ilə rastlaşacağımızı öncədən də bilirdim. Ona görə də FIFA-nın prezidenti seçilmişəm və yalnız bütün dünyada futbolun inkişafına və yaxşılaşdırılmasına köklənmişəm”, - C.İnfantino bildirib.

FIFA-dan sonra “Mançester Siti” və PSJ klubları da rəsmi səviyyədə ittihamları rədd ediblər.

Qeyd edək ki, FIFA rəhbəriyinə yönələn ittihamları ilk olaraq Almaniyanın “Spiegel” jurnalı “Football Leaks” onlayın-platformasının məlumatları əsasında dərc edib. (report)

AzNews.az