Xaş yeyib metroya minənlər

5 Noyabr 2018 13:42 (UTC+04:00)

Şərif Ağayar

Əfsanəvi aktyor Haluk Bilginerin yüksək performansı ilə çağdaş tamaşaçını əməlli-başlı ovsunlayan “Şəxsiyyət” serialında maraqlı bir məqam var. Pişik cildinə girib seriya cinayətlər törədən residivist gözlənilmədən ekstrovaqant gənclərin simpatiyasını qazanır və onlar qatilin paltarını trendə çevirərək “Köpək öldürən” kampaniyasına başlayırlar.

Əminəm ki, ssenarisi istedadla yazılmış serialın içindəki bu ricət maraq xatirinə deyildir. İnsanın, xüsusən, gənclərin içində bir qatillik sindromu vardır. Silahı çəkirsən, kimisə vurursan. O, əlini güllə dəyən yerə atıb qışqırır, bükülür, yıxılıb ayaqlarının altına sərilir. Bu vəhşi istəyin içində hakimiyyət əzmi, qələbə ehtirası mürgüləyir. Əks halda, döyüş filmləri heç bir estetik məna daşımaz, insanların zövqünü oxşamazdı.

Aramızda qalsın, ölümün, qurban getmənin çox da faciəvi bir hadisə olmadığını gizli-gizli sezməkdəyəm. Adamlar öldürülməsin, müharibə olmasın “çırt-pırt”larının ciddi sosil-psixoloji əsaslarına şübhə edirəm.

Rus yazıçı Vladimir Sorokinin “Snayperin səhəri” hekayəsinin qəhrəmanı gitara futlyarına oxşayan snayper çamadanını qoltuğuna vurub Rəmiş “Space”nin səhər proqramına gedirmiş kimi evdən çıxır, hündür binalardan birinin çardağına qalxır və küçədə gördüyü istənilən adama atəş açır. Yazıçı kişilərin, qadınların, yaşlıların, gənclərin (uşaqların yox - !) güllə dəyərkən necə yıxıldığını, necə öldüyünü qəribə şeytani şövqlə təsvir edir və bir də onda ayılırsan ki, qatilin tərəfinə keçmisən, həyata onun snayperinin durbinindən baxırsan, güllə boşa çıxanda ürəkdən təəssüflənirsən. Sorokin səni pasifist-pasifist düşüncələrə daldığın yerdə yaxalayıb, içindəki qatili üzə çıxarır, onu heç kimə deyil, sənin özünə göstərir və adamları ittiham edərkən tələsməməyə, yüz ölçüb-bir biçməyə çağırır.

Eləcə də Allahın bəlası Quentin Tarantino filmlərində adamın alnına dəyən gülləni elə çəkir, elə bilirsən, qızılgül açılır. Öz alnı enli olduğu və güllədən ötrü sinov getdiyi üçün bu rolların bəzisinə özü çəkilir. Adamda, heç olmasa, alnım bir nişangaha yarayaydı təvazösü aşılayır. Nəinki vurmaqdan, hətta vurulmaqdan da mazoxistcəsinə zövq alırsan.

Mən Azərbaycanda icazəli tapança satılmadığına cani-dildən sevinənlərdənəm. Satılsa, qətl hadisələri birə-beş artardı. Qatillik an məsələsidir. O nəinki Qabil törəməsi olan insanın fitrətində var, hətta onun yaradıcılıq zonalarında estetik səciyyə daşıyır. Biz də ki, maşallah, şair xalqıq! Bir parta-part düşər ki, gəl görəsən.

Dəfələrlə görmüşəm ki, ağsaqqal bir kişi ağzının suyunu yığa-yığa ətrafdakılara danışır: “Heyif deyildi Hitler! Qatarı saxlayırdı, deyirdi, kim biletsiz minib, düşsün! Tak! Təpəsinə bir güllə! O, Almaniyanı belə-belə Almaniya elədi!”

“Tak!” deyəndə əlini tapança kimi tutur, bir az da silkələyir. Yəni güllə bax, bu an açılır və bilet almayan avaranı cəhənnəmə vasil edir.

Hiss etmişəm ki, ağsaqqalın tapançası olsa, hərləyib-fırlayıb gəlininimi, nəvəsinimi, qonşusunun arvadınımı vuracaq. Ov tüfəngiylə alınmır. Adam ərinir. Dur, tüfəngi aç, qatarı divardan endir, patronu lüləyə sal - uzun işdir! Həm də tüfəng özü uzundur. Əlinə alan kimi dərhal suçluluq kompleksinə girirsən, polis sirenalarının səsi gəlir, canına üşütmə düşür. Tapança başqadır. Tapançanı, nöyzənbillah, Tanrı da görmür.

“Bir güllə ola, qaşqalığına çaxasan!” - əminəm hamımızın içindən bu cümlə keçib. Və elə hər şey də bu cümlədən başlayır - “Şəxsiyyət” serialındakı “Köpək öldürən”lər də, Sorokinin hekayəsi də, Hitlerdən yana-yana danışan milli ağsaqqal da.

“Şəxsiyyət”in gənc qəhrəmanları ən birinci növbələrdə arxadan biədəbcəsinə adama söykənənləri və küçədə bərkdən siqnal verənləri vurmaq istəyir, Sorokin heç bir milli, dini, sinfi və cinsi ayrı-seçkilik salmadan hər kəsi, bizim milli qocamız avtobusa, qatara biletsiz minənləri...

Bəs siz?

Şəxsən mən səhər xaş yeyib metroya minənləri öldürərdim: Tak!

And içirəm, yazımın son nöqtəsini qoyub əlimi tapança kimi tutmuşam.

AzNews.az